Deputat Milli Məclisə çağırış etdi

“Tapqaraqoyunlu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlasın”

"Milli Məclis Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara ayrıca müraciət ünvanlamalıdır. Çünki bu kənd 1988-ci ildən bu yana erməni işğalçılarının hücumlarına məruz qalır, bu kənd insan hüquqlarının tapdalanmasına ən bariz nümunədir". Bu fikirləri millət vəkili Gülçöhrə Məmmədova MM-in elm və təhsil komitəsinin iclasında səsləndirib. Onun qeyd etdiyinə görə, bu kənd cəbhəyanı xətdə yerləşdiyindən demək olar ki, hər gün, hər saat ermənilər tərəfindən hücum təhlükəsi ilə qarşılaşır "Bildiyiniz kimi, mən parlamentdə Goranboy, Ağdam və Tərtər rayonlarını təmsil edirəm. Bu rayonların hər biri də cəbhəyanı rayonlardır. Amma bu rayonların kəndləri içərisində ermənilərdən ən çox əziyyət çəkən, ən çox hücuma məruz qalan kənd Tapqaraqoyunlu kəndidir. 27 ildən çoxdur ki, bu kənd ermənilər qarşısında qəhrəmanlıqla dayanır, onların hücumlarına sinə gərir. Bu illər ərzində bir insan olsun belə, bu kəndi tərk etməyib. Əksinə, hər gün hücumlara məruz qalmasına, hər gün bu istiqamətdə ermənilər tərəfindən atəşkəsin pozulmasına baxmayaraq, bu kənd yaşayır, inkişaf edir. Amma eyni zamanda, görün vəziyyət nə yerdədir ki, insanların ermənilərin hücumlarından qorunması üçün burada böyük və hündür hasar çəkiblər. Ona görə mən elə bilirəm ki, bu kəndin vəziyyətinə ayrılıqda baxmaq, yanaşmaq lazımdır.Bu kənd insan hüquqlarının pozulmasına ən bariz nümnədir. Bu baxımdan, təklif edirəm ki, yaz sessiyasında Milli Məclis ayrıca olaraq bu kəndlə, onun üzləşdiyi ağrı-acılar, faciələr, bəlalarla bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlasın. Bu, çox vacib və əhəmiyyətli bir addım olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00