Dövlət başçısı gənclərin milli ruhda tərbiyəsini prioritet saydı
29 Yanvar 2015 14:03 SiyasətPrezident İlham Əliyev 2014-2018-ci illər, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci ilinin yekunlarına dair keçirilən müşavirədə çıxışı zamanı ölkənin iqtisadi-siyasi durumu, regionda və beynəlxalq aləmdəki nüfuzumuzla yanaşı günümüz üçün aktual olan bir sıra məsələlərə də toxunub öz müvafiq tapşırıq və tövsiyyələrini verdi. Prezidentin çıxışı zamanı söylədiyi fikirlərdə gənclərlə işin aparılması, gənc nəslin milli ruhda tərbiyə olunması kimi vacib nüanslar da vurğulandı. Dövlət başçısı çıxışında bildirdi ki, gənc nəsil milli ruhda tərbiyə almalıdır: "Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Tariximizi, mədəniyyətimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin". Dövlət başçısı bu çıxışı ilə bir tərəfdən gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyini önə çəkirdisə, digər tərəfdən tarixi-mədəni abidələrimizin qorunub saxlanması zəruriliyini qeyd edirdi. Əslində bununla İlham Əliyev gənclərin milli ruhda tərbiyəsinin o qədər də qaneedici səviyyədə olmadığı mesajını verirdi. Düzdür, bu gün Azərbaycan gəncinin böyük bir hissəsi kifayət qədər milli ruhdadır və zəngin tariximizi, mədəniyyətimizi mənimsəyir, onu təbliğ edir. Ancaq müəyyən qrup gənclər də var ki, onlar xarici təsirlər nəticəsində milli ruhdan, dövlətçilikdən uzaq düşür, yad qüvvələrin ruporu rolunu oynayır. Elə Suriya hadisələrinin fonunda bunu görmək mümkündür. Məlum olduğu kimi Azərbaycandan da onlarla gənc şüursuz şəkildə Suriyaya döyüşməyə getmişdi və heç şübhəsiz ki, burada da xarici amillərin təsiri böyük idi. Elə prezident İlham Əliyev də dolayısıyla fikrini bu istiqamətə yönəldirdi ki, bu gün ölkə gəncləri yad təsirlərə düşməmək üçün milli ruhda tərbiyə almalıdır. Çünki bizim Dağlıq Qarabağ kimi problemimiz, erməni işğalı altında olan torpaqlarımız var. Belə bir problemi olan dövlətin gənclərinin Suriya, İraq və bu kimi ölkələrə döyüşə getməsi absurddur.
Prezident İlham Əliyev onu da bildirib ki, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər: "Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin də borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bu gün Azərbaycan müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir".
Prezident İlham Əliyev bu mesajı ilə həmçinin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığı nümunəsini də ortaya qoymuş olub. Bir millətin gələcəyinin onun yetişməkdə olan gənclərindən asılı olduğu prinsipini əsas tutan dövlət başçısı bununla sağlam, vətənpərvər, millətini və dövlətini sevən gənclərin yetişdirilməsi, tərbiyə olunmasını vacib amil hesab edir. Elə dövlət başçısının bir neçə gün əvvəl 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyasını təsdiq etməsi də bunun göstəricisidir. Məlumat üçün qeyd edək ki, dövlət başçısının sözügedən müşavirədə gənclərlə bağlı söylədiyi fikirlər həmin sənəddə də ana xətt kimi götürülüb, bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi qeyd edilib.
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyir ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir: "Dövlətimiz gələcəyimiz üçün xeyirli işlər görür. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir". İctimai Birlik sədrinin sözlərinə görə, Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər görülməyə başlanıb: "Torpaqlarımızın bir qisminin işğal altında olduğu şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki bizlərin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. MirHəsən Seyidov deyib ki, cəmiyyətin aktiv və inkişafda olan hissəsi olan gənclərə daim diqqət və qayğı göstərilməsi vacib amildir: "Çünki cəmiyyətin gələcək inkişafı məhz bu gənclərdən asılıdır. Sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymaq üçün imkanlarının olması zəriridir. Düşünürəm ki, ölkəmizdə gənclər sahəsində kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq".
Süleyman İsmayılbəyli