Prezident Azərbaycanın mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Forumda "Transformasiya prosesində regionlar: Avrasiya" sessiyasında çıxış edərək Azərbaycanın siyasi, iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb. Təsadüfi deyil ki, əksər analitiklər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumundakı çıxışını dövlət başçımızın Avropaya, bir qədər də konkretləşdirsək dünyanı idarə etmək istəyində olan beynəlxalq güclərə siyasət dərsi keçməsi kimi dəyərləndiriblər.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov "OLAYLAR"-a verdiyi açıqlamada bildirib ki, cənab prezidentin Davosdakı çıxışı ümumilikdə Azərbaycandakı ümumi ab-havanı, ictimai-siyasi vəziyyəti əks etdirib: "Bu gün bəzi beynəlxalq qurumlar, xüsusilə də Azərbaycana ikili standartlardan yanaşan, dövlətimizə qarşı qərəzli mövqedə dayanan beynəlxalq təşkilat ölkəmizdəki real vəziyyəti əks etdirməyən müəyyən fikirlər səslləndirməkdə davam edirlər. Lakin cənab prezident bu fikirlərin hamısını öz çıxışı ilə alt-üst etdi və bildirdi ki, həqiqətən də Azərbaycanda həm insan hüquqları, həm demokratiya, həm də ölkənin ictimai-siyasi, iqtisadi sahəsində vəziyyət çox normaldır və sabitdir. Qeyd olunduğu kimi cənab prezidentin də reytinqi Azərbaycanda çox yüksəkdir. Bütün rəy sorğuları bunu əks etdirir. Cənab prezident həmçinin bildirdi ki, Azərbaycan açıq ölkədir və Ermənistan istisna olmaqla bütün dünya ölkələri ilə əməkdaşlıq edir. Dövlət başçısı bütün beynəlxalq qurumları dəvət etdi ki, gəlib Azərbaycanla istənilən sahədə əməkdaşlıq edin. Bunun üçün ölkəmizin imkanları da var". Rufiz Qonaqov bildirib ki, prezident İlham Əliyevin Davosdakı çıxışını yüksək qiymətləndirir: "Düçünürəm ki, cənab prezidentin bu çıxışı tam reallığı əks etdirirdi. Cənab prezident çox haqlı olaraq Azərbaycanın mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00