“Ölkədə məişət zorakılığının qurbanları əsasən xanımlardır” - MİLLƏT VƏKİLİ
Rəbiyyət Aslanova: “Onların az qismi stereotipləri qırıb ərdən şikayət etməyə, uşaqlarını və özlərini qorumağa qərar verir”
14 Dekabr 2012 15:30 ProblemMüasir cəmiyyətdə məişət zorakılığının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Media ilə müqayisədə başqa heç bir digər sosial institut bu işin öhdəsindən gələ bilməz. KİV hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Jurnalistlərimizin bu sahədə yüksək professional dəyərlərə istinad etməsinin, problemlərlə dərindən tanış olmasının, belə faktların işıqlandırılmasında peşə etikasına riayət edilməsinin vacib olduğu xüsusilə vurğulanmalıdır. Millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var. Amma bu gün sanki media insanları öldürmək məqsədini güdür, kriminalın bu qədər qabardılması da insanların psixikasına təsir edir: "Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə çox geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərini, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir. Psixoloji baxımdan, bu, yolverilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır. Bu bir il ərzində məişət zorakılığı ilə bağlı 7 telekanalda 110, 18 gündəlik qəzetdə isə 142 material hazırlanıb ki, Azərbaycan reallığı üçün bu göstərici olduqca aşağıdır. Burada əsasən emosional məqalələrə üstünlük verilir". Onun sözlərinə görə, telekanallar məişət zorakılığını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou və şok formatında təqdim edirlər. Belə məlumatlar isə güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Bu verilişləri cəmiyyətdə narazılıq və narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallar çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək olar. İctimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var. Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır. Materialların məzmununun təhlili göstərir ki, qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız şok xəbər janrında və ya şou kimi təsvir edilir. Millət vəkili əlavə edib ki, digər faktlardan biri milli mediada bu mövzu ilə bağlı ümumiyyətlə heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır: "Bu bir daha nümayiş etdirir ki, cəmiyyətin diqqətini zorakılıq olaylarından şok effektli xəbərlər düzəltməyə deyil, daha çox onun səbəblərini aradan qaldıran amillərə yönəltmək üçün media nümayəndələri xüsusi diqqət yetirilməlidir. Zorakılığın qarşısının alınması, ictimaiyyətin zorakılığı doğuran səbəblər və zorakılığın nəticələri ilə bağlı maarifləndirilməsi, qadın hüquqları ilə bağlı stereotiplərin formalaşması və ya sındırılması və sair bu kimi həssas mövzularda mətbuatın rolu çox böyükdür. Lakin təəssüf ki, Azərbaycanda getdikcə daha aktual olan gender məsələləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi hallar Azərbaycan mətbuatının önə çəkdiyi mövzular sırasında deyil. Ölkə mətbuatına nəzər salsaq görərik ki, mətbuat yuxarıda sadalanan zorakılıq halları ilə bağlı yalnız xəbər verməklə kifayətlənir. Qloballaşan ailə modelində Azərbaycan ailəsinin özünəməxsus yeri olduğu üçün jurnalistlər bu mövzuda həssas olmalıdırlar. Biz bu gün düşünməliyik, ailə və onun ətrafında baş verənlər haqqında necə yazaq ki, bu sahədə baş verənləri düzgün məcraya yönəldə bilək. Azərbaycan ailəsi min illərin təcrübəsini özündə toplayan milli-mənəvi dəyərlər sistemini özündə ehtiva edir. Azərbaycan dövləti milli-mənəvi amillərə, o cümlədən ailəyə böyük dəyər verərək onu dövlət siyasətinin tərkib hissəsi hesab edir. Jurnalistlər də daim bu prinsipi rəhbər tutsalar yaxşı olar". Rəbiyyət Aslanova qeyd edib ki, əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edən ölkədə məişət zorakılığının qurbanları əsasən xanımlardır. Onların az qismi stereotipləri qırıb ərdən şikayət etməyə, uşaqlarını və özlərini qorumağa qərar verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında məişət zorakılığı ilə bağlı qeydə alınmış 847 cinayət olayında 854 qadın zərər çəkib. 2011-ci ilin 10 ayı ərzində baş verən 87 ailədaxili zorakılıq zamanı 47 qadın öldürülüb, daha 35 ölümə qəsd faktı qeydə alınıb. Bu müddətdə qadınların törətdiyi qanlı hadisələr zamanı 27 kişi ölüb, 40-ı isə ölümə qəsdə məruz qalıb. 2011-cu ildə intihar və intihara cəhd 2010-ci illə müqayisədə çox olub. KİV-də yayılan informasiyaların monitorinqi göstərir ki, 2011-ci ildə 324 fakt qeydə alınıb ki, bu intihar nəticəsində 221 nəfər ölüb. Eyni zamanda intihara cəhd hadisələri də olub. Yaş göstəricisinə gəlincə onu qeyd edə bilərəm ki, intihar edən və intihara cəhd edənlərin yaş senzi müxtəlifdir. Bura 18-80 yaş arasında olan insanlar daxildir. Problemlə mübarizə üçün qanunvericilik sahəsində zəruri addımlar atılıb. Göründüyü kimi, məişət zorakılığı ciddi sosial problemdir. Məişət zorakılığına daha çox sosial problemlərin səbəb olduğu deyilsə də, boşanmaların səbəbini təhlil edəndə aydın olur ki, sosial durum heç də birinci yerdə gəlmir. Əksinə, sevib ağıllı şəkildə nikaha girənlərin sosial durumu çətin olanda onlar bir az da möhkəm olur ki, problemləri dəf etsinlər. Ancaq istisna deyil ki, istehlak mədəniyyətinin lazımi səviyyədə olmaması, qadınların iqtisadi cəhətdən kişidən asılılığı ilə yanaşı dəyərlər sisteminin deqradasiyaya uğraması, bir sıra hallarda kənd və şəhər mühiti arasındakı təzadların üzə çıxması da məişət zorakılığını şərtləndirir. Buna narkomaniya, spirtli içkilərə aludəçilik, işsizlik, evsizlik kimi hallar da rəvac verir.
Onun fikrincə, məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə iş aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı. Komitə məişət zorakılığına qarşı mübarizə ilə bağlı beynəlxalq təcrübəni də öyrənir. BMT-nin Əhali Fondu, Avropa Şurası, Avropa İttifaqı, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihələr həyata keçirilir. MM-də ATƏT-in Bakı ofisinin, AŞ və BMT-nin Azərbaycandakı nümayəndəlikləri və Dövlət Komitəsinin təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirilib. Ancaq hesab olunur ki, daha effektli mübarizə həm də insanların maarifləndirilməsindən keçir. Məişət zorakılığına məruz qalan şəxs öz hüquqlarının müdafiəsinə ilk növbədə özü qalxmalıdır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında prezident sərəncamında ölkənin sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi məsələsi əksini tapıb. Hesab olunur ki, bu, gənc ailələrdə sağlam ab-havanın möhkəmlənməsinə töhfə verə bilər. Gənclərin dayanıqlı işlə, mənzil probleminin həlli üçün faizsiz ipoteka krediti ilə təminatı da zəruri sayılır. Hesab olunur ki, erkən nikahda zorakılıq daha çox baş verir. Bu mənada Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən qızlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılması faktı da öz sözünü deyə bilər. Erkən nikahın kökü mentalitetimizlə bağlı olduğundan bu problemi həll etmək üçün azyaşlı qızların ailə qurmasının fəsadları ilə bağlı maarifçilik təbliğatı gücləndirilməlidir. Ailə-məişət zorakılığının qarşısını yalnız qanunla almaq mümkün deyil. Çünki ailə özəl bir mühitdir. Hər bir ailənin özünəməxsus xüsusiyyətləri var. İnsan yorğun iş günündən sonra dincəlmək üçün ailə adlı məkana sığınır. Əgər burada da onu zorakılıq gözləyirsə, bunun başqa adı yoxdur. Məişət zorakılığının, gender bərabərliyinin təminatının milli mexanizmləri özü də birmənalı, səlis konfiqurasiyaya malik deyil. Bu o deməkdir ki, hər bir ölkə özünəməxsus inkişaf tarixinə, ənənəyə malikdir. Ictimai-siyasi həyatın müxtəlif sahələri, həll edilməli olan problemlərdə hər bir ölkədə fərqlidir. Bu məsələni qlobal media modellərini təqlid edən KİV-lər diqqət mərkəzində saxlamalıdırlar. Müasir dövrdə bəhs edilən sahədə problemlər çoxdur. Qloballaşma proseslərinin doğurduğu yoxsulluq və imkansızlıq, etnik münaqişələr, humanitar fəlakətlər, insan alveri kimi xoşagəlməz təzahürlər və s. qadınları həm maddi həm də mənəvi sınaqlara çəkir, potensialını zəiflədir, dövlətçiliyin gələcəyi üçün məsuliyyətin zəifləməsinə səbəb olur.
Alim