Adı ilə fəxr etdiyim Azərbaycanın Milli Qəhrəmanı özünə niyə nifrət edir? - ŞİKAYƏT
19 Dekabr 2012 14:04 ProblemDünən Azərbaycanın qəhrəman oğullarından olan bir dostumuzla marşrutda rastlaşdım. Adını çəkmək istəmirəm. Həmin şəxs Azərbaycanın sağ qalan 18 Milli Qəhrəmanından biridir. Marşrutda onunla rastlaşmağıma sevindim, çoxdandı görmürdüm. Mən əvvəldən də bu insanla fəxr etmişəm və indi də fəxr edirəm. Ən azından ona görə ki, o və onun kimi igid oğullarımız Azərbaycanın şanlı və qanlı tarixinə öz adlarını qanları, canları bahasına yazan insanlardır. Amma onunla marşrutda təxminən 15 dəqiqəlik söhbətim zamanı etdiyi gileylərdən bir azərbaycanlı kimi utandım. Xeyr, məni nə danlamırdı, nə də günahlarımı demirdi. Özündən və öz problemlərindən danışırdı. Elə danışırdı ki, onun danışdıqları məni öz-özümə nifrət etməyə vadar edirdi.
Təqaüdünü almağa gedirdi bu qəhrəman. Xatırladım ki, həmin şəxs hazırda ehtiyatda olan polkovnikdir. Milli Qəhrəman adına görə 600 manat təqaüd alır. İlk öncə marşruta minəndə mənə "Nə yaxşı tanıdın məni?" sualını verəndə fəxrlə onu tərifləməyə başladım. "Sizi tanımamaq günahdır, müəllim. Bizi kimsə tanımaya bilər. Amma sizi bütün Azərbaycan tanımalıdır. Çünki siz Azərbaycanın canlı tarixi, Milli Qəhrəmanısınız" deyəndə o ciddi halda şəhadət barmağını dodaqlarına sıxıb "Sus!"dedi. Təəccüblə bunun səbəbini soruşanda isə məndən xahiş etdi ki, heç vaxt ictimaiyyət içində onu elə bir adla təqdim etməyim. Və sonra buna açıqlama da verdi. Bildirdi ki, o Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərə atılanda bu əməlləri ilə fəxr edib. Düşmənə qarşı sinəsini sipər edəndə fəxr edib, Milli Qəhrəman adı alanda da fəxr edib. Amma indi bu adı hardasa təqdim etməyə utanır.
Milli Qəhrəman niyə bu ada görə utanır?
Bunun da səbəbini soruşdum. Cavabını da aldım. Milli Qəhrəman deyir ki, artıq neçə illərdir ki, onu heç kim yada salmır. Döyüş bölgəsində hərbi hissə komandiri olanda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri belə onunla fəxr etdiyini bildirib: "Elə zabitlər var idi ki, hərbi hissəyə gələndə az qalırdılar mənə səcdə etsinlər, hər dəfə deyirdilər ki, guya mənimlə fəxr edirlər. Amma indi onların heç birinin qəbuluna belə düşə bilmirəm. Problemlərim başımdan aşır, bir problemimi həll etmək istəyəndə, onlardan kömək istəyəndə mənə elə aşağı səviyyəli insan kimi baxırlar ki, Milli Qəhrəman adını daşımağa xəcalət çəkirəm. Amma hansı ki, bu ad mənə təqdim olunanda sevincimin həddi-hüdudu yox idi. Onda həm də vəzifədə idim-hərbi hissə komandiri. Demək olar ki, hər gün və ya günaşırı həmin vəzifəli şəxslər mənimlə, səhhətimlə, vəziyyətimlə maraqlanırdılar. Deyirdim ki, dünyanın ən xoşbəxt adamıyam. Çünki vətənimin müdafiəsində iştirak etdiyim üçün, göstərdiyim şücaətin layiqli qiymətini almışam. Onlarla yüksək rütbəli zabitlər məni tez-tez yoxlayır, mənimlə söhbətləşməkdən qürur hissi keçirirdilər. Məclislərdə məni yaxın dostlarına fərəhlə təqdim edirdilər ki, bu Milli Qəhrəmandır. Amma indi yolda həmin adamlar məni görəndə salam vermək belə istəmirlər. Bilirəm, onlar artıq yüksək rütbəli zabitlərdir və özlərinin xüsusi kabinetləri, köməkçiləri, xidməti avtomobilləri, imkanları, bağ evləri, istirahət mərkəzləri var. Mənim isə artıq nə hörmətim var, nə də imkanım. Bilirlər ki, indi mənimlə görüşəndə onlar heç nə qazanmayacaqlar. Əvvəllər onlar Bakıdakı hərbi hissələrdə aşağı vəzifələrdə çalışanda mən polkovnik rütbəsində hərbi hissə komandiri idim. Onda həm sözüm eşidilirdi, həm hörmətim var idi. O vaxt Milli Qəhrəman adı alan adama isə əlçatmaz şəxsiyyət kimi baxılırdı. Çünki hər oğlan sinəsini güllə qarşısına verə bilmirdi. Amma indi müharibədə atəşkəs tətbiq olunub, sərbəst xidmət keçirilir, müəyyən imkanlar hesabına da hərbi vəzifə artırılır. Ona görə də indi bizi sayan yoxdur".
Polis serjantı qədər haqqı olmayan polkovnik Milli Qəhrəman
Polkovniklə söhbət edərkən marşrut dayanacaqda saxladı və bir polis serjantı marşrutdan gediş haqqını vermədən düşdü, sürücü isə ona heç bir söz demədi. Məlum oldu ki, polislər marşrutlardan pulsuz istifadə etmək hüqüquna malikdirlər. Bunu görən Milli Qəhrəman dərindən köks ötürüb həmin məsələyə toxundu: "Bax qardaş, bu polis serjantı, mən isə müharibədə can qoyan polkovnik Milli Qəhrəman. Mən bu cür hadisələri görüb necə utanmayım? Polkovnik Milli Qəhrəmanın belə bir hüququ varmı? Əlbəttə yoxdur. Çünki biz döyüşmüşük, torpağımız, vətənimiz, xalqımız uğrunda döyüşlərə atılmışıq. Hər anımız ölüm olub, ölümlə bizi bir saniyəlik vaxt ayırıb. Bu polis serjantı isə heç bir hərbi təhsil görmədən, heç bir döyüşdə iştirak etmədən hansısa bir adi məktəb bitirib müəyyən yollarla polisdə serjant rütbəsi alıb. Amma onun da hüquqlarına bax, mənim də. Mən indi düşəndə sürücüyə desəm ki, polkovnik Milli Qəhrəmanam, deyəcək gözüm aydın, gediş haqqını ver. Amma ona heç kim heç nə demir. Bu gün prezidentin Milli Qəhrəmanlara təyin etdiyi 600 manat müavinətdən başqa heç bir yerdən gəlirim yoxdur. Ailə üzvlərim də 9 nəfərdən ibarətdir. Bu pulla ailəmi zorla saxlayıram. Amma mən döyüşlərdə olanda hərbi xidmətdən boyun qaçıran, Azərbaycanı tərk edənlər indi mənim qonşuluğumda xarici maşınlarla gəzir, bahalı mənzillərdə yaşayır. İndi sən de ki, kim haqlıdır?"
Milli Qəhraman vacibdir, yoxsa mənəviyyatımızı məhv edən müğənnilər?
Milli Qəhrəmanın bu cür danışmağı məni doğurdan da düşünməyə vadar etdi. Budurmu bizim qeyrətli oğullarımıza verdiyimiz qiymət? Budurmu vətən yolundan canından keçmək. Bu gün Azərbaycanda cəmi 18 sağ Milli Qəhrəmanımız var. Bir müddətdən sonra onlar da tədricən dünyasını dəyişəcək. Amma biz hələ də bu insanlara layiqli qymət verə bilməmişik. Bu gün də bunların qədrini bilmirik və bəlkə də tanımırıq. Bu gün Azərbaycan gəncləri Milli Qəhrəmanlar əvəzinə telekanallarda gözümüzü yara edən, xalq artistləri adı ilə Azərbaycanı biabır edən bəzi qadın müğənnilərin bütün həyatını bilir. Amma, heç kim bir Milli Qəhrəman həyatı barədə məlumat almaq istəmir. Məgər Azərbaycan tarixini yazanlar həmin müğənnilərdir, ya Milli Qəhrəmanlar, igidlər? Azərbaycanın imicinə nalayiq hərəkətləri ilə xələl gətirən müğənniləri dünya şöhrətli etmişik, amma Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı tanımırıq. Niyə? Bu sualı arabir özümə də verirəm. Çünki mən də bu ölkənin vətəndaşıyam və mənim kimi hər bir Azərbaycan vətəndaşı Azərbaycan igidlərinə, şəxsiyyətlərinə hörmətlə yanaşmalı, onlara əlçatmaz şəxsiyyət kimi baxmalıdır.
Samir