Avtobuslarda sürücü tərbiyəsizliyi və yollarda kütləvi qırğın - AKTUAL
Məhv olan ailələrin məsuliyyətini kim daşımalıdır
8 Yanvar 2013 13:58 ProblemYeni ilin ilk günləri yenə də dəhşətli yol qəzaları ilə başlandı. Yanvarın 8-də Bakı-Qazax-Gürcüstan yolunda dəhşətli yol qəzası baş verib. Sərnişin avtobusunun "VAZ-2106" markalı minik maşını ilə toqquşması nəticəsində "VAZ-2106"-da olan şəxslərin hamısı - Hüseynov Anar Hidayət oğlu, Babayev Murad Əbülfəz oğlu, Babayeva Çiçək Nazim qızı, Nağıyeva Leyla Nazim qızı və Nağızadə Nağı İdris oğlu hadisə yerindəcə keçiniblər. Sürücü məsuliyyətsizliyi və yüksək sürət iki ailəni yer üzündən silib. İki gənc ailə faciəli halda həlak oldu. Həmin gün daha bir məlumat yayıldı. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Quba yolunun 40-cı kilometrliyində, Sumqayıt şəhəri ərazisində, Sumqayıt şəhər sakini Bəybala Yusifovun idarə etdiyi "Hyundai" markalı avtobus Həsrət Fərzəliyevin idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə H. Fərzəliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun idarə etdiyi maşında olan qızı Sona Fərzəliyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu da daha bir ailənin faciəsi. Yenə də sərnişin avtobusu, yenə də bir ailənin faciəsi. Bu vaxta qədər baş verən qəzalarda şəxsi minik avtomobillərinin sayı çox olurdu və günahı avtoxuliqanlarda görürdük. Amma son vaxtlarda baş verən yol qəzaları isə avtobus sürücülərinin məsuliyyətsizliyinin nəticəsidir. Bu cür hallar ötən ildən etibarən durmadan artır. Ötən ilin sonlarında Bakı və Bakıətrafı ərazilərdə baş verən avtobus qəzalarında onlarla insan həyatını, onlarla insan isə sağlamlığını itirdi. Amma bu hadisələr aidiyyəti qurumlara təsir etmədi. Hadisələrin qarşısının alınmaması bu cür faciələrin sayının artmasına səbəb oldu. Nəticədə 2013-cü ilin ilk günlərində daha iki avtobus qəzası baş verdi. Artıq avtobus qəzaları Azərbaycanda kütləvi qırğın səviyyəsinə çatmağa başlayıb. Bu da bir terrordur-özü də Azərbaycanın aidiyyəti dövlət qurumlarının əhaliyə qarşı terroru. Bəlkə də bəziləri məni bu sözümə görə qınayar. Amma əslində bu həqiqətdir, acı həqiqət. Azərbaycanda nəqliyyat sahəsindəki özbaşınalıq sonda bu cür terrorla nəticələnir ki, bunun da qarşısının alınması üçün lazımi tədbirlər görülmür. Demirəm ümumiyyətlə tədbirlər görülmür, yox görülür. Amma görülən tədbirlər qabaqlayıcı olmur. Yəni bu tədbirlər o qədər də effektiv alınmadığından yol qəzalarının sayı azalmaq əvəzinə artır.
Azərbaycanın "Transqeyt" bəlası
Avtobus qəzalarının baş verməsinin səbəbkarı olan iki qurum Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi İdarəsidir. Bu sahədə bəzi dövlət qurumlarının da məsuliyyəti olmasına baxmayaraq əsas məsuliyyət bu iki qurumun üzərinə düşür. Səbəb ondasn ibarətdir ki, marşrutlara birbaşa nəzarət Nəqliyyat Nazirliyindədir. Dəxli yoxdur, marşrutların bəzilərinin sahibləri Nəqliyyat Nazirliyinin işçisi deyil və azad sahibkardır. Amma, heç son vaxtlar həmin marşrutlar da ləğv edildi və onun bazasında Azərbaycanın nəqliyyat sahəsini monopoliyaya alan "Transqeyt" şirkətinə məxsus marşrutlar açıldı. Bu da onu deməyə əsas verir ki, marşrutlar müəyyən yollarla Nəqliyyat Nazirliyinin çətiri altında birləşdirildi. Amma, Nəqliyyat Nazirliyi və "Transqeyt" MMC marşrutlardakı avtobusların, həmin avtobusları idarə edən sürücülərin səviyyəsinə fikir vermədi. Yəni, "marşrut varsa, pul qazanmaq olar" prinsipi bu qurumların ictimai maraqları düşünməsinə mane oldu. İctimai marşrut həmin qurum rəhbərlərinin biznes maraqlarına qarışdırıldı. Buna görə də marşrutlarda vəziyyət, ictimai nəqliyyatın hərəkət qrafiki deyil, maşınların gətirdiyi gəlir məsələsi önə çəkildi. Bu pərakəndə siyasətin sonunun isə faciələrlə nəticələnəcəyinə heç kim şübhə etmir. Yəni, məsuliyyətsizlik və pərakəndəlik sonda acı nəticələrlə sonuclanır, bu danılmazdır.
Sahibkarın pul tələbi, sürücülərin ölüm tələsi
Marşrut avtobuslarının yol qəzalarını törətməsinin birinci səbəbi bu məsuliyyətsizlik olsa da, həmin məsuliyyətsizlikdən pis mənada istifadə edən sürücülərin də günahı əsas məqamlardandır. Bu gün hamı, bütün Bakı sakinləri və Bakıdakı marşrutlardan istifadə edən sürücülər marşrut avtobuslarındakı sürücü tərbiyəsizliyinin şahidi olur. Bu məsələ artıq dəfələrlə ictimai qınağa, ictimai etiraza səbəb olsa da, cavabdeh qurumlar nə ictimaiyyətə cavab verib, nə də problemin qismən də olsa çözülməsinə cəhd edib. Çünki həmin tərbiyəsiz sürücüləri bu marşrutlarda işə götürən şəxslərin özləri məsələdən xəbərdardır. Amma, bu şəxslərə keyfiyyətli xidmət deyil, artıq qazanc lazımdır. Hansısa sərnişinin avtobusda rahat və təhlükəsiz mənzil başına çatması nə sahibkara, nə də Nəqliyyat Nazirliyinə sərf etmir. Daha düzünü desək, bu proses onlara gəlir vermir. Bu şəxslərə gəlir gətirən avtobusun gün ərzində marşrut xəttində bir dəfə artıq hərəkət etməsidir. Çünki onda sahhibkar "Transqeyt" şirkətinin kassasına daha artıq pul daxil olur. Həmin pul da sürücülərin sərnişinlərlə mülayim davranışı, onların təhlükəsizliyini fikirləşməyə imkan vermir. Nəticədə sahibkar sürücüdən keyfiyyət əvəzinə pul tələb edir. Bundan istifadə edən sürücülər də avtobusları istədikləri kimi idarə edirlər. Nə dayanacaq tanıyırlar, nə yol hərəkəti qaydaları gözləyirlər və sair. Bunun da sonu ağır qəzalar və insanların kütləvi qırılmasına gətirib çıxarır. İş o həddə çatıb ki, tıxaclarda, yollardakı bərbad vəziyyətlərdə sürücü sahibkarın qorxusundan qaydaları yaddan çıxarır, yoldakı maneələrə deyil, axşama atrtıq qazanca fikir verir.
"Avtoş" avtobus sürücülərini himayə edən DYP əməkdaşları
Yol qəzalarına şərait yaradan qurumun digəri isə yuxarıda adını çəkdiyim Dövlət Yol Polisi İdarəsidir. Bu qurumun əməkdaşları əslində avtomobil yollarında avtomobillərin hərəkətinin tənzimləməlidir və müəyyən mənada bunu da yerinə yetirmirlər. Demirəm ki, yol polisləri ümumiyyətlə belə bir vəzifənin öhdəsindən gələ bilmir. Gəlir, amma bəzi hallarda onlar taksi sürücülərinə, avtobus sürücülərinə güzəştlər edirlər. Bu güzəştlər də yol polislərinin maddi maraqlarına xidmət edir. Maddi maraq naminə edilən güzəştlər də sonda yol qəzalarının sayını azaldır. Belə ki, marşrut sahibi sürücünün çox pul qazanması üçün onu aidiyyəti yol polislərinə tapşırır. Bu tapşırığın isə əvəzi yol polisinə ödənilir. Buna görə də yol polisi magistral yollarda şəhərdaxili və şəhər kənarında həmin marşrutlardakı avtobuslara mane olmur. Bundan istifadə edən avtobus sürücüsü də yol hərəkəti qaydalarını pozur və qəza törədir. Yol polisi də qəza törədilməmiş avtobus sürücülərinin hoqqalarına göz yumur. Sürücülər heç bir maneədən qorxmayaraq marşrut xəttində avtobusları elə idarə edirlər ki, sanki onlar marşrut deyil, rallidə maşın yarışına çıxıblar. Magistral yollarda saatda 120-140 kilometr sürətlə avtomobil idarə edən bu sürücülər avtobusda 40-50 ailənin taleyinin ondan assılı olduğunu yaddan çıxarır. Həmin sürücülərin təhlükəli avtobus idarə etdiyini görən DYP əməkdaşları da buna göz yumur.
Samir