Demokratiyadan dəm vuran Avropa Parlamentinin ədalətsiz qərarı
“Bütöv bir ölkənin, habelə milyonlarla vətəndaşın mənafeyinə toxunan qərəzli qərarlar demokratik hesab edilə bilməz”
27 May 2021 11:41 Problem"Bütöv bir ölkənin, habelə milyonlarla vətəndaşın mənafeyinə toxunan qərəzli qərarlar demokratik hesab edilə bilməz"
"Demos" xalq, "kratos" hakimiyyət anlamına gələn demokratiya məfhumunun tarixinə qısaca nəzər salsaq görərik ki, dünyada bu sözə xidmət edən heç bir dövlət yoxdur. Demokratiya üçün yaxasın cıran dövlətlərdə belə demokratiyanın əsil mənasında heç bir demokratik sistem yoxdur. Yəni demokratiyadan dəm vuran güc mərkəzləri belə bu sözü özlərinin mənafeyinə uyğun istifadə edirlər. Qərbin demokratiya pərdəsi aldında müdaxilə edərək hakimiyyət dəyişikliyi etdiyi bütün Yaxın şərq dövlətləri bu gün ağır, səfil həyat sürür. Məhz bu gün bu hal daha qabarıq halda görünür. Ən müxtəlif ictimai-iqtisadi formasiyalarda insanların sivil, ədalətli, azad və firavan dövlətdə yaşamaq, hakimiyyət üzərində ictimai nəzarəti təmin etmək arzusu ibtidai demokratik təsəvvürlərin formalaşmasına təkan vermiş, lakin minilliklər boyu bu ümumbəşəri ideala qovuşmaq heç bir xalqa nəsib olmamışdır. Demokratiya ilğım xarakterli olub sadəcə şirin arzulardan və utopiyadan ibarətdir. Demokratik cəmiyyət təkcə fikr azadlığı altında anarxiya demək deyil. Vəkil Rövşən Qasımov deyir ki, Yaxın Şərq və Şimali Afrikada ötən illərdən başlayan "Ərəb baharı" hadisələri bir daha Qərbin iyrənc siyasi maraqlarını ortaya qoydu. Qərb, şübhəsiz ki, hadisələrdə fəal iştirakına demokratiya carçısı olduğunu iddia etməklə haqq qazandırdı. Lakin hadisələr onu göstərdi ki, demokratik tələblərin arxasında iqtisadi faktorlar dayanmışdır. Bu iqtisadi faktorlar demokratik ideyalarla silahlansa da "rüşvəti açıq şəkildə yox, konvertdə təqdim etmə" üsulunu daha çox xatırlatdı. Doğrudur, bu gün Qərb ölkələrində insan haqlarını müdafiə edən çoxsaylı hüquq müdafiəçiləri və təşkilatlar mövcuddur. Lakin hüququn aliliyini tələb edən bu qurumlar və şəxslər də Qərb dövlətlərinin ideoloji maraqları kontekstindən kənara çıxmaqda acizdirlər: "Şərq dövlətlərinə, xüsusilə Türkiyə və digər İslam ölkələrinə qarşı bu və bu kimi qeyri-etik hadisələr, terror aktları törədilərkən susmaq demokratiyanın deyil, əksinə Qərbin ziddiyyətli antüTürk, anti müsəlman maraqlarının əyani göstəricisidir. Bu, ikili standartların yaranması və tətbiqidir. Demokratiya sülhü, bərabərliyi, dostluğu, sivilizasiyaların dialoqunu, azad sözü, azad sahibkarlığı, bötövlükdə insan amilini təbliğ etsə də, bu gün bu adın arxasında gizlənən məqamlar onun əsas mahiyyətinin açılmasına mane olur. Demokratik təsisatların dünyanın hər yerində fəaliyyət göstərməsi, inzibati binaların tikilməsi, nümayəndəliklərin açılması hələ də əksər yerlərdə formal xarakter daşıyır və həqiqətin bərqərar olması anlamına gəlmir".
Onun sözlərinə görə, Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə, bu mənada, ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdır. Sənəddə Azərbaycanda guya "söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanmışdır. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdir. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması da onun qərəzliliyinə şübhə yeri qoymur: "Bütöv bir ölkənin, habelə bu ölkənin milyonlarla vətəndaşının mənafeyinə toxunan qərəzli qərarlar qəbul edilməsinə imkan verən hal demokratik hesab edilə bilməz. Belə qərarların qəbul edilməsi ən azından ədalətsizlikdir. Ədalətsizliklə demokratiya yol yoldaşı ola bilməzlər. Görünür, Avropada spesifik bir "Qərb demokratiyası" və yaxud Qərbin mənafelərinə xidmət edən "ünvanlı demokratiya" mövcuddur. Demokratiya siyasiləşəndə konkret "ünvanlar"a xidmət etməklə eybəcər görkəm alır ki, bu da əsl demokratiya hesab edilə bilməz".
R.Qasımov qeyd edib ki, Azərbaycanla bağlı qərəzli qətnamənin "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilməsi də heç bir normal məntiqə sığmır: "Görəsən, ölkədə təxirəsalınmaz, haqqında təcili tədbir görülməsi vacib olan nə baş verib? Bir sıra Avropa ölkələrindən fərqli olaraq, ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Hamı bilir ki, Avropanın bir sıra ölkələrində ictimai-siyasi vəziyyət heç də yaxşı deyil. Məsələn, bu gün Yunanıstan, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdə də sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada, amansızlıqla alınır. Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini şübhə altına alır. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etməsinin başqa izahı ola bilməz. Bu mənada, Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Korrupsiya bəzi ölkələrin rəhbər şəxsləri səviyyəsində dəstəklənir. Fransanın keçmiş prezidentləri Jak Şirak, Nikola Sarkozi, İtaliyanın sabiq baş naziri S.Berluskoni korrupsiyada ittiham olunurlar. Siyasi, milli-etnik və dini dözümsüzlüyün özünü qabarıq göstərməsi bu ölkələrdə mənəviyyat problemlərini də kəskinləşdirmişdir. Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir. Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana bilərlər. Əgər sabah hansısa "beynəlxalq təşkilat" "Azərbaycanda yad planetlilərin hüquqlarının pozulduğunu", "atmosfer havasının israf edildiyini", yaxud da "Azərbaycanın sürətli inkişafının digər ölkələrdə məyusluq hissi doğurduğunu" ciddi problem kimi qabardaraq absurd qətnamələr qəbul etsə, görünür, bunlara təəccüblənmək lazım gəlməyəcək. Çünki ölkəmizin əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bədnam qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq! Həmin qüvvələr başa düşməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, qərarlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir. Təəssüflər olsun ki, Azərbaycan xalqı uzun tarixi zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın supergücləri terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addım atmayıblar. Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz yumublar. Dünyada özləri haqqında "əzabkeş və məzlum millət" imici yaratmağa çalışan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. Erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Analoji hadisələrə əks münasibətlərin sərgilənməsi isə "ikili standart"ların bariz nümunəsidir. Bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər mövcuddur".
Zəka