“Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar”

Əli Həsənov: “Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir”

Yanvarın 22-də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik fəaliyyəti haqqında hesabat konfransı keçirilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, 2014-cü il QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsus uğurları ilə seçilib. Şura sədri qeyd edib ki, ötən il ərzində iki dəfə maliyyə yardımı müsabiqəsi elan edilib. Hesabat ilində Şura tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 386 layihəsinə ümumilikdə 2 milyon 929 min manat büdcə vəsaiti ayrılıb. Yerinə yetirilmiş layihələr çərçivəsində 640 təlim, 287 seminar keçirilib, 23 kitab, 8 film, 5 sayt hazırlanıb. Onun sözlərinə görə, QHT-lər keçən il ərzində Avropanın müxtəlif şəhərlərindəki universitetlərdə "Qarabağ guşəsi" yaradıb, Qarabağ probleminin həllinə mane olan cəhətləri açıqlayıblar: "Ötən il 13 xarici ölkədə 27 layihə icra edilib, Azərbaycan həqiqətləri, mədəniyyəti təbliğ edilib. Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti xarici QHT-lər vasitəsilə məlumatlandırılıb. Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib". Şura sədri diqqətə çatdırıb ki, ötən il "Şuşaya dəstək" kampaniyasına start verilib. Artıq bir sıra ölkələr bu kampaniyaya qoşulub. Şura 3 dövlət orqanı ilə əməkdaşlıq sazişi imzaladıb. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclis və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq sazişi qüvvədədir. Həmçinin "İctimai iştirakçılıq haqqında" qanunun icrasına başlanılıb. Bununla əlaqədar olaraq 33 rayonda ictimai dinləmələr təşkil edilib. Nəticə etibatilə ilkin olaraq Gəncə şəhərində, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai şuralar yaradılacaq.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyib ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi görür və dəyərləndirir. QHT-lərə Dövlət Dəstəyi Şurası 7 ildir fəaliyyət göstərir və gələn il Şurada ikinci sədrlik dövrü başa çatır: "Bu, hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görübsə, deməli, iş görməyə və bundan sonra yaşamağa layiqdir. Şura ötən 7 ildə kifayət qədər səmərəli və müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşməsinə 20 milyon manatdan artıq vəsait sərf olunub". PA rəsmisi vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən QHT-lərin maliyyələşməsi təkcə şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilir. "Bu ildən dövlət başçısının sərəncamı ilə QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyası Şuraya həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət üçüncü sektor formalaşıb. Hazırda ölkədə 3 minə yaxın QHT qeydiyyatdan keçib". Ə.Həsənov bəzi beynəlxalq təşkilatlar tərəfindən QHT-lərin fəaliyyəti ilə bağlı səslənən qərəzli fikirlərə də münasibət bildirib. Qeyd edib ki, bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub. Şura üzvləri hər bir təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb: "Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdir o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki Azərbaycan dövlətinin bütövlüyünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən "QHT-lər"lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti "postulatlar" çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana üçüncü sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti". Ə. Həsənov qeyd edib ki, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır: "Təkrar edirəm, hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Qondarma "DQR"i təmsil edən şəxslər və "QHT"-lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr! Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq sözlərlə həyata keçirilir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir". PA rəsmisi bəyan edib ki, hər bir sahədə qanunçuluq olmalı, hər bir şey qanuna söykənməlidir: "Qanunlar pisdirsə, onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma heç kimə əsas verilmir ki, pis qanunu icra etməsin. Qanun varsa, icra olunmalıdır". Onun sözlərinə görə, QHT-lər də, dövlət strukturları da, ölkədə fəaliyyət göstərən xarici strukturlar da, mətbuat orqanları da, xarici donorlar da Azərbaycanın qanunlarına hörmətlə yanaşmalı və onları icra etməlidir: "Əks halda qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər. Azərbaycan dövlətinin ölkə üzrə həyata keçirdiyi müəyyən aksiyalar var. Ölkə başçısı keçən ilin yekunlarına və növbəti ilin vəzifələrinə dair Nazirlər Kabinetinin geniş iclasında bu prioritetlər haqqında açıqlamalar verib. Bilirsiz ki, ayrı-ayrı illərdə yoxsulluğun, işsizliyin azaldılması, korrupsiya ilə mübarizə, qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyalarının inkişafı Azərbaycanın prioritet siyasəti olub. Bunlarla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb. Ölkənin müvafiq qurumları da bu sahələr üzrə fəaliyyətini ümumiləşdirilmiş şəkildə prioritet vəzifə kimi qarşıya qoyur və həyata keçirir. Düşünürəm ki, QHT-lər də, eyni zamanda qrant fəaliyyətinin dəyərləndirilməsini həyata keçirən Dövlət Dəstəyi Şurasının üzvləri və Müşahidə Şurası da dövlətin qarşısında duran prioritet vəzifələri, bu sahələr üzrə layihələrin elan olunması və QHT-lərin fəaliyyətinin stimullaşdırılması işini həyata keçirməlidir. Azərbaycan hakimiyyəti ümumiyyətlə bu sahə üzrə fəaliyyətdən razıdır. Biz nəinki bu sahə üzrə, mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir. Azərbaycanda heç bir problemin olmamasını, Azərbaycan cəmiyyətinin bu və ya digər problemlərdən sığortalanmasını da iddia etmirik". Onun sözlərinə görə, mükəmməl cəmiyyət quruculuğu ideyasını qarşısına qoyan Azərbaycan hakimiyyəti ona çatmaq üçün fəaliyyət göstərir. Əgər hər şey mükəmməl olacaqdırsa, hakimiyyətə də, dövlət strukturlarına da heç bir ehtiyac qalmazdı. Bu sahədə bizim uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur: "Azərbaycan cəmiyyətində insan hüquqları, söz və mətbuat azadlığı, demokratiya, üçüncü sektor - QHT-lər, vətəndaş cəmiyyəti quruculuğu sahələrində vəziyyət heç də anti-azərbaycan dairələrin qələmə verdiyi kimi pis deyil. Əksinə, Azərbaycanda vəziyyət həmin o dövlətlərin çoxundan yaxşıdır. Bu sahədə QHT-lərə Dövlət Dəstəyi Şurasının xüsusi rolu var və bu rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Şura bundan sonra da bu tempi saxlayacaq və inkişaf etdirəcək".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00