“Müxalifət partiyaları arasında münasibətlər soyuqdur”

Taliyət Əliyev: “Müxalifət partiyalarının insan və maliyyə resurslar seçkilərdə təkbaşına iştirak üçün yetərli deyil”

Artıq ölkədə fəaliyyət göstərən bir sıra siyasi qüvvələr qeyri-rəsmi də olsa parlament seçkilərinə start verib. Bu məqsədlə yerli rayon təşkilatlarında müəyyən hazırlıqlara başlayan siyasi partiyalar ən şanslı namizədlərin müəyyən edilməsi istiqamətində də müvafiq işlər görür. Əksər siyasi qüvvələr kimi Azərbaycan Demokrat Partiyası da bu ilin sonunda ölkədə keçiriləcək parlament seçkilərində iştiraka maraqlı görünür. Partiyanın sədr müavini Taliyət Əliyevlə söhbətimizdə Azərbaycan Demokrat Partiyasının seçki hazırlıqları, müxalifət daxilində mövcud olan vəziyyət, eləcə də gələcək perspektivlər barədə danışdıq.

-Taliyət bəy, bələdiyyə seçkilərinə qatılmayan Azərbaycan Demokrat Partiyasının parlament seçkiləri ilə bağlı mövqeyi nədir? Partiya bu ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak edəcəkmi?

-Bələdiyyə seçkilərindən fərqli olaraq parlament seçkiləri milli səviyyədə keçirilən seçkilərdir və ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hər bir siyasi kampaniyada siyasi partiyanın iştirakı vacibdir. Ona görə də qarşıdan gələn parlament seçkilərində Azərbaycan Demokrat Partiyası olaraq iştirak etməkdə qərarlıyıq. Artıq seçkilərə hazırlıq istiqamətində müəyyən işlər görülür, müntəzəm olaraq partiyada fikir mübadiləsi aparılır.

-Partiya seçkiyə müstəqil, yoxsa üzvü olduğu "Qarabağ" bloku ilə birgə qatılmağı düşünür?

-Azərbaycan Demokrat Partiyasında bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı artıq müzakirələrə start verilib. Eyni zamanda təmsil olunduğumuz Qarabağ siyasi blokunda da bu barədə müzakirələr gedir. Böyük ehtimalla qarşıdan gələn seçkilərdə blok şəklində iştirak edəcəyik. Amma, yaradılacaq blokun formatı haqqında indidən konkret fikir söyləmək çətindir. İstəyirik ki, blokun çərçivəsi Azərbaycan Demokrat  və Ümid Partiyası ilə məhdudlaşmasın. Partiya olaraq daha geniş bir seçki blokunun yaradılması istiqamətində səylərimizi davam etdiririk.

-Azərbaycan Demokrat Partiyasının namizəd irəli sürməyə kifayət qədər potensial kadrı varmı?

-Bu günkü real vəziyyət ondan ibarətdir ki, Azərbaycan Demokrat Partiyası 125 seçki dairəsinin yarısından deputatlığa namizəd irəli sürə bilər. Bu barədə problem yoxdur. Amma, hələ seçki ilinə təzə qədəm qoymuşuq. Qarşıda xeyli zaman var, bu zaman kəsiyində ölkədə çox şey dəyişə bilər. Əgər seçkiqabağı situasiya normal olarsa seçkilərdə iştirakda iddialıların sayı çoxala bilər.

-Azərbaycan Demokrat Partiyası olaraq müxalifətin seçkiyə birgə, yoxsa ayrı-ayrılıqda qatılmasını istərdiniz?

-Sözsüz ki, Azərbaycan Demokrat Partiyası olaraq qarşıdan gələn parlament seçkilərində müxalifətin birgə iştirakının tərəfdarıyıq və bu istiqamətdə də səylərimizi davam etdiririk. Müxalifət partiyalarının istər insan, istərsə də maliyyə resursunun mövcud durumu elədir ki, bu vəziyyət seçkilərdə təkbaşına iştirak üçün yetərli deyil. Ona görə də təkbaşına deyil, seçki blokları yaradaraq resurların və imkanların birləşdirilməsi nəticəsində müsbət nəticəyə nail olmaq olar.

-Bu arada partiyanın qurultayının nə zaman keçirilməsi nəzərdə tutulur?

-Bu il seçki ili olduğundan bütün diqqət seçkilərə yönəlib. Ona görə ADP-nin qurultayının keçirilməsi barədə müzakirələr demək olar ki, dayandırılıb.

-Hazırda müxalif düşərgədəki durum Azərbaycan Demokrat Partiyası olaraq sizi qane edirmi?

-Əlbəttə qane etmir. Bu gün müxalifət partiyaları arasında münasibətlər çox soyuqdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında olan münasibətlər ürəkaçan deyil. Bu münasibətlər istər-istəməz digər partiyalara da öz mənfi təsirini göstərməkdədir. Bu mənzərənin əsil səbəbi də ölkədə siyasi sistemin aşağı səviyyədə olması və nailiyyətsizlik sindromudur. Bütün bu mənfi tendensiyalar partiya olaraq bizi çox narahat edir.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00