Fuad Qəhrəmanlının noyabr tezisləri
AXCP seçkiyə ana müxalifət kimi qatıla bilməyəcək
4 Noyabr 2014 14:20 SiyasətMilli Şura noyabrın 10-da Bakıda mitinq keçirməyi planlaşdırır. Mitinq öncəsi Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının açıqlaması yayılıb. AXCP-nin "Göbbelsi", "Suslovu" adını almış məşhur ideoloqun açıqlamasını "noyabr tezisləri" adlandıraq. Qəhrəman Fuad yazır:
- Xalq Cəbhəsinin yerli təşkilatları vətəndaşların mitinqə cəlb olunması istiqamətində fəaliyyət göstərir! Sosial şəbəkələrdə məlumatlandırma işləri aparılır! Çağırış vərəqələrinin paylanması nəzərdə tutulur! Mitinqə texniki hazırlıq da yekunlaşmaq üzrədir. İnanırıq ki, mitinq möhtəşəm keçəcək!
-Milli Şura heç bir partiyaya xüsusi dəvət göndərməyəcək!
-Repressiyaların əleyhinə olan hər bir şəxs mitinqə gələ bilər.
İndi milli Suslovumuzun noyabr tezislərini şərh edək. İlk olaraq onu deyək ki, Fuad müəllim türmə görmüş, yatıb-çıxmış (özü də mitinq üstündə) adam olsa da, bu tezislərdə səhvə yol verib. Necə yəni "Xalq Cəbhəsinin yerli təşkilatları vətəndaşların mitinqə cəlb olunması istiqamətində fəaliyyət göstərir"? Bəs mitinqi Milli Şura keçirmir? Hanı bu şuranın yerli təşkilatları, yerlərdəki nümayəndələri? Fuad müəllim gərək bu "quşu" buraxmayaydı. Belə çıxır ki, AXCP Milli Şuranın elə cəbhəçilərdən təşkil olunduğunu, bir sıra müstəqillərin yalnız vitrini dolu göstərmək üçün üzə çıxarıldığını etiraf edir.
Mitinqə dəvət məsələsinə gəlincə, Fuad müəllim əslində Müsavata mesaj verir: sizi mitinqə dəvət etmirik, hətta belə pis çıxmasın, orda görmək istəmirik! Özəlliklə də, İsa Qəmbərlə Arif Hacılı gəlməsin. İşdi gəlsələr, onları heç kim tribunaya dəvət etməyəcək. Gəlin, meydanda camaatla bərabər dayanıb gedin. İstəsəniz, şüar da qışqıra, əlinizdə plakat da tuta bilərsiniz.
Mitinqin "möhtəşəmliyinə" gəlincə, bu, piardan başqa bir şey deyil. Belə şey olmayacaq. Mitinqi Şahvələd bəy aparmır, Razi Nurulla aparsa belə, izdiham olmayacaq. Çünki xalq Milli Şura ilə razı (Razi) deyil. Müxalifət bir arada olanda belə Bibiheybətdəki balaca meydanı doldura bilmirdi. Müsavat boyda təşkilat təşkilatçılardan biri deyilsə, aksiyanın zəif olacağı şəksizdir. 10 noyabr mitinqi yalnız və yalnız AXCP-nin ana müxalifət kimi təqdim olunmasına xidmət edir. AXCP-dəki və bu partiyadan kənarda fəalliyyət göstərən Müsavat düşmənlərinin tək amacı bu partiyanı müxalifət dışına salmaqdır. Əslində Fuad Qəhrəmanlının noyabr tezisləri də bu məqsədə xidmət edir. Əli Kərimlinin gənc yetirməsi hesab edir ki, Milli Şuradan çıxan bütün partiyalar özünü bitirib, Müsavat daxil hamısı müxalifət sərhədlərindən kənarda qalıb. Həqiqətən belədirmi? Doğrudanmı AXCP gələn ilki parlament seçkilərində ana müxalifət olaraq iştirak edəcək? Gələn ilki parlament seçkilərinə müxalifət təşkilatlarının:Müsavatla, Milli Şuranın ayrı-ayrılıqda qatılacağı şəksizdir. İnsan resuprsları, mediadakı təmsilçiləri baxımından Müsavat AXCP-dən üstündür. Seçkiyə qədər AXCP-dən, Milli Şuradan olacaq istefaları da nəzərə alsaq, o zaman qüvvələr bərabər olacaq. Bu baxımdan söyləmək olar ki, AXCP seçkiyə ana müxalifət kimi qatıla bilməyəcək.
Ərhun Abbas