Kimin əvvəli, kimin axırı…
22 Yanvar 2015 15:18 SiyasətMəşədi Cəfər
Bu günlərdə Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüş Müsavat rəhbərinin təşəbbüsü ilə baş tutub. Bəylər təxminən iki saata yaxın müddətdə iki partiya arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Arif bəy deyib ki, fikirlərini və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırıb, yaxın günlərdə bu görüş AXCP rəhbərliyində müzakirə olunacaq. Arif Hacılı görüşlə bağlı informasiya verdikdən sonra AXCP fəalları facebookda öz etirazlarını bildiriblər. Belə çıxır ki, görüş AXCP-də müzakirə olunmayıb və olunmayacaq. Qurultaydan sonra yaranmış durum Müsavatı, özəlliklə Arif Hacılını indinin ana müxalifəti AXCP ilə müttəfiqliyə vadar edir. Partiyanın 3/1-i Hacılını qəbul etmir və Qubad İbadoğlunun ətrafında partiya yaratmaqla məşğuldur. Rauf Arifoğlu ilə ittifaq Arif Hacılının mövqelərini gücləndirməyəcək. Belə olan halda son ümid yenə AXCP-dir. Ancaq ötən il Müsavat Milli Şuradan çıxandan sonra iki partiyaların arası dəyib. AXCP-də Arif Hacılıdan incik düşüblər. Bəlkə də Müsavat başqanı Vurğun Əyyub və ya başqa birisi olsaydı, münasibətləri bu qədər kəskin olmazdı. Arif Hacılı Müsavat-Yurd qarşıdurmasının önündə gedən, davanı körükləyən adamlardan biri olub. İsa Qəmbər-Əli Kərimli savaşında Hacılı daim birincinin yanında dayanıb. İndi keçmişini ona bağışlamırlar. Müsavat Milli Şuradan çıxanda AXCP liderləri "bir daha Müsavatla müttəfiq olmayacağıq" demişdi. İndi cəbhəçi gənclər Fuad Qəhrəmanlının tapşırıqlarına ciddi əməl edirlər. Əbülfəz Qurbanlı, Natiq Ədilovun Arif Hacılı-Əli Kərimli görüşü barədə mediaya verdikləri açıqlama Müsavatın həqiqətən də ağır durumda olduğunu təsdiq edir. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı facebook səhifəsində yazıb ki, belə bir görüşün olacağı partiyanın Rəyasət Heyətinə bəlli idi və bu görüşdən uzağagedən nəticələr çıxarmaq lazım deyil: "Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Heç kim uzağa gedən nəticələr çıxarmasın". AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilova isə deyib ki, sədr müavini Əbülfəz Qurbanlının verdiyi izahatdan sonra mövzu qapanmalı idi. Əbülfəz Qurbanlının verdiyi açıqlama əslində, suallara nöqtə qoymalı idi. Əbülfəz bəyin açıqlaması partiyanın bu məsələ üzrə mövqeyini ifadə edib: "Partiya olaraq Müsavat partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur və məncə, bu barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi". Bu mövqe əslində Əli Kərimlinin, Həsən Kərimovun, Fuad Qəhrəmanlının fikirləridir. Sadəcə, cavan uşaqların dili ilə Müsavatı, Arif Hacılını aşağılamaq istəyiblər. Yəni, AXCP-nin Müsavat ehtiyacı yoxdur, Əli Kərimli sadəcə, görüş üçün müraciət edən adamın sözünü yerə salmayıb. Deyirəm, ədalətsiz dünyadır. Nə günlərə qaldın, Müsavat, Arif Hacılı? Bir zamanlar müxalifətdə Müsavatın "kəsdiyi başa" sorğu-sual yox idi. Müsavat, Rauf Arifoğlu demiş, partiyalara siyasi pasport verirdi. Müxalifət partiyaları Müsavatın rəhbərlik etdiyi bloklara-Demkonqresə, "Bizim Azərbaycan" blokuna düşmək üçün mücadilə verirdilər. 2003-cü ilin oktyabrında prezidentliyə namizəd İsa Qəmbərin qəbuluna düşmək olmurdu. Bir dəfə qəbul otağında basabas yaranıb, Arif Hacılı çıxıb deyib ki, "Nə səs-küy salmısınız? Üç gündən sonra prezident olacaq şəxsin qəbul otağındasınız! Özünüzü ağır aparın!" Bax, Müsavatın, Arif Hacılının belə günləri vardı. İndi dünənin ağzı əmzikli uşaqları Arif Hacılıya racon kəsir, qapını göstərir, "ağlın olaydı Milli Şuradan çıxmayaydın" dərsini verirlər. Belə yerdə deyirlər: kimin əvvəli, kimin axırı...