Ukrayna Azərbaycanlıları Birləmiş Diasporu bəyanat yaydı

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan "məhkəmə prosesi" və barələrində çıxarılan "hökm"lə bağlı etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının və ATƏT-in Ukrayna nümayəndəliyinə, həmçinin, ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin Kiyevdəki səfirliklərinə göndərilib. Bəyanatda Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə prosesi"nə və barələrində çıxarılan "hökm"ə etiraz edən UADB Ermənistanın işğal etdiyi Azərbaycanın torpaqlarında olan bu insanların guya sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesinə cəlb edildiyini vurğulayır. Bildirir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir, onlar doğulub böyüdükləri torpaqlarda yaxınlarının məzarlarını ziyarət etməyə gediblər və heç bir gizli planları, təxribatçı niyyətləri olmayıb. Bəyanatın sonunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu beynəlxalq təşkilatları vicdanlarına söykənərək məsələyə hüquqi norma və prinsiplər çərçivəsində yanaşmağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00