Moskvanın forpost üzərində təsiri zəifləyə bilər

Ermənistan parlamentində Dağlıq Qarabağdakı uydurma qurumun müstəqilliyinin tanınması məsələsinə baxılacaq. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı münasibətini açıqlayan millət vəkili Sahib Alıyev bildirib ki,  bu məsələ birinci dəfə deyil ki, qaldırılır: "Levon Ter-Petrosaynla Köçəranın dövründə daşnaklar, Sərkisyan prezident seçiləndən isə İrs Partiyası bir neçə dəfə belə bir təşəbbüslə çıxış edib. Yenə də təşəbbüsçü rolunda çıxış edən həmən İrsdir, öz də bilə-bilə ki, bu addımın atılması Ermənistanı fəlakətlə üzləşdirəsidir. Çünki onda Dağlıq Qarabağ məsələsinə yanaşmada ikili standartlardan çıxış edənlərin də "münaqişə ancaq danışıqlar yoluyla çözülməlidir" deməyə daha arqumentləri qalmır. Soruşula bilər ki, Ermənistanın bu addımından sonra biz nəyin danışıqlarını aparacağıq. Bir sözlə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə ermənilər Azərbaycanın savaşa başlamaq üçün yolunu tam açmış olurlar. İrsdəkilər bunu yaxşı anlayırlar. Sadəcə populistlik edirlər". Millət vəkili qeyd edib ki, Ermənistan ancaq bir halda - forpostu olduğu dövlət ona bunu əmr etdikdə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər: "Belə də savaş qaçılmazdır. Amma indi Rusiyaya bir cəbhə də Qafqazda açmaq lazımdırmı? Düşünürəm ki, yox. Eyni zamanda orasını da dəqiq bilirəm ki, Minsk qrupu həmsədrləri içində hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinə ən az maraqlı ölkə Rusiya olduğu kimi, bizim torpaqların Ermənistanın tərkibinə qatılmasını ən çox istəməyən də məhz odur. Paradoksdur, ancaq belədir. Bu baş verərsə, onda Moskvanın forpost üzərində təsiri zəifləyə bilər. Erməni siyasətçilər də yaxşı fərqindədirlər ki, Moskvaya Dağlıq Qarabağ probleminin onların xeyrinə çözülməsi yox, çözülməmiş qalması sərf edir. Ona görə də yaxşı olardı ki, İrs Partiyası parlamentdə Dağlıq Qarabağın yox, öncə forpost Ermənistanın müstəqilliyi məsələsini qaldırsın. Əminəm ki, onlar üçün bu məsələ indi daha aktualdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00