Siyasi maraqlar dövlətçilikdən üstündürmü?

Babək və hürrəmiliklə, ondan öncə Şah ismayıl Xətai ilə bağlı müzakirələr maraqlı nüansları üzə çıxardı. Məlum oldu ki, bu ölkədə hamı hərşeyşünas olmaq, bütün mövzularda danışmaq istəyir.  Tarixi mövzuda, tarixi şəxsiyyətlə bağlı müzakirədə peşəkar tarixçidən başqa hamını dinləməyə hazırıq. Yetər ki, adam maraqlı danışsın. Reklam qazanmaq istəyən televiziyalar da onları həvəslə danışdırırlar. Nəticədə maraqlı veriliş alınır, ancaq tariximiz təhrif olunur, gənclərin vətənpərvərlik tərbiyəsinə mənfi təsirlər artır. Televiziyaların suçunu aradan qaldırmaq olar. İctimai təpki başlanır, teleradio qurumuna müraciət olunur, onlar da telekanallara təsir edirlər, bu tipli verilişlər aradan qalxır. Buna qədər milli mənəviyyata mənfi təsir göstərən bir neçə telelayihə bağlanıb. Ancaq milli mənəvi dəyərlərə, tarixi şəxsiyyətlərə qarşı kampaniyanın arxasında siyasi maraqlar olunca işin rəngi dəyişir. Media bolluğunda, sosial şəbəkələrin varlığında bunun qarşısını almaq mümkün olmur. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın aşırı sünni  və Osmanlı təəssübünü arxasında siyasi maraqlaırn olduğu kiməsə sirr deyil. Bu il seçki ilidir, siyasətçiləri lobbi axtarışına çıxması təbii qarşılanmalıdır. Babəki, Şah İsmayılı aşağılayan fikirlərin Türkiyədə hakim siyasi çevrələrin xoşuna gələcəyi aydın məsələdir. Bu günlərdə daha bir sabiq AXCP funksioneri, indi Milli Şuraya rəhbərlik edən Cəmil Həsənli "Azərbaycan tarixi" dərsliyinə "irad tutub". Ancaq iradın nədən ibarət olduğuna nəzər yetirəndə aydın olur ki, onun da siyasi maraqları var. Əvvəla, Cəmil müəllim müasir dövr üzrə elmlər doktorudur. Bəhs etdiyi dövr üzrə mütəxəssis deyil. İkincisi, hansısa regionun, etnik qrupun dəstəyini almaq üçün Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, tarixi təhrif etmək, tarixçilərin zəhmətini heçə endirmək doğru deyil. Diqqətli müşahidəçi burada da  siyasi marağın olduğunu sezməmiş deyil. Bu il seçki ilidir, müxalifət liderinə daha çox səs lazımdır. Ancaq bu səsləri qazanmaq, mandat almaq üçün Azərbaycan dövlətçilik konsepsiyasına zərbə vurmağa dəyərmi? Tarixi şəxsiyyətlər haqqında tənqidlər qadağan oluna bilməz. Bu, demokratik prinsiplər ziddir. Çağdaş dövrümüzün siyasi xadimləri tənqid olunursa, 100 il, 500 il, 1000 il qabaq yaşamış dövlət xadimləri, sərkərdələr nədən tənqid olunmasın? Ancaq tənqidin də əndazəsi olmalıdır. Siyasi maraqlar, gündəmdə qalmaq, ağılllı görsənmək üçün xalqın minillərlə formalaşmış dəyərlərini, adət-ənənələrini, inanc sistemini ələ salmaq, aşağılamaq, sıradan çıxarmaq olmaz. "Babək sapıqdır, hürrəmi hərəkatının Azərbaycana aidiyyəti yoxdur", "Biz Oğuz türküyük, bu ərazilərə 11-ci əsrdə gəlmişik, Babəkin bizə nə dəxli" sözləri Babəkə, hürrəmiliyə vurulan zərbə deyil. Bu, Azərbaycan xalqının inancına, haqq savaşına vurulan zərbədir. Nə qədər ki, işğal var, əsarət var, Babək aktualdır. Öz əlimizlə öz qəhrəmanımızı yadlara niyə verək? "Azərbaycana və Anadoluya 11-ci əsrdə gəlmişik" iddiası birbaşa ermənilərin, etnik şimal separatçılarının əlinə oynamaqdır, onların saqqızını çeynəməkdir. Son 25 ilin elmi araşdırmaları ortaya sanballı faktlar çıxarıb. Bu faktlara görə, Azərbaycan türkləri bölgənin avtoxton xalqıdır və bizim dövlətçilik tariximiz eradan əvvəl 3-cü minilliyə gedib çıxır. Bu araşdırmaları təsadüfi adamlar aparmayıb. Bu, fikir Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Mirəli Seyidov, Firudin Ağasıoğlu kimi nəhənglərin beyninin məhsuludur. Moskvanın diktəsi ilə saxtalaşdırılan Sovet tarixşünaslığı belə Azərbaycanda türklərin məskunlaşması tarixi olaraq eramızın 1-ci əsri götürülürdü. Bunu Ziya Bünyadov yazırdı. Yusif Yusifovu, Firudin Ağasıoğlunu, Ziya Bünyadovu inkar edənlərin ucuz demoqoqlar çox gülməli göründüklərini anlamalı və zərərli işdən uzaq olmalıdırlar.

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00