Məhərrəm Nəcəfzadə ilə müsahibəm ...

"Məhərrəm Nəcəfzadə... ilk ixtisasımla götürəndə tar ifaçısıyam..."

Adətən müsahibəyə "özünüzü təqdim edin" cümləsi ilə başlayırıq. Hətta yaxından tanıdıqlarımız insanlarla belə ... Məhərrəm Nəcəfzadə ilə də müsahibəmiz bu cür başladı. 2021-ci ilin iyul ayı. Təəssüf ki, Məhərrəm Nəcəfzadə artıq həyatda yoxdur. Amma onu tanıyanlar üçün maraqlıdır. Çünki bu gözəl sənətkarın əziz xatirəsini yaşatmaq bizim borcumuzdur. Əvvəla onu deyim ki, Nəcəfzadə qardaşları çox tanınır. Bizim ailə dostluğumuz ötən əsrin 80-ci illərindən, hətta daha əvvəl başlayır. O zaman Məhərəm müəllimin böyük qardaşı, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə ilə doğma əmim, keçmiş SSRİ-də "Qafqazenerqomontajizolyasiya" ixtisaslaşdırılmış idarənin Tbilisi sahəsinin rəisi Mehman Abdullayev Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, hazırkı Azərbaycan Texniki Universitetində tanış olublar. O dövrdə Azərbaycan Dövlət Konservatoriyası, indiki Bakı Musiqi Akademiyasında təhsil alan Abbasqulu Nəcəfzadə bu universitetin nəzdində fəaliyyət göstərən "Xalq çalğı alətləri" ansamblına rəhbərlik edirdi. Əmim musiqiçi olmasa da, musiqiyə həvəsi və vaxtaşırı bu ansamblın məşqlərinə qatılması aralarında əvvəlcə dostluq tellərinin, sonralar isə qohumluq əlaqələrinin, kirvəlik münasibətlərinin yaranmasına vəsilə olub. Beləcə Nəcəfzadələr ailəsi ilə yaxınlığımız baş tutub. Məhərrəm müəllim ailəmizin bir çox toy şənliklərində, hətta valideyinlərimin toyunda birlikdə iştirak edib. Onun sazda "Yanıq Kərəmi" havasını mizrabla yanaşı istəkan, qaşıq, hətta şüşə butulkası və s. əşyalarla ifa etməsi ustalıq məharətindən irəli gəlirdi. Bu eyni zamanda məclis adamlarını riqqətə gətirirdi. Qeyd edim ki, dəyərli sənətkarımız, tanınmış meyxana ustası Nizami Rəmzi də bu məclislərdə iştirak edib. Bu məclislərdən bəzi şəkilləri şəxsi arxivimizdən paylaşıram.

(Foto: Məhərrəm Nəcəfzadə gitarada ifa edir, ayaq üstə solda müğənni Atabəy və meyxanaçı Nizami Rəmzi, 1987-ci il, Gürcüstan, Qardabani rayonu Kosalı kəndi).

(Foto: Müğənni Nadir Ağazadə, Məhərrəm müəllim, müğənni Atabəy, həmçinin hazırda İsraildə yaşayan müğənni Çimnaz Aşurova, ən sağda zərb alətində Əməkdar artist İsgəndər Ələsgərov. 1987-ci il, Gürcüstan, Kosalı kəndi).

(Foto: Abbasqulu Nəcəfzadə dostu Mehmanla məclisdə. Mehmanın kiçik qardaşı Rövşənin toyu. 1987-ci il, Gürcüstan, Kosalı kəndi).

Məhərrəm müəllim dağlı ailəsində dünyaya göz açıb. Onun çox istedadlı musiqiçi kimi yetişməsini şərtləndirən amillərdən biri də musiqiçilər əhatəsində böyüməsi olub. Qardaşları Abbasqulu Nəcəfzadə, Mehdi Nəcəfov və Əməkdar artist İlham Nəcəfov da sayılıb-seçilən musiqiçilərimizdəndir. Ötən əsrin 80-ci illərin sonunda Azərbaycanda bir ilkə imza atan qardaşlar müstəqil kvartetlərini yaradıblar. Bu kvartetin yaradılmasından 36 il keçir. Ustadları isə Azərbaycan xalq musiqisinin görkəmli bilicisi, Xalq artisti, professor Süleyman Ələsgərov idi.  

(Foto: Soldan sağa Abbasqulu Nəcəfzadə, Məhərrəm Nəcəfzadə, İlham Nəcəfov, Mehdi Nəcəfov. Mərkəzdə Süleyman Ələsgərov, 1988-ci il).

(Foto: Məhərrəm Nəcəfzadə tar aləti ilə, İlham Nəcəfov ney, Mehdi Nəcəfov ud və Abbasqulu Nəcəfzadə kamança ilə, 2023-cü il).

Məhərrəm Nəcəfovun səhnə fəaliyyəti 40 ildən çox davam edib. Söhbətimiz əsnasında öyrəndim ki o, sazda aşıq musiqisini məclislər səviyyəsinə gətirən ilk musiqiçilərdən olub. Sənətə gələndə o dövrün sənəti bir başqa idi deyir Məhərrəm müəllim. Çünki indiki zamanda məclislərdə bayağı musiqilərə tələbat çoxdur. Hər halda o öz repertuarında əsl sənət musiqisinə yer verirdi. Başqa cür ola da bilməzdi. Çünki dediyim kimi sənətkarlar ailəsində yetişmişdi. Yeri gəlmişkən musiqi alətlərində ifa etməyi onu heç kim öyrətməyib. Məhərrəm müəllim özü bu sənətə yiyələnib. İfaya gəldikdə isə solo ifanı ansambl şəklində ifadan daha çətin hesab edir. Çünki soloda məsuliyyət daha çoxdur deyir sənətkarımız. Təbii ki onun ilk ustadları da məhz böyük qardaşları Abbasqulu və İlham müəllim olub. Bu barədə o özü bizə danışır.

Məhərrəm müəllim, sizinlə həmsöhbət olmaq hər zaman olduğu kimi xoşdur. İlk olaraq özünüzdən başlayaq...

"1966-cı ildə Bakı şəhərində anadan olmuşam. 1973-cü ildə S.S. Axundov adına 172 nömrəli məktəbə, ondan sonra da, 1976-cı ildən, 16 nömrəli Musiqi Məktəbinə tar sinifinə getmişəm. Sənətə belə başlamışam. Demək olar ki, özfəaliyyətə ailədə, qardaşlarımla başlamışam, hardasa 12-13 yaşınadək. Ailədən sonra birbaşa peşəkar səhnəyə atılmışam. Baba Mahmudoğlunun rəhbərlik etdiyi "Dastan" folklor ansamblında simli alətləri ifa edirdim. İlk dəfə ud aləti ilə başlamışdım. Daha sonra həmin ansamblda tar ifa elədim. Eyni zamanda da, hardasa 1983-cü ildə, "İrs" folklor ansamblına dəvət aldım. Hər iki ansamblda həm simli alətləri həm nəfəs alətləri ifa edirdim. Bununla yanaşı Rasim Müzəffərlinin rəhbərlik etdiyi "Ozan" estrada qrupuna da dəvət aldım. Beləcə fəaliyyət göstərirdik. 1988-ci ildən "Qardaşlar" kvarteti yarandı. Orada ailə olaraq fəaliyyət göstərdik. Həmçinin də Nizami Rəmzi, Kəbir Azəri, Səyyad Əlizadə, hal-hazırda İsraildə yaşayan Çimnaz Aşurovadan ibarət "Meyxana" ansamblı yaratdıq. Həmin ansambıllarla yanaşı "Günaydın" ansamblı yarandı. Orada da fəaliyyət göstərdik".  

(Foto: Gənc Məhərrəm Nəcəfzadə İçərişəhərdə Şirvanşahlar Sarayında "Dastan" Folklor Ansamblının müşaiətilə Baba Mahmudoğlunun Azərbaycan Televiziyası və Radiosunun Konsert proqramı çəkilişində. Fotonun müəllifi Bəxtiyar Babayevdir. 1983-cü il).

(Foto: "OZAN" qrupu "Cəngi Birliyi"nin səhnəsində. Məhərrəm Nəcəfov mərkəzdə tar alətində ifa edir. 1987-ci il). 

Məhərrəm müəllim, "Qardaşlar" ansamblı fəaliyyətini davam etdirmirmi?

"1988-ci ildə yarandı, hal-hazırda da demək olar fəaliyyətdədir. Deyim sizə ki, o da bir zaman çərçivəsində oldu. Sabah hansısa bir tədbir olsun deyəcəklər ki, burada sizin kvartet olmalıdır. Qardaşlar bir yerdə orada iştirak eləməliyik, eləyirik də. İstər-istəməz solist kimi də, İlham məsələn solist kimi fəaliyyət göstərməyə başladı, Abbasqulu müəllim, mən özüm görürdünüz ki, konsertlərdə solo ifa edirəm. Konsertlərim olubki qardaşlarım müşayiət eləyiblər məni, kvartet qismində iştirak eləmişik. Sonra elə olub ki İlham, məsələn, ayrıca Rafiq Babayevin rəhbərliyi ilə estrada orkestri ilə ifalar eləyib, digər qardaşım Abbasqulu müəllim də "Günaydın" ansamblı ilə bir çox ifalar eləyib. Ayrılmaq demək olmaz. Zamanın tələbi ilə yaranır bunlar".

Siz daha çox ansambl şəklində fəaliyyət göstərməyi tərcih edirsiniz yoxsa solo?

"Ansambl yanaşması başqadı, solo yanaşması başqadı. Ansamblda bizim çox işlərimiz olub. Ansamblın bədii rəhbəri Baba müəllim idi, musiqi rəhbəri Abbasqulu müəllim idi, mən sadəcə olaraq ansamblın üzvü idim. Mənim kimi də 10-a yaxın musiqiçi var idi. Fikirlər söyləyirdik, məsələn mahnı düzəldib, hazırlamışıq, mən də gəncəm də, fikirmə müasir bir keçid gəlib, demişəm ki, bunu belə edək, onu qəbul ediblər hardasa aranjiman eləmişik, yəni ansamblın bir maraqlı cəhəti belədir. Solo ifada məsuliyyət daha çoxdur. Mən ifa edirəm, arxada ansambl məni müşayiət edir. Onların öz məsuliyyəti var, amma solist olaraq mənim məsuliyyətim onlardan daha çox olur. Mən həm ifa edirəm həm də arxada ansamblı da gözləyirəm ki, məni müşayiət eləsinlər və bir birimizi tamamlayaq. Ondan əlavə burada solo muğam ifaları da var, onu da elə ifa eləmək lazımdır ki, tamaşaçı onu yaxşı qəbul eləsin, bunlar ansamblla hardasa hiss olunmayacaq dərəcədə olur. Deyək ki, məsələn ansamblda 10-15 nəfər ifa eləyir, bir birilərini sığortalaya bilir, amma solo ifalarda ört-basdır məsələsi yoxdur, necə ifa elədin elə də yazılır".

(Foto: Məhərrəm Nəcəfov əfsanəvi müğənni, SSRİ xalq artisti Zeynəb Xanlarova ilə).

Əvvəlcə tardan, daha sonra gitara və nəhayət saz?

"Bəli, lap öncə tarla başlamışdım. 1970-ci illərin ortalarında, yəni mən sənətə yeni başlayanda tar demək olar ki dəbdə deyildi. Bütün məclislərdə, tədbirlərdə, ələlxüsus toylarda gitara dəbdə idi deyə, mən gitara ifa elədim. Gitara ilə yanaşı Folklor ansamblında saz da ifa eləyirdim, rübab da, bir çox simli alətlərdə ifa eləyirdim. Başladım gitara ilə yanaşı saz da ifa eləməyi. Əslində gitarada Azərbaycan musiqisi gözəl səslənir. Ancaq aşıq musiqisi sazda daha gözəl səslənir. Bunu hər kəs bilir. Təvazökarlıqdan uzaq olsa da aşıq musiqisini, sazda, məclislər səviyyəsinə çıxardan ilk musiqiçilərdən biri mənəm. O zaman bu belə geniş yayılmamışdı. Aşıqlar ifa edirdilər, amma müasir formada musiqi qrupları ilə saz ifaları demək olar ki yox idi. Onun üçün bizim ansamblda səsgücləndirici element qoyduq, gitarada "zvukosnimatel" deyilir, onu saza tətbiq etdik və effektli də alındı. Ondan sonra bütün musiqiçilər istifadə elədilər. Bu gün də effekti görünür".

Məhərrəm müəllim, sənətkar üçün tək bir musiqi alətində ifa eləmək daha əlverişlidir, yoxsa bir neçə musiqi alətində eyni zamanda?

"Bir neçə musiqi alətində. Niyə görə? Yenə də deyirəm təvazökarlıqdan uzaq da olsa, Azərbaycanda demək olar ki, bəlkə minə yaxın tar ifaçısı var, kaman ifaçısı isə azdır. Nisbətnən götürəndə, tarzən min deyiriksə, kaman olar bəlkədə 200-300 nəfər. Amma bir neçə alətdə eyni zamanda ifa edən sənətçi 10 nəfər olar ya olmaz. Onlardan ilki Aşıq Qurbanın nəvəsi Hacı Həsənağa Sadıqov idi, onunla yanaşı Abbasqulu Nəcəfovdur. Bu iki sənətkar bir çox alətlərdə ifa eləməkdə liderlik edirdilər. Onlardan sonra çoxları var. Bizim Coşqun Sadıqov var. Simli alətlərdə gözəl çalır, ondan da yaxşı balabanda ifa edir. Yəni eyni dərəcədə. Onunla yanaşı Şamaxıda Əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu var. O da qoşanağarda və sazda çalırdir. Maşallah olsun, bir çox nəfəsli alətlərində də ifasına görə, demək olar ki, yeganə sənətkarlardan biridir. Ona görə bir neçə alətdə ifa eləmək asan məsələ deyil. Bir alətdə ifa eləmək, sözsüz ki, hər kəs bacara bilər".

Siz tələbələrə dərs deyirsiz?

"Xeyir. Mən İbrahim Əbilov adına Mədəniyyət mərkəzinin bədii rəhbəriyəm. Pedaqoji fəaliyyətlə məşğul deyiləm, yəni az məşğul olmuşam, 1980-ci illərdə 9 nömrəli Musiqi Məktəbində tar müəllimi işləmişəm. Pedaqoji fəaliyyətlə məşğul olmaq özü də istedad tələb edir. Bu asan məsələ deyil. İfaçılıq daha yaxın gəldi mənə".

Bəzən sənətkarları tələbə hazırlamadıqlarına görə qınayırlar. Sizcə bu nədən irəli gəlir?

"Bu çox çətin işdir. Ondan əlavə bu sualı təxminən 2 il bundan qabaq həmkarınız Əli Novruzəliyev də vermişdi... Mənə dedi tələbələriniz var? Dedim yox. Deyim nəyə görə yoxdu. Mən bunu alətlərlə əlaqələndirdim ki, bu alətləri hər uşağa öyrətmək olmur. Mənim özümü də heç kəs öyrətməyib. Ailədə baxıb öyrənmişəm. Heç qardaşlarımın xəbəri yox idi ki mən tütək, zurna, balabanda çalıram. Bunların hamısını onlardan gizlin eləmişəm. Evdə görürdüm götürüb çalırdım, öyrənirdim təzə-təzə. Gizlincə çalırdım. Fikirləşirdim ki, birdən Abbasqulu gələr, İlham gələr, görərlər. 12-13 yaşım var idi. Belə baxırdım barmaqlarına, yəni tarın "applikaturası" kimi deyil, tarda ifa zamanı barmaqların hərəkəti soldan sağa hərəkət edir. Nəfəsli alətlərdə isə barmaqlar aşağıdan yuxarı istiqamətində hərəkət edir. Bunu öyrənəndə mənə çətin gəldi. Mən elə bilirdim ki o da elə tar kimidi. O biraz mənə çətin gəldi. Notları öyrənəndən sonra yavaş-yavaş başladım məşq eləməyə. Gördüm artıq muğam da ifa eliyə bilirəm, yavaş-yavaş el havalarını da ifa edə bilirəm. Qardaşlarım əsgərliyə gedəndən sonra, ansamblda boşluq yarandı. Baba müəllim dedi a kişi, neynəyək? O vaxt da Azərbaycanda milli nəfəs alətləri ifaçısı demək olar ki yox dərəcəsində idi. Onda yaxınlaşdım Baba müəllimə dedim, bəs heç kəs bilmir, mən kömək eliyə bilərəm. Dedi necə kömək eliyəcəksən? Dedim eliyərik də. Nəsə belə - belə. Yoxladı, gördü, dedi əşşi yanımda oturmusan sən bütün alətlərdən xəbərdarsan ki. Götürdüm. Ondan götürdük, qardaşlarım hərbi xidmətdən gələnəcən 2 ilə yaxın müddətdə həmin ansamblın 20-30-a yaxın mahnılarını, həm nəfəs alətləri ilə həm simli alətlərdə müşayiət eləmişəm".

Ən azından 3 musiqi alətində ifa edə bilirsiz, yoxsa daha çox?

"Təvazökarlıqdan uzaq olsa da 15-ə yaxın. Onlarla yanaşı Həsənağa Sadıqov ifa etdiyi kimi nəlbəkilərdə də ifalarım olub. Yəni simli alətlər, nəfəs alətləri ilə yanaşı, konsertlərdə solo nəlbəkilərdə də ifa etmişəm".

(Foto: Məhərrəm Nəcəfov "sitar" və ya qaval musiqi alətində. Əslində sənətçi 15-ə yaxın musiqi alətində ifa etməyi, o cümlədən tar, saz, rübab, gitara və s. bacarırdı. Eyni zamanda mərhum musiqiçi, Əməkdar artist Həsənağa Sadıqovun icad etdiyi kimi nəlbəkilərdə ifa etməyi bacarıb).

Amma saz ifalarınız digərlərindən seçilir...

"Onu tamaşaçı deyə bilər, dinləyici deyə bilər, mən nə deyə bilərəm, mən hər zaman çalışmışam ki hansı aləti ifa edirəmsə həmin alətdə sözümü deyə bilim. Sözümü deyə bilməyəcəyim alət varsa ona yaxın getməmişəm. Sadəcə olaraq sazla məclislərdə daha çox görünürəm. Amma elə məclis olub ki həmin məclisdə məni heç saz çalan kimi görməyiblər. Məclisi demək olar zurna aləti ilə idarə eləmişik. Orda zurna aləti ilə sözümü demişəm. Belə də olur".

Məclislərdə ifa zamanı qardaşlar bir birinizə irad bildirirsiniz?

"Sözsüz. Bizdə böyük kiçik məsələsi ailə daxilindədir. Sənətdə böyük kiçik yeri öz yerində, ola bilir ki, nəsə Abbasqulu müəllimin fikrindən çıxıb və yaxud İlhamın fikrindən çıxıb, və yaxud Mehdinin, mən hamısından kiçiyəm, dayanım deməyim? Əksinə o acıqlarına gələcək, sən kənardan görürsənsə bunu deməlisən. Demişəm, qəbul eləyiblər. Hansısa səhv də deyil, gəzişmədi və ya nədisə, demişəm bunu belə eləsən yaxşı olar da. Deyib hə, deməyib ki sən məndən kiçiksən niyə görə bunu mənə irad bildirirsən, əksinə onu yaxşı qəbul eləyirlər. Belə hallarımız çox olub".

Məhərrəm müəllim sonuncu sualım... Toy məclislərində çox iştirak etmisiniz, bu məclislərlə bağlı ümumilikdə nə demək istəyirsiz?

"Bugünkü günün toyları ilə müqayisə etsək, o dövrdə təbiilik çox idi, musiqiyə hörmət böyük idi. İndi bayağı musiqilər, gərəksiz ifalar çox tələb olunur, ancaq hardasa 25-30 il bundan qabaq, tələbat başqa idi. Biz Gürcüstanda dost-tanış toylarında da çox olmuşuq, Bakı zonası - Abşeronda da, hər tərəfdə musiqiyə tələbat eynidir, sözsüz ki, Qərbi Azərbaycana gedəndə yüksək səviyyədə aşıq musiqisi tələb olunurdu. Abşerona, Bakı kəndlərinə gedəndə, orda da muğamlar, onların özlərinə uyğun musiqilər. Hal hazırda xoşa gəlməyən, diskoteka musiqiləri, və yaxud bayağı musiqilər çoxluq təşkil edir, sənətdə o dövrə qayıtsaydıq yaxşı olardı". 

(Foto: Dəyərli sənətkarlarımız Abbasqulu Nəcəfzadə və Məhərrəm Nəcəfovla müsahibə öncəsi süfrə arxasında səmimi söhbət. Allah Məhərrəm müəllimə rəhmət eləsin. Foto onun vəfatından 5 ay öncə çəkilib. 9 iyul 2023-cü il).

Mahmud Rövşənoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31