Ermənistanda anti-hakimiyyət aksiyasının pərdəarxası: Dağlıq Qarabağ Azərbaycana qaytarılır?
Qaqik Tsarukyanın Rusiya hakimiyyəti ilə məsləhətləşmək üçün ölkədən getdiyi deyilir
4 Noyabr 2014 14:17 SiyasətNoyabrın 17-də Ermənistan parlamentində ölkənin Avrasiya İttifaqına qoşulması ilə bağlı sənəd imzalanacaq. Tarix erməni şərhçiləri tərəfindən Sarkisyanın hakimiyyətdən gedəcəyi gün kimi dəyərləndirilib. Politoloq Haykazn Qaqriyanın fikrincə, bu, parlamentdə sözügedən sənətin təsdiq edilməməsi ilə bağlı ola bilər. "Artıq yalnız ekspert səviyyəsində deyil, həm də rəsmi səviyyədə bildirirlər ki, Avrasiya İttifaqına daxil olmaq Ermənistan üçün fəlakətli nəticələr verəcək" - deyə politoloq sənədin parlamentdən keçməyəcəyini ehtimal edir. Onun fikrincə, sənəd qəbul edilməsə ölkədə daxili siyasi hadisələrin inkişafı növbədənkənar seçkilərə səbəb ola bilər. "Əgər parlamentin doğrudan da ağlı başındadırsa, o, bu sənədin təsdiqini təxirə salmalıdır. Əks halda, o, tarixə Ermənistan dövlətçiliyini satmış Milli Məclis kimi düşəcək" - deyə Qaqriyan vurğulayıb. Qaqriyandan dərhal sonra "Haraparak" qəzeti maraqlı iddia ilə çıxış etdi. Qəzet Erməni Milli Konqresi (Levon Ter-Petrosyan), Çiçəklənən Ermənistan (Qaqik Tsarukyan) və İrs Partiyalarının (Raffi Ovanesyan) İrəvan və regionalarda Sərkisyanı devirmək üçün imzatoplama kampaniyasına başlayacağını bildirib: "Müxalifət bununla Rusiyanın reaksiyasını yoxlamaq niyyətindədir. Çox güman ki, "Üçlük" yanvar-fevral aylarınadək, yaxud Ermənistanın Gömrük İttifaqına üzv olmasındadək gözləyəcəklər. Tsarukyanın Rusiya hakimiyyəti ilə məsləhətləşmək üçün ölkədən getdiyi deyilir. Lakin onun mətbuat xidmətinin rəhbəri İveta Tonoyan Tsarukyanın Ermənistanda olduğunu bildirdi. Lakin məsələ Tonoyanın dediyi kimi sadə deyil. Qaranlıqdır".
Rusiyanın erməniləri narahat edən qərarı
Sərkisyanın Moskva ilə yaxınkaşmasının etiraz dalğası ilə qarşılanması birmənalı deyil. Müxalifət və xalq prezidenti Ermənistana "xəyanət"-də ittiham edir. Xəyanət faktorunun isə Dağlıq Qarabağ məsələsi ilə birbaşa əlaqəsi var. Ermənilərə görə, Ermənistanın quruma üzvlüyü Dağlıq Qarabağın tamamilə itirilməsilə nəticələnəcək. Çünki bundan sonra Rusiya Azərbaycanın Avrasiya İttifaqına cəlb etməyin yollarını axtaracaq. Yeganə çıxış yolu isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında keçir. Rəsmi Bakının məsələdə birmənalı mövqeyi var: - Azərbaycan heç vaxt işğalçı tərəflər eyni bayraq altında inteqrasiyada ola bilməz. Dağlıq Qarabağ problemi Azərbaycan üçün milli məsələdir. Eyni zamanda beynəlxalq imicini istiqamətləndirən təməl vasitədir. Ona görə, Avrasiya İttifaqına üzvlükdən əvvəl inteqrasiyanın təmin edilməsi üçün münaqişənin həlli son dərəcə əhəmiyyətlidir. Rusiya tərəfindən də nəzərə alınan məsələ erməniləri narahat edir və Sərkisyana qarşı qaldırır.
Sərkisyan diasporanın planını pozdu
Daxildə iqtidara qarşı başlamış etiraz aksiyasının arxasında xaricdəki erməni diasporası dayanır. Çünki uzun illərdir ki, diaspora Dağlıq Qarabağın ermənilərə aid olması üçün milyonlar xərcləyib. Məqsəd üçün ABŞ və Avropa parlamentlərində təmsil olunan lobbilərə yardım ayırıb. Sərkisyanı da maddi siyasətinə tabe edib. İndi siyasi iradəsi əlində olmayan Sərkisyanın relsdən kənara çıxması, diasporanı aqressivləşdirib. Bu da hakimiyyəti kökündən laxladır. Təbii ki, diaspora və erməniləri narahat edən əsas amil Rusiya ilə bağlıdır. Moskva məsələnin 2015-ci ilin yanvarınadək həllinin tərəfindədir. Həlldə isə Ermənistana güzəşt müzakirə olunmur. Nəticədə isə Ermənistanda anti-Sərkisyan dalğası baş qaldırır. Lakin mübarizədə müxalifət və diasporanın uğur qazanması ehtimalı sıfırdan aşağıdır. Çünki bütün Ermənistan və hakimiyyətin ipinin Rusiyanın əlində olması heç kəsə sirr deyil. Ukraynadan fərqli olaraq, Qərbin Rusiyada əhəmiyyətli dayaqlara sahib olmaması da anti-Sərkisyan qüvvələrinin ümidlərini heçə endirir. Hər halda yanvarın 1-dək cavabsız suallara aydınlıq gətiriləcək.
Ömər Zamin