Ziddiyyətli Müsavat

Məşədi Cəfər

İsa Qəmbər dönəminin nüfuzlu müsavatçılarından biri Hikmət partiyada baş verənlərə münasibət bildirib. Politoloq facebook sosial şəbəkəsində yazıb: "Belə rəzalət görməmişdim, daha sizə sözüm yoxdur. Ənvər Əhməd Müsavatı Müsavat edən şəxslərdəndir. Heyf, o Müsavatdan..."
Qeyd edək ki, Müsavatın tanınmış üzvü, 2003-çü ildə oktyabr hadisələrinə görə həbs olunmuş  Ənvər Əhməd Müsavat sıralarından xaric edilib. Məlumatı Facebook-da paylaşan Ə.Əhməd Müsavat başqanı Arif Hacılı və Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbası ona qarşı qondarma ittihamla çıxış etməkdə günahlandırıb.  Onu da bildirək ki, Ənvər Əhməd Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğluna yaxınlığı ilə seçilən partiya üzvlərindən sayılır. O, Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) təmsil olunur.
   İlk baxışda Hikmət bəy haqlı görünür. Partiyanı qurmuş, bərpa prosesində iştirak etmiş, sonrakı illərdə seçki prosesində, mitinqlərdə fədakarlıq etmiş insanların qədrini bilmək lazımdır. Onlar bir qələmlə silinib atılacaq adamlar deyil. Hansısa hərəkata, ictimai təşkilata, QHT-yə qoşulmaq suç sayılmır.  ADR ictimai təşkilatdır. Əgər ictimai təşkilata qoşulmaq suçdursa, o zaman Arif Hacılı özü uzun illər Bütöv Azərbaycan Birliyinin İdarə Heyətinin üzvü olub. Divan və Məclis üzvlərinin çoxu hansısa qeyri-hökumət təşkilatında çalışır. İsa Qəmbər Milli Düşüncə Strateji Araşdırma Mərkəzi adlı qurum yaradıb, başqan odasını özündə saxlayıb, istədiyi vaxt Müsavatın qərargahında toplantı keçirir. Müsavat üzvləri nizamnamədən kənar nə edirlər ki, Arif Hacılı onları partiyadan xaric edir? Hesabla ADR üzvləri də torplantılarını Bakının rayonlarındakı ucuz çayxanalarda deyil, partiya qərargahında keçirə bilərlər. Ancaq buna imkan verilmir. ADR üzvləri daha qərargahda toplana bilməzlər. İş o yerə çatıb ki, Müsavat üzvlərinı ictimai təşkilatda üzv olmaq yasağı qoyulur. Hikmət bəy bu mənada düz deyir. Partiyada zəhmət olmuş adamları sərt cəzalandırmaq düzgün deyil. Ancaq bir iş var ki, partiya işi belədir: ya rəhbərliklə bir yerdə olacaqsan, ya da o partiyada olmayacaqsan. Demokratiya deyilən nəsnə elə budur. Seçki olub, yeni başqan seçilib. Onu qəbul edənlər də olacaq, etməyənlər də. Edənlər Gülağa Aslanlı kimi vəzifə alıb, iearxiyada yüksələcəklər, etməyənlər Qubad İbadoğlu kimi başqa partiya yaratmaq eşqinə düşəcəklər. Hikmət Hacızadə, Vurğun Əyyub ha malalasalar da, görülən işin üstünü rəngləməyə çalışsalar da, Qubad İbadoğlu partiya yaradır. Mənəvi prinsiplər, kimin daha çox haqqı var söhbəti ortaya gəlsə, o zaman ortada partiya qalmayacaq. Bu nöqteyi-nəzərdən də Arif Hacılı haqılıdır. Fakt ortadadır və olduqca kobud görsənir:Müsavatda başqan dəyişib, İsa Qəmbər dönəmi bitib. "Arif Hacılı kimdir ki, mənə başqan olsun" düşüncəsinə düşən adam artıq Müsavatdan getmiş sayılır. Çünki ona yer olmayacaq. Elə üzüsulu getsə yaxşıdır.

Bir də ki, günah nə Arif Hacılı da, nə Qubad İbadoğlunda deyil e, bu partiya özü ziddiyyətlidir. Uzun illər avtoritar qaydada idarə olunmuş partiyanın (İsa Qəmbər 13 ildən sonra Məclis sədri postunun yaradılmasına razılıq verdi. 1993-2006-cı illərdə bu post yox idi, Məclisi özü idarə edirdi) axırı belə olmalı idi. İsa Qəmbər avtokratiyasından demokratiyaya keçid ağrılı olacaqdı. Baş verənlər də həmin sancılardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00