Qeyri-neft sektorundan vergi daxilolmaları açıqlandı

"Qeyri-neft sektoru üzrə daxilolmaların ümumi vəziyyətinə gəldikdə həm iqtisadi artımın, həm də aparılmış vergi nəzarəti tədbirlərinin nəticəsi olaraq iri vergi ödəyicilərinin dövlət büdcəsinə vergi ödənişlərində ildən-ilə artım müşahidə olunmaqdadır". Lent.az-ın məlumatına görə, Vergilər Nazirliyi yanında Xüsu­si Rejimli Vergi Xidməti Departamen­tinin rəisi Zaur Fətizadə bildirib. O qeyd edib ki, Departament üzrə ötən il qeyri-neft sektorundan vergi daxilolmaları 2 milyard 160,0 milyon manat (o cümlədən mərkəzləşdirilmiş ödəniş üzrə 113,6 milyon manat)  təşkil edib: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,2 milyon manat  və ya 8,3% çoxdur". Nazirlik rəsmisi vurğulayıb ki, neft-qaz sektoru büdcə daxilolmalarının formalaşmasında mühüm rol oynayıb. "Bu sektor üzrə daxilolmanın məbləği 2 milyard 827 milyon manat olmuşdur ki, bu da ümumi vergi daxilolmalarının 39,7%-ni təşkil edib. 2013-cü ildə bu göstərici 43,8%, 2012-ci ildə isə 45,5% idi. Məhz düşünülmüş iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neft amilindən asılılığı ilbəil azalır, qeyri-neft sektorunun büdcə daxilolmalarındakı xüsusi çəkisində isə artım müşahidə olunur. Təkcə 2014-cü ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı müəssisələrin mənfəət vergisi 1 milyard 107,5 milyon manat olub". Z. Fətizadənin sözlərinə görə, ümumilikdə isə 2006-cı ildən bəri hasilatın pay bölgüsü üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflər, əməliyyat şirkətləri və subpodratçı təşkilatlar tərəfindən 2015-ci ilin yanvar ayına qədər 15,6 milyard manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. "Podratçı tərəflərin mənfəət vergisi 11,6 milyard  manat təşkil edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00