Arif Hacılı seçim qarşısında

Əli Kərimli “Rauf Arifoğlundan ayrıl” şərtini irəli sürüb

Müsavat başqanı Aif Hacılı ilə AXCP sədri Əli Kərimli arasında keçirilmiş son görüşdə təmasların davam etdirilməsi  ilə bağlı razılıq əldə olunmayıb. Görüşdən bir neçə gün sonra müzakirə olunmuş məsələlər mətbuata çıxıb.  AXCP-yə yaxınlığı ilə seçilən saytlardan biri yazıb ki, Əli Kərimli "Müsavat-AXCP müttəfiqliyinin reallaşması üçün" şərt irəli sürüb. Bu şərt gözlənildiyi kimi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan uzaqlaşdırılmasıdır. Bu barədə biz dəfələrlə yazmış, AXCP-nin bir gün belə bir şərt irəli sürəcəyini bildirmişdik. Əslində müxalifət cameəsini tanıyan hər kəs bilir ki, bir gün belə olacaqdı. 2002-ci ilə qədər durum tərsinə idi. Müsavat ana müxalifət sayılırdı, AXCP ikinci dərəcəli güc. Bu gün əksinədir. AXCP ana müxalifət sayılır. 2006-cı ildən sonra Müsavat müxalifətdə həlledici güc sayılmır. 2002-ci ildə müttəfiqliyi bərpa etmək üçün Müsavat AXCP qarşısında "Asim Mollazadədən imtina et" şərtini qoymuşdu. Çünki Müsavatda hesab edirdilər ki, o, Əliməmməd Nuriyev və bir neçə başqa şəxs müxalifət daxilində separatçılıqla məşğuldur. Əli Kərimli Müsavatla ittifaq naminə bu şəxslərdən imtina etdi. İttifaq baş tutdu. O zaman Əli Kərimlinin başqa yolu da yoxdu. Müxalifətdə möhkəmlənmək üçün Müsavatla ittifaq və bu şəxslərdən imtina vacib idi. İndi sıra Müsavatdadır. AXCP-də hesab edirlər ki, Rauf Arifoğlu və komandası müxalifət daxilində separatçılıqla məşğuldur və Müsavatdan çıxarılmalıdır. Arif Hacılı da bu həqiqəti bilir. O yaxşı bilir ki, müxalifət daxilində möhkəmlənmək üçün Müsavatda təmizlənmə getməlidir. Ancaq o çıxılmaz durumdadır. Rauf Arifoğlundan imtina etmək Müsavat üçün siyasi intihara bərabər olardı. İsa Qəmbərin oğlu, Pənah Hüseynin özü və oğlu, Zəfər Quliyev və Müsavatın qərarına təsir edə biləcək başqa  şəxslər Rauf Arifoğlunun yanında işləyirlər. Onlar baş yazardan imtina etməyəcəklər. "Yeni Müsavat"ın dəstəyindən imtina Arif Hacılını Müsavatın özündə təcrid vəziyyətinə sala bilər. Qubad İbadoğlu və Vurğun Əyyubun tərəfdarları böyük bir partiyaya çevriliblər. Onlar hələ də Müsavat üzvüdürlər. Arif Hacılı Rauf Arifoğlundan imtina etsə, baş yazar Müsavatdakı qiyamçıları dəstəkləyəcək.  Arif Hacılı AXCP ilə müttəfiq olmasa, Qubad İbadoğlu Əli Kərimli ilə təmasları artıra bilər. Göründüyü kimi Arif Hacılı çətin durumdadır. Son müsahibəsində Arif Hacılı "bəzi qüvvələr müttəfiqliyə maraqlı deyil" deyib. Bu açıqlama onu göstərir ki, Müsavat başqanı hələ AXCP-nin şərtini qəbul etməyə hazır deyil. AXCP yetkililərinin Müsavat başqanı haqqında aşağılayıcı ifadələr yazması da danşıqların baş tutmadığının təsdiqidir. Ancaq bu o demək deyil ki, Müsavat başqanı bu mövqeyini qoruyub saxlayacaq. AXCP-nin şərti hər zaman qüvvədədir və Arif Hacılının mövqeyi güclənən kimi o, "Yemi Müsavat"dan imtina edə bilər. Çünki Arif Hacılı Rauf Arifoğlunun dktəsi ilə işləməkdə davam etsə, Müsavat böyük və güclü partiyaya çevrilməyəcək. Müsavat müxalifətdə mövqeyini bərpa etmək istəyirsə AXCP ilə müttəfiqliyə nail olmalıdır.  Bu baxımdan payıza doğru situasiya dəyişə və Arif Hacılı Rauf Arifoğlu ilə yolları ayıra bilər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00