2014-cü il ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaq
Ötən il Azərbaycan bir sıra nailiyyətlərə imza atıb
12 Yanvar 2015 17:33 SiyasətSiyasi və iqtisadi baxımdan 2014-cü ilin bir sıra dünya ölkələi üçün uğursuz il kimi yaddaşlarda qalması tarixi fakta çevrilib. Etiraf edilməlidir ki, ötən il dünyada baş verən iqtisadi kataklizmlər hətta inkişaf etmiş ölkələrdə belə tənəzzülə yol açdı. Xüsusən superdövlətlər hələ iqtisadi böhranın təsirindən özlərinə gəlməmiş yeni iqtisadi təlatümllə üz-üzə dayanmalı oldular. Bunun üzərinə siyasi intriqalar və humanitar fəlakətləri də əlavə etsək ötən ili doğrudan da dünya ölkələri üçün uğursuz il kimi səciyyələndirmək qənaətinə gəlmiş olarıq. Bu uğursuzluq dünya bazarında hegemonluq edən dollar, avro və rublun dəyərdən düşməsində daha çox müşahidə olundu. Çıxış yolu kimi tətbiq edilən iqtisadi sanksiylar, dünya bazarında neftin qiymətinin inhisara alınması da heç bir effekt vermədi. Sevindirici haldır ki, dünyada baş verən iqtisadi fəlakətlər Azərbaycana təsirsiz ötüşdü. Azərbaycanda həyata keçirilən balanslaşdırılmış daxili və xarici siyasət ölkəmizdə nəinki dayanıqlı, hətta dinamik iqtisadi inkişaf tempini təmin etmiş oldu. Artıq cəsarətlə demək olar ki, 2014-cü il tarixdə ölkəmiz üçün uğurlu il kimi qalacaq. Ötən il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin təhlili deməyə əsas verir ki, bu il də Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünya ölkələri ilə müqayisədə dinamik inkişaf tempinə görə, ən yüksək göstəriciyə malik olub. Belə ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatmışdır. Əlavə dəyərin 42,6 faizi sənaye sahələrində, 12,6 faizi tikinti kompleksində, 5,1 faizi kənd təsərrüfatında, 4,9 faizi nəqliyyatda, 10,0 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi informasiya və rabitədə, 15,8 faizi digər sahələrdə istehsal olunmuşdur. Əhalinin hər nəfərinə 5710,7 manatlıq (7281,3ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 6,5faiz artmış, neft sektorunda isə 3,4 faiz azalmışdır. Bu isə o deməkdir ki, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz dünya miqyasıında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki birmənalı şəkildə qeyd edilməlidir ki, ötən il ölkə iqtisadiyyatı bütün sahələrdə uğurla inkişaf etmişdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2014-cü ildə, dünya ölkələri iqtisadi böhran yaşadıqları bir məqamda Azərbaycan iqtisadiyyatında artım 3 faiz təşkil edib. Xüsusən,qeyri-neft sektorunun artım tempi 7 faiz təşkil edib ki, bu da gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək faktorlardan hesab olunur. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş islasında prezident İlham Əliyev ölkə iqtisadiyyatında baş verən dinamik inkişafı konkret rəqəmlərlə ifadə edib. Dövlət başçısı bildirib ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatında infilyasiyanın həcmi cəmi 1,4 faiz olmaqla çox aşağı səviyyədə olmuşdur: "Əhalinin pul gəlirləri 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir". Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycanda hökm sürən siyasi və iqtisadi sabitlik xarici investorların diqqətindən yayınmayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır: "İndiki şəraitdə 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur. Bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Pensiyalar, maaşlar, əhalinin pul gəlirləri artıb, iqtisadiyyata böyük həcmdə investisiya qoyulub, inflyasiya isə ən aşağı səviyyədədir.Manatın sabit olması insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Hazırda Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatları vardır. Biz həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq. 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir". Qeyd edək ki, ötən il Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artımı baxımdan da uğurlu olub. Müstəqil dövlət kimi Azərbaycanın söz sahibi olması, beynəlxalq təşkilatlarda təmsilçilikdən idarəetmə səviyyəsinə yüksəlməsi ölkəmizin müstəqil dövlət statusunu daha da möhkəmlətmiş oldu. Təsadüfi deyil ki, Azərbaycanın apardığı daxili və xarici siyasət xalq tərəfindən də birmənalı şəkildə dəstəklənir.
Alim