Müsavat:narazılar partiya quruculuğuna başladı
Bu işdə onlara KXCP və Ümid funksionerləri də yardım edir
6 Yanvar 2015 13:06 SiyasətMüsavat Partiyasında yeni seçilmiş rəhbərlikdən narazılar ciddi təşkilatlanmaya start veriblər. Başqanlığıa sabiq namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı artıq rayonlarda təşəbbüs qruplarının yaradılması istiqamətində fəaliyyətə başlayıblar. İbadoğlu mətbuata açıqlamasında deyib: "Artıq Salyan rayonunda təşəbbüs qrupu yaradılıb. Ən azı 30 rayon təşkilatında təşəbbüs qruplarının yaradılması gözlənilir. Çalışırıq ki, Azərbaycanın ən azı üçdə birini əhatə edək". Başqa bir açıqlamasında Qubad İbadoğlu ADR-in partiyaya çevriləcəyini də istisna etməyib. Ancaq ADR sədri deyib ki, partiya quruculuğu bu ilki planda yoxdur. Gələcəkdə ADR-in partiyaya çevrilməsi mümkündür. Qubad İbadoğlunun İsa Qəmbərin Məclisin son sessiyasında səsləndirdiyi fikirlərə münasibəti də maraqlıdır. Xatırladaq ki, İsa Qəmbər narazıları "hakimiyyətin sifarişi ilə Müsavata problem yaratmaqda" suçlandırmışdı. ADR sədri İsa Qəmbərin çıxışının "köhnə və bayağı fikirlərdən" ibarət olduğunu bildirib. İbadoğlunun açıqlamaları bir neçə suala aydınlıq gətirir. Əvvəla bəlli olur ki, narazılar Müsavat adı uğrunda mübarizə aparmayacaqlar. İkincisi, onların geri çəkilmək fikri yoxdur. Üçüncüsü, İsa Qəmbər artıq onlar üçün mənəvi lider deyil.
Narazılar Müsavat adı uğrunda savaşmayacaqlar, ancaq bu o, demək deyil ki, onlar Müsavatın sosial bazası uğrunda da mübarizə aparmayacaqlar. Narazılar Müsavatın rayon təşkilatlarını tamamilə dağıtmaq, fəal müsavatçılar özlərinə tərəf çəkmək fikrindədirlər. Bu işin əsas özəlliyi ondadır ki, təşkilatlanma prosesində KXCP üzvləri də narazı müsavatçılara yardım edir. Hətta bu prosesdə Ümid funksioneri Taleh Əliyev də iştirak edir. Belə görünür ki, ADP ortaya Müsavat və KXCP boyda bir güc olaraq çıxmaq fikrindədir. KXCP-dəki narazı fraksiyaçılarla Müsavatdakı narazıların birləşməsi ciddi faktdır və Arif Hacılı yönətimi bundan narahat olmalıdır. İsa Qəmbər-Arif Hacılı ittifaqı üçün bu işin ən yaxşı tərəfi narazıların ad, möhür uğrunda mübarizə aparmamalarıdır. Ancaq prosesin özü ümumilikdə Müsavat üçün ciddi problemlər yaradacaq. Qubad İbadoğlu tərəfdarları prosesə yenilərin köhnələrə qarşı savaşı görüntüsünü verə bilsələr, Müsavat partiyasının sosial bazası tamamilə dağılacaq. İsa Qəmbər-Arif Hacılı yönətiminin əlində sadəcə möhür və mərkəzi aparat qalacaq. Müsavatın sosial bazası tamamən ADR-in tərəfinə keçəcək. Ədalət Yusibov, Hüseyn Məlik kimi təcrübəli KXCP fəallarının ADR üçün işləməsi də işin ciddiyyətini artıran məqamlardandır. Belə görünür ki, KXCP-nin narazı faraksiyaçıları da "yeni düşüncəli insanların hərəkatı" kimi təqdim olunan ADR-ə qoşulacaqlar.
ADR-in hərəkatdan partiyaya çevrilməsi işinin yubanması da məqsədlidir. Görünür, narazılar payızda keçiriləcək parlament seçkilərində Müsavata son və qəti zərbəni vurmağı planlayıblar. "Bu ilki planımızda partiyaya çevrilmə yoxdur" açıqlaması da təsadüfi deyil. ADR partiyaya gələn il çevriləcək. Payıza qədər Müsavatda əsəb müharibəsi gedəcək. Narazılar Arif Hacılını əsəbləşdirib özündən çıxarmaq, sərt qərarlar çıxarmağa vadar etmək istəyirlər. Müsavatın sərt qərarı isə ictimai rəydə narazıların xeyrinə olacaq, elektorat onları "əzabkeş" kimi qəbul edəcək.
Ərhun Abbas