Arif Hacılının Yusif Sərrac missiyası

Müsavatın durumu ürək ağrıdıcıdır. Partiya qurultay keçirib, yeni başqan seçib, ancaq kimsə "demokratik seçki"dən-zaddan danışmır. Oysa, İsa Qəmbərin istədiyi bu idi. Hamı ondan "gedişi ilə də demokratiyaya xidmət etmiş siyasətçi" kimi danışsın. Nəinki cəmiyyət bundan danışır, əksinə, Müsavatda bir qrup seçkinin demokratik keçmədiyini iddia edir, yeni başqanı qəbul etmir. Yeni seçilmiş başqan Arif Hacılı çətin duruma düşüb. Yazıq, başqanlığın dadını çıxara bilmədi. Sentyabrda seçilib, ancaq hələ başqan kimi yerini rahatlaya bilməyib. İlk baxışda problem Arif Hacılının problemi kimi görünsə də, əslində belə deyil. Başqan postuna İsa Qəmbər seçilsə də, bu problemlər yaşanacaqdı. Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı köhnə idarəetmə metodlarına, köhnə qvardiyaya qarşı savaş açmışdılar. Onların hədəfində İsa Qəmbər özü idi. Ancaq İsa Qəmbər ustalıqla geri çəkildi, Arif Hacılını odun içinə atdı. Baş verən narazılıqlar, etirazların hədəfi Arif Hacılı deyil, köhnəlikdi. Azərbaycan Demokratiya və Rihaf hərəkatını (ADR) quranların məqsədi təkcə Arif Hacılını aşırmaq deyil. Onlar pariyanı köhnələrin əlindən almağa çalışırlar. İndidən görünür ki, ala bilməyəcəklər. Çünki köhnəlik də qan dəyişməsinə getdi. Yorulmuş, usanmış İsa Qəmbər yerinə özündən cavan, enerjili birini qoyub getdi...Əslində getmədi, heç kabinetini də ona vermədi. Sadəcə, dedi: "Sən döyüş, qüvvə itir, ancaq partiya mənim olsun". Bəzi yekəxana, özündən razı bəyanat və davranışlarını nəzərə almasaq bu proseslərdə Arif Hacılının günahı yoxdur. Adam başqanlığa namizədlyini verib. Və İsa Qəmbərin dəstəyi olmadan qalib gəlib. ADR liderindən heç biri, "Gənclər fraksiyası" yaratmaq istəyən Tural Abbaslı da onun qədər səs toplamayıb. Arif Hacılı nə etməli idi? Seçildiyi halda postunu buraxıb getməli idi? Başqan postunu Bu gənc və perspektivlidi" deyib Quvbad İbadoğluna verməli idi? Siyasət tarixində belə hallara təsadüf edilməyib. Arif Hacılı yerində qalmalı və mübarizəsini davam etdirməli idi. Onu da edir. ADR üzvlərinə gəlincə, onlar da düz edir. Partiya obyekt deyil ki, işlədəsən, sonra başqasına verəsən.  İsa Qəmbər qurultaydan qabaq istefa verib getməli, Müsavatın işinə qarışmamalı idi. O nə haqla başqanlıqdan gedəndən sonra kabinetini özündə saxlayır? Kimdi axı? Pariyada lider postu yoxdu. Düzdür, qurultay İsa Qəmbəri 2018-ci ildə prezidentliyə namizəd elan edib, ancaq bu formal xarakter daşıyır, 2018-ci ilə hələ çox var. Partiyanı bu problemlərin içinə İsa Qəmbər salıb. O da məsələni yoluna qoymalıdır. Arif Hacılı Axundovun "Aldanmış kəvakib" əsərindəki Yusif Sərrac missiyasını daşıyır. Ola bilsin, İsa Qəmbər "döngədə atları dəyişərlər" prinsipi ilə ADR-lə savaşda yıpranmış Arif Hacılını daha sözəbaxan, hamının qəbul etdiyi Arzu Səmədbəyli ilə dəyişsin. Gərək əvvəldən Arif Hacılı bu projeyə yox deyəydi. Ancaq artılq gecdir. O da ortaya nə gücü var qoyacaq, müqavimət göstərəcək,  ADR-çilər də  Müsavatdan qopara bildiklərini qoparmağa çalışacaqlar. Ara yerdə itirən İsa Qəmbərin yanlış siyasətinə qurban gedən Müsavat olacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00