“Gürcüstan Rusiya ilə anlaşmaları Azərbaycanla məsləhətləşməlidir”

Erkin Qədirli: “Azərbaycanlılara qonşu olan erməni və gürcü kəndlərində isə qaz problemi çoxdan həll olunub”

"Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli Gürcüstanın enerji şirkəti "Petrocas Energy"nin səhmlərinin 49%-ni Rusiyanın "Rosneft" dövlət şirkətinə satması barədə danışıb. E.Qədirli bildirib ki, "Petrocas Energy" - Gürcüstanda vacib enerji layihələrini gerçəkləşdirən şirkətdir. "Bizim üçün Qara Dənizə çıxış rolunu oynayan Supsa limanında Rusiyanın "Rosneft" şirkətilə böyük layihələri planlaşdırır. Sırf iqtisadi yanaşma mümkün, ya da bizim üçün məqbul olsaydı, bu mövzuya toxunmazdım heç. Məsələyə bütövləşdirici baxmaq gərəkdir. Dənizə sərbəst çıxışımızın olmadığını unutmamalıyıq. Milli mənafelərimizi və təhlükəsizliyimizi düşünəndə mütləq bunu nəzərə almalıyıq. Bu, o deməkdir ki, Gürcüstanın etdiyi, ya da Gürcüstanda baş verən hər bir şey bizi maraqlandırmalıdır. Gürcüstan bizim dənizə çıxışımızdır. Bir dəfə bunu yazmışdım - Gürcüstana Azərbaycanın uzantısı kimi baxmalıyıq. Gürcüstanın əvvəlki hökumətinin birmənalı Qərbyönümlü siyasəti bizim strateji mənafelərimizə tam uyğundu. İndiki gürcü hökumətinin etdikləri şübhə doğurur. Rusiyanın güclənməsi bizim strateji maraqlarımıza ziddir. Supsa limanında Rusiya sözükeçən tərəf ola bilərsə, bizim üçün problemlər yarada biləcək. "Gürcüstan müstəqil ölkədir", "Petrocas Enegry özəl şirkətdir" deyib məsələnin üstündən keçə bilmərik. Potensial təhlükələrə qarşı duyarlı olmalıyıq. Gürcüstanla enerji anlaşmalarımızda əlavə şərtlər qoşmalıyıq. Bugünədək bunu etdiyimizi aydın görmək olmur hələki. Məsələn, keçən yay Borçalıda oldum. Oradakı kənd sakinlərindən eşitdim ki, soydaşlarımızın yaşadığı kəndlərə qaz ya heç verilmir, ya da çox pis verilir. Onlarla qonşu olan erməni və gürcü kəndlərində isə qaz problemi çoxdan həll olunub. Gürcüstana qaz verən biz, bizimkilərin yaşadığı kəndlərdəsə qaz yoxdur. Bu, yarıtmaz siyasətdir. Gürcüstana qaz satanda bir tək pulu deyil, bir neçə əlavə şərti də nəzərə almalıyıq". Erkin Qədirli vurğulayıb ki, Gürcüstan Rusiyayla bizim maraqlarımıza potensial təhlükə yarada biləcək anlaşmaları Azərbaycanla məsləhətləşmədən edə bilməməlidir. O, qeyd edib ki, uzaq olmayan tariximizdə belə bir hadisə olub: "1920-ci ilin mayında Gəncə hərbi qarnizonu XI Qızıl Orduya qarşı qiyam qaldıranda, gürcülərlə anlaşmamız vardı ki, onlar da hərbi yardım edəcəklər. Gürcüstan bir neçə diviziya göndərmişdi də. Lakin onlar Sadaxlıya çatanda, Tiflisdən əmr gəldi və qoşunlar geri qayıtmalı oldu. Gəncə qarnizonu tək qaldı. Hərçənd, anlaşmaya görə məqsəd, Gəncədən bir yerdə Bakıya yürüş edib, Bakını bolşeviklərdən almaqdı. Hərbi baxımdan mümkün məqsəddi. Amma, Gürcüstanın o zamanki prezidenti Jordaniya Rusiyayla anlaşdı və bizə söz verdiyi yardımı geri çəkdi. Nəticədə, bolşevik qoşunları Gəncə qarnizonunun qiyamını yatırda bildi. Tarixi yanlışlıqların təkrarlanmasına yol verməməliyik. Azərbaycan doğrudan Cənubi Qafqaz adlanan bölgənin lider dövləti ola bilər. Əlavə olaraq ayıq və ağıllı olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00