Azərbaycan prezidentinin Davosda Avropaya siyasət dərsi
23 Yanvar 2015 16:01 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Avropada keçirdiyi görüşlər və Davos Forumundakı çıxışı bu qitənin özündə maraqla qarşılanmaqdadır. Məlum olduğu kimi dövlət başçısı Forumda "Transformasiya prosesində regionlar: Avrasiya" sessiyasında çıxış edərək Azərbaycanın siyasi, iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb. Azərbaycan Prezidentinin forumdakı çıxışı Avropa məkanında rezonans doğurub desək yanılmarıq. Təsadüfi deyil ki, əksər analitiklər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumundakı çıxışını dövlət başçımızın Avropaya, bir qədər də konkretləşdirsək dünyanı idarə etmək istəyində olan beynəlxalq güclərə siyasət dərsi keçməsi kimi dəyərləndiriblər.
İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanda hökm sürən sabitlikdən söz açaraq deyib ki, ölkəmizdə vəziyyət tarixdə ilk dəfə bu qədər sabitdir, lakin sərhədlərdən kənarda vəziyyət dəyişir". Əslində dövlət başçısının bu fikirləri Azərbaycanda da "narıncı", "qəhvəyi", "məxməri", yaxud hansısa ad altında inqilab etmək istəyən beynəlxalq güclərə bir mesaj idi. Prezident İlham Əliyev bununla xalqlara demokratiya adı altında bədbəxtlik gətirən dünya güclərinin diqqətinə çatdırmaq istəyirdi ki, onların inqilab şousu Azərbaycan üçün keçərli olmayacaq. Çünki Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, xalq hakimiyyətlə həmrəydir. Ona görə də Azərbaycanda inqilab arzusu ilə yaşayanlar elə həmin arzu ilə də ömürlərini başa vuracaqlar. Azərbaycanın sərhədlərindən kənarda vəziyyətin dəyişdiyini deməklə dövlət başçısı Ukraynanın timsalında bunu aydın sübut edib. Prezident dolayısıyla Qərbə onu anladıb ki, demokratiya adı altında Ukraynada baş verənlər əslində bu ölkəyə heç bir xeyir gətirmədi, əksinə Ukraynanın parçalanması, dövlətin bütün sahələrdə geriləməsinə səbəb oldu. Bu gün də Ukrayna Qərbin demokratiya oyununun acı nəticəsini yaşamaqdadır.
Prezident İlham Əliyevin forumda çıxışı zamanı əsas diqqət yetirdiyi məsələlərdən biri də Dağlıq Qarabağ problemi idi. Azərbaycanın müharibə və işğaldan əziyyət çəkdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi aydın və dəqiqdir: "Və heç kəs bizdən başqa mövqe gözləyə bilməz. Rusiya rəhbərliyi və hökumətinin beynəlxalq hüquq normalarını və Ermənistanla münaqişəmizi nəzərə alaraq, Azərbaycanın bu mövqeyini anlamasına və hörmət etməsinə şadam". Azərbaycan prezidentinin bu fikirləri də Avropa və dünya ölkələrinə bir mesaj idi ki, rəsmi Bakı işğal faktı ilə heç vaxt barışmayacaq. Azərbaycanı buna vadar etmək istəyənlər isə ilk növbədə münaqişənin həllinə nail olmalıdırlar. Münaqişənin həlli isə təbii ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən keçir.
Davos Forumunda Azərbaycan Prezidentinin çıxışında diqqət yetirilməli olan məqamlardan biri ölkəmizin balanslaşdırılmış siyasətə sadiq qalacağı mesajı idi. Bu gün Qərbin qətiyyətlə çalışdığı odur ki, Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə dəysin. Hazırda Qərb sözün həqiq mənasında Azərbaycan-Rusiya münasibətlərinə qısqanclıqla yanaşır. Buna cavab olaraq Azərbaycan Prezidentinin "Bizim üçün Rusiya yaxşı dost, etibarlı tərəfdaş və böyük qonşudur. Bizim böyük əmtəə dövriyyəmiz, qarşılıqlı maraqlarımız var. Rusiya və Azərbaycan arasında əlaqələrin inkişafı böyük və kiçik ölkə arasında əlaqələrin necə qurula biləcəyinə yaxşı nümunədir" sözləri bir daha Qərbdə o təssüratı yaratdı ki, Azərbaycan bundan sonra da balanslaşdırılmış siyasətini davam etdirəcək.
S.İsmayılbəyli