Dünyanın hegemon dövlətləri millətlərə ikili standartlardan yanaşırlar
13 Yanvar 2015 13:59 SiyasətBir neçə gündür ki, Paris olayları dünya gündəmindədir. Hər kəs Fransaya başsağlığı göndərir və orada dünyasını dəyişən 5-6 nəfərdən dolayı üzüldüklərini ifadə edirlər.
Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri Azad İsgəndərli bildirib ki, bütün bu baş verənləri müşahidə etdikcə özünü hər zaman "demokratiyanı beşiyi" kimi təqdim edən Qərbə, Amerikaya nifrət edirsən: "Bir şeyi anlamaq olmur ki, bu Qərb dövlətləri və Amerikaya rəhbərlik edənlər ya özlərini artistliyə qoyublar, ya da qeyri-rəsmi olaraq müsəlman islam dünyasına müharibə elan ediblər. İslamofobiyadan irəli gələn mənəviyyatsızlıq bu insanları bəşəriyyətə utanc gətirən bütün rəzalətlərə boyun əyməyə, dəstək olmağa sürükləyir. İnsan hüquq və azadlıqlarından dəm vuran və hər bir imkan fürsət ələ düşdüyündə Azərbaycanı qınaq predmetinə çevirməyə çalışan Avropa və amerikalılar görən Fransada son günlər baş verən olaylarla bağlı yaxa-başlarını cırıb dağıdarkən heç olmasa düşünürlərmi ki, Azərbaycan 22 il öncə terrora məruz qalıb və bu terrorun nəticəsində milyardlarla dollar həcmində vəsait itirib. 10 minlərlə insanı itkin düşüb, həlak olub, girov qalıb, 20 faizdən artıq torpaqları işğal altındadır, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Və bütün bunların qarşılığında isə heç bir iş görməyiblər. Əcəba, söhbət Fransadan, Ukraynadan gedəndə isə əldən ayaqdan getməyə başlayırlar? Bütün bunların görəsən izahını verə bilərmi cənab Avropa və amerikalılar? Kimdir insan hüquqlarına qiymət verməyən Azərbaycan, yoxsa onlar?" Azad İsgəndərlinin sözlərinə görə, Avropa və Amerikanın gördüyü işlərdən, apardıqları siyasətdən açıq aşkar görünür ki, dünya xalqlarında irqi, dini ayrımçılığa fərq qoyan məhz onların özləridir: "Həm də radikal şəkildə. Üstəgəl, iqtisadi maraqlarını bütün mənəvi, insani hisslərdən üstün tutmaqla yanaşı özündən zəiflərə birlik şəklində təzyiq göstərən bu dövlətlərin xarici siyasətinin hansı istiqamətdə inkişaf etdiyi bütün dünyaya bəllidir. Amma kimsə söyləyə bilmir, niyə? Çünki onlar güclüdürlər. Fransada 5-6 nəfərin ölümü, Kərkükdə, Qarabağda, Güney Türkistanda (Çində), Şimali Kiprdə, Türkiyədə terror nəticəsində ölən milyonlarca insanlardan üstündürmü? Nəyə görə Avropa və Amerika bu qətliamlara susur, amma Rusiyanın Krımı istəməsinə birlik şəklində toplanıb etiraz edirlər, Ukraynaya yardımlar edirlər və s.". Mərkəz rəhbəri hesab edir ki, bütün bu ədalətsizlik, haqsızlıq toxumunu dünyaya səpən məhz Avropa və Amerikadır: "Necə deyərlər görünən dağa nə bələdçi? Azərbaycan işğal altındakı torpaqlarını hərb yolu ilə azad edə bilmir, niyə ona görə ki, həmin adı çəkilən dövlətlər dərhal Ermənistana yardım edəcəklər, silah-sursat, hətta muzdllu döyüşçülər də verərək 10 ölkə birdən töküləcək üstünə. Bu yazdıqlarım hamısı faktdır. Mən heç bir zaman Avropa və Amerikanın ölkəmizdə və dünyada apardıqları haqsız siyasəti bir neçə min manat qrant hesabına müdafiə edə bilmərəm. Bu namussuzluqdur, bu şərəfsizlikdir! Amerika Konqresinin 23 il əvvəl etdiyi "907-ci maddəyə düzəliş" hələ də ləğv edilməyib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə çıxarmış olduğu 822, 853, 874, 884 saylı qətnamələri 20 ildən artıqdır ki, icra olunmur. Amma Fransada 5 -6 nəfər ölən kimi dünyanı qarışdırdılar". Azad İsgəndərli bildirib ki, biz bir millət olaraq öz dərdimizi özümüz həll etməliyik: "Güclü nizami ordumuz var. Xalq tərəfindən sevilən Ali Baş Komandan var. Vəssalam. Ölkə daxilində hakimiyyət üstündə dava salmaqdansa Azərbaycanın yuxarıda göstərilən problemlərini həll etmək üçün çalışmaq lazımdır. Hər bir fransalı küçələ tökülüb şam yandırır, biz isə şadlıq evləri açırıq, telekanallarda şou proqramlarından başqa heç bir proqram yoxdur. Dövlət başçımız Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasəti dünyanın bütün tribunalarından səsləndirək və müdafiə edək. Biz fransızlardan, xaxollardan, çeçenlərdən əskik deyilik ki, artığıq. Fransada baş verənlər bunu bir daha sübut etdi ki, dünyanın hegemon dövlətləri millətlərə ikili standartlardan yanaşırlar".
Süleyman