Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən gecə baş verən dəhşətli yanğın ölkəni silkələdi. Faciə zamanı binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 2018-ci il təvəllüdlü Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həlak oldu. Könül xanımın qızı Ləmanın vəziyyəti ağırdır. Ümumilikdə 27 nəfər tüstüdən zəhərlənib.
Musavat.com-un əməkdaşı hadisə yerində olarkən sakinlər bildiriblər ki, yanğına səbəb olan "Loft" restoranı uzun müddətdir binanın zirzəmisində manqal yandırır, kabab çəkir, təhlükəsizlik qaydalarını isə kobud şəkildə pozurmuş.
Sakinlər deyirlər ki, dəfələrlə şikayət etsələr də, nəticə olmayıb.
Sakin, hərbi jurnalist Heydər Mirzə də təsdiqləyir ki, restoranın fəaliyyəti uzun müddətdir bina üçün real təhlükə yaradıb:
"Binanın qarajının yarısını mənimsəyiblər. Üç gün əvvəl yanıq qoxusuyla bağlı şikayət edən baş ustaya restoranın içində əl qaldırıblar. Hər gün 5-ci mərtəbəyə qədər səs-küy gəlirdi".
Onun sözlərinə görə, restoran həm qanunsuz genişlənib, həm də başqa xoşagəlməz fəaliyyətlərlə bağlı şübhələr yaranıb. Sakinlərin Yasamal Rayon Məhkəməsinə müraciəti də nəticə verməyib - qərar restoranın xeyrinə çıxarılıb.
Sakinlər deyirlər ki, bu faciə göz görə-görə gəlib.
Şikayətçilərin iddialarına görə, restoran uzun müddətdir binanın elektrik xəttini həddindən artıq yükləyirmiş:
"Hibrid maşınları "zaryadka"ya qoyurdular, naqillər tab gətirmədi".

İddiaya əsasən, restoranın elektrik sisteminə qanunsuz müdaxiləsi, naqillərin normadan artıq yüklənməsi və cihazların icazəsiz istifadəsi binanın təhlükəsizliyini çoxdan risk altına salmışdı.
Səhər saatlarında Baş Prokurorluq məlumat yayıb. Qurum bildirib ki, yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq aparılır, ekspertizalar təyin edilib və cinayət işi başlanıb. Zəhərlənənlərin vəziyyətinin əsasən qənaətbəxş olduğu qeyd olunur.
FHN isə açıqlayıb ki, yanğın binanın elektrik şaxtasında başlayıb və tam söndürülüb. Mənzillər yanğından qorunub