20 Yanvar zəfər bayramıdır
Xalqı istiqlala aparan hadisə faciə, yas sayılmamalıdır
26 Yanvar 2015 14:19 SiyasətYanvar hadisələrinin növbəti ildönümünü qeyd etdik. Hadisələrdən 25 il keçsə də, hələ də faciənin ağrısı, ağırlığı canımızdadır. Çünki 70 il inandığımız, özümüzünkü bildiyimiz Sovet ordusu bizə güllə atmış, övladlarımızı, ata-analarımız öldürmüşdü. Hadisələri həm də ona görə ağır ilə yada salırıq ki, 1990-cı ilin soyuq yanvar günlərində sözün həqiqi mənasında tək qalmışdıq. Bir yandan torpağımıza iddia edən Ermənistan və Dağlıq Qarabağ separatçıları, o biri yandan ermənilərin şıltaqlıqlarına göz yuman Moskva, Sovet rəhbərliyi. Ermənilər SSR-də, bütün dünyada özlərini "əzabkeş" kimi təqdim edir, Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edir, əl altdan iş görür, Qarabağdakı dinc azərbaycanlılara qarşı terror həyata keçirir, Moskva açıq şəkildə erməniləri müdafiə edirdi. ABŞ, Fransa kimi böyük dövlətlər də ermənilərə qahmar çıxırdı. Təbliğat elə qurulmuşdu ki, 1990-cı ilin yanvarında Sovet ordusunun Bakıda törətdiyi qırğına Qərb dövlətləri belə susqun qalmışdı. Azərbaycan xalqı sanki təklənmişdi. Son 25 ildə 20 Yanvar həm də buna görə faciə kimi təqdim olundu. Lakin dövr dəyişib. 20 Yanvara yeni baxış ortaya qoyulmalıdır. Rejissor Vahid Mustafayevin faciə ilə bağlı çəkdiyi "Qanlı yanvar" filmi hadisəyə yeni baxış sayıla bilər. Bu filmlə bağlı sosial şəbəkələrdə əsasən tənqidi fikirlər yer aldı. Tənqidçilər hesab edir ki, filmdəki döyüş səhnələri, Sovet əsgərlərinə güllə atılması, onların öldürülməsi şişirdilib. Əslində belə şey olmayıb. Doğrudur, SSRİ hüquq mühafizə orqanları da yanvar günlərində Azərbaycanda Sovet əsgərlərinin öldürülməsi faktını üzə çıxarmamışdılar. Amma bu o demək deyil ki, bu fakt olmayıb. Sovet ordusu işğalçı idi. Bu ordu qəfil elan olunmuş fövqəladə vəziyyətə uyğun olaraq Azərbaycanın Bakı, Gəncə, Lənkəran şəhərlərinə hücum etmiş, dinc insanlara atəş açmılşdı. İşğalçı ordunun əsgərlərinə qarşı hansı addım atılmalı idi? Qəzəbli insanların azğınlaşmış Sovet əsgərlərinə güllə atması tamamilə təbiidir. Üstəlik, bu faktı sübut edən insanlar var. Polkovnik-leynenant Kamil Mehdiyev, Qarabağ qazisi Nurəddin Xoca yanvar günlərində Sovet ordusuna qarşı müqaviməti təşkil etmiş insanlardır. Bəzi məlumatlara görə, yanvar günlərində 30-a qədər işğalçı Sovet əsgəri qətlə yetirilib.
Hadisələrin mahiyyətinə gəlincə, söz yox ki, bu, faciədir. Dinc adamlar güllələnib, hərbi texnikanın altında məhv ediliblər. Ancaq bu, yas deyil, kədər günü deyil! Həm də bayram günü, zəfər günüdür! Bastiliya qalası alınması yüzlərlə franssızın qnaı bahasına başa gəldi, ancaq bu gün Fransa bu günü zəfər bayramı, istiqlal günü kimi qeyd edir. O zaman biz nədən Azərbaycan xalqının istiqal savaşının ən şanlı gününü yas saxlamalıyıq? 20 Yanvar şəhidləri qəərəmandır, adlarını tarixə, istiqlal tarixinə yazmış qəhrəman! 20 Yanvar şəhidləri istiqlal tarixini yazmış qəhrəmanlardır. O halda onların şəhid olduğu gün faciə günü yox, zəfər günüdür!
20 Yanvarın zəfəri bayramı kimi qeyd olunması təklifi ilə ilk dəfə faciə günlərində, fövqəladə vəziyyət şəraitində dərc olunan "Azad söz" qəzetində, yazıçı-publisist Yunus Oğuz çıxış edib. O zaman Yunus Oğuz bildirirdi ki, zaman gələcək, hadisələrin əsil mahiyyəti açılacaq və xalq ağlaşma psixologiyasından qurtulacaq, 20 yanvar istiqlal, zəfər bayramı kimi qeyd olunacaq. O gün artıq yetişib. Xalq artıq baş vermiş hadisənin mahiyyətini anlayır. Bundan sonra 20 Yanvara ağlaşma, yas günü kimi baxmamalıyıq.
Ərhun Abbas