Paytaxtın tıxac problemi... - AKTUAL
Metaldaşıma sərnişindaşımadan urvatlı olub
19 Dekabr 2012 14:01 ProblemQış mövsümünün ilk qarlı-yağışlı havası özü boyda problemlər gətirib. İşıq, qaz, su problemləri ömrümüzə-günümüzə hakim kəsildiyindən bu dəfə sözügedən məsələlərə toxunmayacağam. Çünki bu barədə hansısa çatışmazlığı qabartsam, cavabdeh qurumlar öz məntiqsiz izahatları ilə məni borclu çıxaracaqlar. Bu dəfə gündəlik həyat tərzimizə çevrilmiş, ənənəvi tıxac məsələsinə toxunmaq istərdim. Paytaxtda tıxac məsələsi o dərəcədə qarşısı alınmaz problemə çevrilib, insanların həyat tərzini o dərəcədə pozub ki, artıq universitetlərdə dərslərin bir saat gec başlanması məsələsi gündəmə gəlib. Məlumat üçün qeyd edək ki, Azərbaycanda yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər bir sıra yeniliklərlə müşahidə olunsa da rahatçılıq baхımından bəzi problemlər yaradır. Xüsusən, paytaхtın mərkəzi küçələrində salınan yeni yollar şəhər sakinləri üçün əlavə problemə çevrilib. Hər küçənin bir neçə dəfə təmirə dayanması nəqliyyatın hərəkətini iflic vəziyətinə salır ki, nəticədə vətəndaşlar mənzil başına çatmaq üçün saatlarla vaхt itirmiş olurlar. Demək olar ki, şəhərin bütün küçələrində, şəhərətrafı rayonlara gedən yollarda eyni vəziyyət hökm sürür. Təmir-bərpa işlərinin eyni vaхtda bütün küçələrdə həyata keçirilməsi isə şəhər təsərrüfatında nizamın tamamilə pozulmasına səbəb olub. Üstəgəl qış vaxtında yolların sürüşkən olması, əksər küçələrin cu gölməçələri ilə dolması təsəvvür edilməz dərəcədə acınacaqlı vəziyyət yaradır. Artıq bir neçə gün əvvəl paytaxta düşən ilk qar şəhər infrastrukturunu əməlli-başlı iflic vəziyyətə salıb. Yaranmış ən böyük problemlərdən biri avtomobillərin tıxacıdır ki, hələ də bunun qarşısını almaq mümkün olmayıb. Əslində aidiyyati qurumlar tərəfindən bu istiqamətdə heç cəhdlər də olmayıb, odur ki, ümid sürücülərin insafına qalıb. Sürücülərə də Allah insaf versin. Paytaxtda ən çox tıxac yaranan ərazilərdən biri də Azadlıq prospekti metrosundan Binəqədi rayonuna gedən yollarda müşahidə olunur ki, artıq burada hökm sürən tıxac sözün əsil mənasında insanları bezidib. Əvvala onu qeyd edək ki, sözügüdən ərazidə avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yol olduqca dardır, yolun hər iki tərəfində tikilən obyektlər yola çıxarılıb və hər iki tərəfdə taksilər iki cərgədə düzülüb. Rəsulzadə qəsəbəsindəki bazarın qarşısında isə taksi sürücüləri əsl bazar açıblar. Bakıətrafı kəndlərə gedən avtobuslar arasındakı interval on dəqiqələrlə müəyyən olunmasına baxmayaraq həmin avtobuslar kartof kisəsi kimi təpilməsə hərəkətə gəlmir. Bu ərazidə saatlarla davam edən tıxac əsasən metaltokmə zavodunun qarşısında baş verir. Hər gün səhər-axşam davam edən tıxac rayon əhalisinin həyat fəaliyətini iflic edib. Demək olar ki, bu ərazidə heç bir kəs nə işə, nə də mməktəbə vaxtında çata bilmir. Çünki, avtobuslar cəmi beş dəqiqəlik məsafəni 1,5-2 saata qət etməli olurlar. Özü də eyni proses hər gün davam edir. Sakinlərin verdiyi məlumata görə, "Zəngəzur" şadlıq sarayından metaltökmə zavoduna qədər olan ərazidə tıxac sünii şəkildə yaradılır. Belə ki, dörd yol ayrıcında yerləşən zavodda iritutumlu metaldaşıyan avtomobillər axşam saat 6-da hərəkətə keçir. Belə avtomobillərin sayı isə onlarladır. Təsəvvü r edin ki, bu yük avtomobillərinin 4-5-i Rəsulzadə qəcəbəsindən Binəqədiyə qədər olan ərazini zəbt etmək dərəcəsindədir. Bu axmış kimi ərazidəki polis əməkdaşları yalnız həmin avtomobillərin hərəkətini tənzimləməklə məşğuldur. Halbuki iritutumlu yük avtomobillərinin mərkəzi küçələrdə hərəkətinə axşam saat 8-dən sonra icazə verilir. Sakinlərin bildirdiyinə görə, artıq bir neçə həftədir ki, Binəqədi sakinləri Azadlıq prospekti metrosundan kəndə qədər piyada getmək məcburiyyətində qalıblar. Yerli sakinlər işə, məktəbə, hətta xəstəxanaya vaxtında çata bilmirlər. Avtobuslar isə yalnız Sumqayıt və Bakıətrafı kəndlərə doğru hərəkət edirlər ki, bu da 2-3 saat vaxt aparır. Ekspertlərin fikrincə, şəhərin mərkəzi küçələrində belə vəziyyətin yaranması təmir-bərpa işlərinin kompleks şəkildə həyata keçirilməməsi ilə bağlıdır. Belə ki, istənilən halda, bu işləri həyata keçirən təşkilat digər aidiyyəti orqanlarla razılaşdırılmış plan üzrə hərəkət etməlidir. Təəssüf ki, aidiyyəti təşkilat nəinki digər qurumlarla "əlbir" işləyir, əksinə, onların işinə mane olur. Özü texniki yardım göstərmək əvəzinə, digər orqanların iş görməsi üçün razılıq məktubunu belə aylarla gecikdirir. Nəticədə yol çəkilir, sonradan kanalizasiya, istilik, su və elektrik enerjisinə cavabdeh olan strukturlar ardıcıl olaraq yolu dağıdaraq infrastrukturu yeniləşdirirlər. Bu sahədə iş o qədər primitiv aparılır ki, hətta yol çəkilib qurtardıqdan sonra kanalizasiya sisteminin quraşdırılması həyata keçirilir. Bu isə bir küçənin uzun müddət bağlı qalması ilə nəticələnir.
Sözügedən ərazidə yaranan tıxacların digər səbəbi sərnişin avtobuslarının müəyyən edilmiş dayanacaqda deyil, harada gəldi saxlaması ilə bağlıdır. Ölkəyə yenicə gətirilmiş iritutumlu avtobuslar isə ümumiyyətlə dayanacaqlardan istifadəni mümkünsüz edir. Belə ki, 2-3 avtobusun uzun müddət dayanacaqda dayanması ərazidə əməlli-başlı tıxac yaradır. Üstəlik taksilər də dayanacaqlarda özlərinə yer etməyə çalışdığından sərnişinlərin yerlərini zəbt etmiş olurlar. Onu da qeyd edək ki, dayanacaqlar genişləndikcə orada duran taksilərin cərgəsinin də sayı paralel olaraq artır. Əvvəl iki cərgədə dayanan taksilər indi 3-4 cərgəyə düzülür. Əraziyə nəzarət funksiyası isə sıfıra bərabərdir. Çünki marşurutlara nəzarət edən dispeçirlər saat 6-da gündəlik planı alıb səlahiyyəti sürücülərə verirlər. Sürücülər isə "ças-pik" vaxtı maksimim qazanmaq şansını əldən vermək istəmirlər. Elə bu səbəbdən də sürücülər hər bir sərnişinə "20 qəpik" kimi baxırlar.
Ekspertlərin qənaətincə, nəqliyyat sferasındə gündəlik gəlirlər milyonlarla ölçüldüyündən bu xidmət sahəsində vicdanlı rəqabət yaddan çıxıb. "Öt məni ki-öt" prinsipi ilə işləyən sürücülər isə özləri ilə yanaşı sərnişinlərin də həyatını təhlükə altına qoyurlar. Əslində sürücülər bu addımı məcburiyyət qarşısında atırlar. Çünki tıxacda itirdikləri vaxtı qalan məsafədə bərpa etmək zərurəti yaranır. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, ölkədə nəqliyyat sferası səriştəsiz sahibkarların əlində olduğundan əziyyəti sadə vətəndaşlar çəkməli olur.
Alim