Niyə müxalifət Qarabağ üçün narahat olmur?

Rövşən Məmmədli: “Milli Şura deyilən qurum yaranan gündən bir dəfə də olsun Qarabağın adını dilinə gətirmədi”

Daha bir ili arxada qoyaraq növbəti ilə qədəm qoyduq. 2015-ci ildən gözləntilər kifayət qədərdir. Xüsusilə, Dağlıq Qarabağ probleminin həllində bu il hansısa bir uğurun əldə ediləcəyinə müəyyən ümidlər var. Hər halda problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, digər beynəlxalq təşkilatlar bu cür nikbin notlarla çıxış edirlər. Ancaq beynəlxalq təşkilatların hər zaman Azərbaycana qarşı ikili standartlardan çıxış etdiyini əsas gətirərək dünya birliyinə inanmağın mənasız olduğunu düşünənlər də var.

Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli deyir ki, Qarabağın çözümünü biz öz əlimizlə Avropaya vermişik. Partiya sədrinin sözlərinə görə, sonra da onları nədəsə günahlandırmaqla baş aldada-aldada 22 il vaxt ötürdük: "Bu 22 ildə Qarabağda doğularaq,  orada böyümüş və o yerlərin cənnət-məkan olduğunu bilən insanların təxminən yarıya qədəri artıq həyatda yoxdur. Onların yerlərini tutmuş yeniyetmələr və nisbətən cavan nəsil isə nə bilir ki, Şuşa-Cıdır düzü, Topxana meşəsi nədir, Dəli dağ haradadır, başı qarlı Laçın dağlarının gözləri necə yolda qalıb. Bərgüşadın, Həkərinin cana qorxu salan şırıltısını indi eşidən yoxdur". Rövşən Məmmədlinin sözlərinə görə, tarixən Avropanın, xristian dünyasının ermənilərə dəstək verməsi nəticəsində onlar Azərbaycan ərazilərini mərhələ-mərhələ mənimsəyiblər: "Sərsəri, vətənsiz, nankor ermənilər "Daşnakstyun" Partiyası yaratdılar və bu partiyanın sayəsində yox yerdən özlərinə dövlət qurdular. Öncə İrəvanımızı, ardınca Zəngəzur, Göyçə, Dərələyəzimizi, Dilicanımızı, Qaraqoyunlumuzu və neçə-neçə ellərimizi əllərinə keçirdilər. Biz isə onlarla partiya yaratsaq da elə ərazilərimizi itirə-itirə gəlib bu duruma çıxdıq. İndi Qarabağımız tərəziyə çıxarılıb, biz isə Qarabağın sahibi olduğumuz halda kənarda qalmışıq. Kimlərsə guya bu məsələnin çözülməsi ilə "məşğuldurlar". Odur ki, 22 ildir Qarabağa həsrət qalmışıq. Həsrətə dözməyib vətənləri Kəlbəcərə doğmalarının qəbrini ziyarətə gedən soydaşlarımız Dilqəm Əsgərovla, Şahbaz Quliyevi də erməni quldurları həbs edib Xankəndində məzhəkəli məhkəmə edərək birinə 22 il, digərinə isə ömürlük azadlıqdan məhrum etmə cəzası verirlər. Bununla da bizə başa salmaq istəyirlər ki, 22 ildir Qarabağınızı əlinizdən almışıq, nəticədə bizə nə etmisiniz. Qarabağ ömürlük də bizim olacaq, gözünüzü çəkin". Rövşən Məmmədlinin sözlərinə görə, ermənilər günahsız soydaşlarımızı mühakimə etməklə, bir daha bizə göz dağı verdilər ki, gözünüzü Qarabağdan çəkin: "Unudun oranı. Acı da olsa bu belədir. Biz nə etdik?  Bu boyda haqsızlığın, ədalətsizliyin qarşısında susduq və passiv olaraq bu haqsız, ədalətsiz məhkəməni izlədik. Çoxları heç bu məhkəməni belə izləmədilər, az da olsun narahat olmadılar. Anlamadılar ki, erməni əsirliyində, türməsində olmaq cəhənnəmdən də betərdir. İndi o soydaşlarımızın ürəyində yəqin zərrə qədər də azad oluncaqlarına ümid hissləri qalmayıb. Görəsən Avropanın bizə tor quran qurumlarına dəstə-dəstə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı mənasız və yersiz məktublar yazan "hüquq müdafiəçilərimiz" indi niyə susublar. Məgər bizim bu iki soydaşımızın hüquqları ermənilər tərəfindən pozulmayıb?". Partiya sədrinin sözlərinə görə, ermənilərin məlum məhkəməsi bir daha bizə diktə edir ki, millətin milli maraqlarını milli şüura, milli ideologiyaya, vətən, torpaq sevgisinə əsaslanmadan çözmək mümkün olmayacaq: "Harada qalıb bu ölkənin müxalifəti. Bu Milli Şura deyilən qurum yaranan gündən bir dəfə də olsun Qarabağın adını dilinə gətirmədi. Mitinqlərdə, iclaslarda günahsız yerə mühakimə olunan soydaşlarımızın adlarını dillərinə gətirmədilər. Yoxsa düşündülər Avropa inciyər onlardan. Niyə müxalifət Qarabağ üçün narahat olmur? Görünən odur ki, müxalifət Avropanın sülh çağırışları ilə özünü aldadır. Müxalifət iqtidarla lazımsız deyişmələr aparmaqla 22 ili bada verdi. Hansı ki, bu dərdimizlə bağlı bir araya gəlib Qarabağı xilas etməliydilər. Bu 22 ildəki iqtidar-müxalifət münasibətlərinə baxanda, nə qədər mənasızlıqlara gedildiyinə adam heyrət edir. Ümid qalıb xalqın ayaqlanmasına. Necə ki, ötən əsrin sonlarında dünya xalqımızın haqq səsini eşidib bizimlə razılaşmalı olurdu. İndidə yalnız xalq milli birlik nümayiş etdirməli və Qarabağın erməni işğalından azadlığına nail olması uğrunda çalışmalıdır. Başqa yol yoxdur. Kim düşünürsə var, o, özünü aldadır. Ermənilər xalqımızın gücünü görməsələr ağıllanmayacaqlar".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00