Müsavat parçalanır?
Narazılar qurultaya hazırlaşır
30 Dekabr 2014 14:30 SiyasətMüsavat Məclisinin son toplantısında sabiq başqan İsa Qəmbərin "Kimsə hesab edir ki, qurultayı yenidən keçirməyə cəhd etsə, nəsə qazanacaq? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə mahiyyətini gizlədəcək..." sözləri və hazırkı başqan Arif Hacılının rəqiblərini hədələməsi partiyada narazılıqları yenidən alovlandırıb. Yeni başqanı qəbul etməyən narazılar: Vurğun Əyyub, Səxavət Əlisoy, Qubad İbadoğlu və vəzifə ümidi ilə sakit dayanmış Tural Abbaslı narazı açıqlamalar veriblər. Məclis sədri postuna ümid edən və arzuları reallaşmayan Tural Abbaslı da narazılara qoşulub. Müsavatın bütövlüyü üçün əsas təhlükə isə əvvəlki kimi Vurğun Əyyub-Qubad İbadoğlu ittifaqıdır. Verdiyi son açıqlama Qubad İbadoğlunun narazılarla birgə partiyadan gedəcəyinə açıq işarədir. Onun və narazıların partiyadan getməsi Arif Hacılının da ürəyindəndir. Ancaq bir iş var ki, narazılar partiyadan getmək istəmirlər. Onlar üzvləri partiyanın hazırkı strukturlarına tabe olmamağa səsləmək və yeni qurultay keçirmək, alternativ strukturlar yaratmaq fikrindədirlər. Qurultaydan 2 həftə sonra partiyanın yeni rəhbərliyinin başlatdığı repressiyalardan yan keçmək üçün Qubad İbadoğlu tərəfdarları partiyada qalmaqla "Demokratiya və Rifah Uğrunda" hərəkat elan etdilər. Bu qurum diqqəti yayındırmaq məqsədi güdürdü. Əsas məqsəd dediyimiz kimi Arif Hacılının repressiyalarından yan keçmək idi. İndi başlanan yeni narazılıq dalğası göstərir ki, Qubad İbadoğlu tərəfdarları tay-aut götürüb yeni qüvvə ilə irəli çıxmaq istəyirmişlər. Qubad İbadoğlu İsa Qəmbərin sözlərinə sərt bir şəkildə cavab verib: "Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır..." Aşkar görünür ki, narazılar Arif Hacılının başqanlığını tanımırlar və Müsavatda alternativ strukturlar yaratmaqda israrlıdırlar. İsa Qəmbərin narahatlığı da deyilənlərə sübutdur. Əslində hər şey İsa Qəmbər-Arif Hacılı ittifaqının istədiyi kimi gedirdi. Onlar qurultayın və Məclisin, Divanın qərarlarına tabe olmayan narazı müsavatçıları Səxavət Əlisoy kimi partiyadan uzaqlaşdıracaq, ictimai rəydə gözdən salacaq, partiyaya sahiblənəcəkdilər. Ancaq nüfuzlu müsavatçıların əks tərəfi seçməsi vəziyyəti dəyişdi. Hikmət Hacızadənin Müsavatdan istefası İsa Qəmbər-Arif Hacılı dueti üçün mənfi nəticələndi. İctimai rəydə narazılar "əzabkeş", rəhbərlik isə "avtoritar" kimi tanındı. Məclisdə Vurğun Əyyubu hədələyən Arif Hacılı bu üzdən sərt tədbirlərə əl atmadı. Ondan olsaydı, Vurğun Əyyubu partiyadan xaric edəcəkdilər. Maraqlıdır ki, sonuncu Məclis üzvü ola-ola qurumu tanımadığını bildirib. Sosial şəbəkələrdə qurultayda seçilmiş qurumlara qara aşağılayıcı sözlər yazır. Məntiqlə V.Əyyub çoxdan Müsavat üzvlüyündən çıxarılmalı idi. Ancaq Hacılı komandası buna cürət etmir. Ancaq proses sürətlə parçalanmaya doğru gedir. Qəmbər-Hacılı ittifaqını qayğılandıran Müsavatın adı uğrunda başlanacaq amansız mübarizədir. İbadoğlu qrupu Müsavat adında qurultay keçirsə ortaqlıq qarışacaq. Müxalifət partiyaları narazılar əsl Müsavat kimi tanıya bilərlər. Necə ki bunu ilk öncə Müsavat etmiş, AXCP-dən qopmuş qrupu AXCP olaraq tanımışdı. Göründüyü kimi vəziyyət Müsavat rəhbərliyinin xeyirnə deyil. Mart ayına qədər Müsavat partiyasının parçalanacağı, ortaya "Müsavat" adını saxlayan başqa bir partiyanın çıxması gözləniləndir.
Ərhun Abbas