Gənclər ayrı-ayrı dini cərəyanların təsiri altına düşür - MÜSAHİBƏ

Bəxtiyar Sadıqov: “Bunun kökündə maliyyə, pulla ələ almaq, sifarişlər verib yönəltmək məsələləri var”

"Azərbaycan demokratik, açıq qapı siyasəti yürüdən bir dövlətdir. Azərbaycanda fikir plüralizmi, əqidə müxtəlifliyi var". Bunu millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov son zamanlar bəzi azərbaycanlı gənclərin Suriyadakı anti-Bəşər Əsəd cəbhəsində yer alması, Suriya hökumətinə qarşı vuruşması səbəbindən həmin ölkənin Azərbaycanda terror aktları törətməyə hazırlaşması haqda Azərbaycan mətbuatında yer alan məlumatlara, iddialara münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, Sovetlər dövründə hamı başqa cür düşünsə də, eyni cür danışırdı. Çünki senzura , qorxu, Sibir, həbsxana, "xalq düşməni" çıxarılmaq var idi. Bu gün isə kim necə düşünürsə, nəinki elə danışır, hətta, elə də addımlar atır. Millət vəkili qeyd edib ki, mənsub olduğumuz İslam dini çox qədim, humanist dindir və dinizimin bu qədər gözəl cəhətlərinə, gözəl xüsusiyyətlərinə baxmayaraq, çox təəssüf ki, müxtəlif maraqlı qüvvələr zaman-zaman burada təfriqə yaratmaq, parçalanma, dini nüfuzdan salmaq, dini daxildə qarşıdurmalar yaratmaq üçün çox "addımlar" atıblar. B.Sadıqov qeyd edib ki, bu gün bir sıra insanlar bunu başa düşmək əvəzinə, dinimizə xələl gətirən təriqətçiliyə gedirlər, dünyanın ayrı-ayrı yerlərində baş verən proseslərin İslam dini ilə izah olunmasına şərait yaradacaq addımlar atırlar. Elə bir məqam yaranıb ki, "islam fundamentalizmi" anlayışı meydana gəlib. Amma xristian fundamentalizmi daha ciddidir: "Norveçli Anders Breyvik adlı cinayətkar gördünüz ki, günahsız insanları necə qırdı-çatdı. Bu gün də türmədə ona yaxşı şərait yaradıblar, internet vasitəsilə çıxıb öz ideyaların təbliğ edir və ancaq heç deyən də yoxdur ki, bu, xristian fundamentalizmidir. İndi bizim bəzi cavanlar var k, dinə gəlirlər, çox yaxşı. Yəni, dində bir təmizlik var, saflıq var. Bizim adət-ənənələrin, bizim mentalitetin bir hissəsi də heç olmasa, o dini mərasimlərdə, dində qorunub saxlanılır. Tutaq ki, yetimə əl tutmaq, dul qadına hayan olmaq, insan bir-birinə dost olması, bir-birinə məhəbbətlə yanaşması, qisasçılıqdan uzaq dayanması, zorakılıqdan çəkinməsi kimi məqamlar var. Bunlar bizim dinimizdə olan, bizim mentalitetimizə xas cəhətlərdir. Amma çox təəssüflər olsun ki, bəzi gənclərimiz ayrı-ayrı cərəyanların, təriqətlərin təsirinə düşürlər. Onları da şüurlu şəkildə o yola çəkirlər, o yola yönəldirlər. Xüsusən də bunun əsasında maliyyə, pulla ələ almaq , pul verib, sifarişlər verib yönəltmək, göndərmək var. Bəzən də bunları həmin o təriqətin, həmin o cərəyanının fanatiki şəklinə qədər yetişdirmək cəhdləri ortadadır. Çünki bunlar çox "təcrübəli" qurumlardır, bunlar elə-belə yaranmayıblar, bunu yaradanlar, bu gün onu qoruyub saxlayanlar, onu inkişaf etdirənlər, maliyyələşdirənlər bu sistemi çox "ustalıqla" qurublar. Və bunların təsirinə düşənlər guya ki, din uğrunda cihad edirlər, amma əslində elə deyil. Bunlar bir tərəfdən macəra axtarırlar, bir tərəfdən də istəyirlər gedələr, yəni, o qədər enerjiləri var ki, müharibə meydanında da qəhrəmanlıq göstərsinlər. Bu "əqidədə" olanlar da var. Bunlar isə təşviş doğuracaq andır, məqamdır".

Millət vəkili bildirib ki, əslində Azərbaycanın öznünün çox böyük problemi var: "Bizim özümüzün vuruşacağımız cəbhə var. Bizim özümüzün millətin birliyinə son dərəcədə ciddi ehtiyacımız var. Çünki bizim qarşımızda dövlətin, ölkənin ərazi bütövlüyünü bərpa etmək məsələsi var. Bizim qarşımızda ikili standartlardan çıxış edib, bizə qarşı mübarizə aparan çox ciddi qüvvələr, anti-azərbaycançı şəbəkələr var. Bu mənada biz gəncliyimizə çox böyük ümid bəsləyirik ki, bu gənclər daha ayıq olsunlar, dünyanı öyrənsinlər, dünyada baş verən proseslərdən baş çıxarsınlar və nəinki Azərbaycanın imicinə xələl gətirən addımlar atsınlar, əksinə Azərbaycanın maraqlarını təmin edən, öz gücünü, enerjisini Azərbaycanın inkişafına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə yönəltsinlər. Bu mənada mən o cür halları düzgün qiymətləndirmirəm. Düzdür, indi hərənin öz əqidəsi var, dövlət insanlara zorla əqidə qəbul etdirmir. Sərhəddən kənara çıxanda da heç kim demir, mən nəyə, hara, necə gedirəm. Amma sərhəddən kənara çıxandan sonra o insanlar gedib yad torpaqda, yad qüvvələr arasında bir-birinə zidd, biri-birilə vuruşan qüvvələr arasında bir alətə çevrilməkdənsə, gəlsinlər ata-analarının yanına, valideynlərinin, vətənin etimadını doğrultsunlar. Daha çox çalışsınlar ki, müstəqil Azərbaycana faydalı övlad olsunlar".

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31