AXCP müxalifətin birliyinə mane olur
Fuad Qəhrəmanlı Müsavatı aşağılayan ifadələr işlətdi
26 Yanvar 2015 14:53 SiyasətMilli Şuranın son sessiyasında quruma sədr seçilib. Sabiq prezidetnliyə namizəd Cəmil Həsənli MŞ-ın növbəti 1 il üçün sədri olub. AXCP yetkililərinin açıqlamaları göstərir ki, ən azı qarşıdakı 2 il ərzində Milli Şura "ana müxalifət" kimi təqdim olunacaq, Müsavat bu formata yaxın buraxılamayacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuranın 24 yanvarda keçirilən sessiyasının nəticələri barədə açıqlama verib. AXCP-nin "Göbbelsi" facebook statusunda bir sıra önəmli mesajlar verib. F.Qəhrəmanlı yazır:
-Milli Şuranın Kordinasiya Mərkəzinə seçkilər çox uğurlu keçdi. 21 nəfərlik tərkibə baxmaq kifayətdir ki, təkcə müxalifətin deyil, bütövlükdə cəmiyyətimizin demokratik elitasının Milli Şurada birləşdiyini görək;
-Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin tanınmış isimləri var;
- Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, iqtidarın təzyiqləri üzündən qurumu tərk edənlər təkcə müxalifətin birliyinidən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar.
-Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq.
-Digər tərəfdən, ötənilki mitinqlər də göstərdi ki, partiya adları daşımaq hələ qüvvə olmaq demək deyil və bu baxımdan Milli Şuradan kənarda meydana sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr yoxdur.
Bu tezislər əsasən Müsavat partiyasına həsr olunub. Bu açıqlamanın Müsavat başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə müttəfiqlik mövzusunun müzakirə olunduğu görüşün keçirildiyi günlərə təsadüf edir. Əslində bu mövqe Əli Kərimlinindir, sadəcə, Fuad Qəhrəmanlının dili ilə ifadə edib. Beləliklə, AXCP-nin mövqeyi aydındır! Bu il də müxalifətin birliyinə nail olunmayacaq. Çünki bunu AXCP istəmir. Fuad Qəhrəmanlı hər şeyi açıq-aydın yazıb. AXCP Müsavatın Milli Şura ilə yaxınlaşmasını istəmir. AXCP-də hesab edirlər ki, Müsavatın məqsədi Milli Şura ilə müttəfiqi olduğunu göstərmək və bu amildən sui-istifadə edərək mandat almaqdır. AXCP-də düşünürlər ki, Müsavatın ötən il keçirdiyi aksiya da uğursuz olub bu aksiya göstərib ki, əsas güc, narazı elektoratı birləşdirən Milli Şuradadır. F.Qəhrəmanlı hesab edir ki, hər siyasi təşkilat özünə partiya deyə bilməz, o cümlədən bir mitinq keçirə bilməyən Müsavat. AXCP rəhbərləri Müsavatı "qorxub Milli Şuradan çıxan", "səngəri tərk edib qaçan", "mübarizə aparmağa iradəsi çatmayan" partiya hesab edir. Bu ittihamlar ciddi suçlamalardır və görünən odur ki, AXCP Müsavatı asanlıqla əfv etməyəcək. Maraqlı sual yarana bilər ki, bəs münasibət belə ola-ola Əli Kərimli Arif Hacılı ilə görüşə niyə gedib? Axı məntiqlə o, "əzəmətli partiyanın, ana müxalifətin lideri" kimi, "bir mitinqi keçirə bilməyən balaca partiyanın başqanı" ilə görüşə getməməli, Arif Hacılını daha da aşağılamalı idi. Bu sualın cavabı budur: Əli Kərimli o görüşə "Rauf Arifoğlunu Müsavatdan çxıar" şərti ilə gedib, ancaq mənfi cavab alıb.
Zaur Sultanbud