COP29  özü ilə bərabər kifayət qədər geniş perspektivlər gətirəcək

Günay Ağamalı: "Azərbaycanda qəbul ediləcək qərarlar qlobal iqlim dəyişikliyi ilə mübarizənin əsasını təşkil edəcək"

Regionda və dünyada baş verən siyasi proseslər, davam edən hərbi münaqişələr yeni müharibə ocaqlarının yaranma ehtimalını daha da artırır. Baş verən proseslərdən kənarda qalmaq ehtimalı sıfıra bərabər olan Cənubi Qafqaz isə özünün geosiyasi əhəmiyyəti baxımından hegemon dövlətlərin maraqlarının toqquşduğu areala çevrilib. Fakt ondan ibarətdir ki, iri güc mərkəzləri öz maraqlarını təmin etməkdən ötrü Ermənistan və Gürcüstandan istifadəyə üstünlük verirlər. Bu isə o deməkdir ki, regionda və dünyada baş verən proseslər Azərbaycandan yan keçə bilməz. Beynəlxalq aləmdə baş verən proseslərin Azərbaycana  təsiri və ölkəmizin təhlükəsizliyi ilə bağlı suallarımızı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı cavablandırıb. 

-Günay xanım, Qərb və ABŞ-nin  Azərbaycana qarşı təzyiqlərinin kökündə hansı amillər durur?
-Qərbin, xüsusilə Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı uzun müddətdir davam edən qərəzli və qeyri-konstruktiv siyasətinin şahidi oluruq. Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı məğlub etməklə Cənubi Qafqaz siyasətində ideya dəyişikliyi etdi. Ölkəmiz Qarabağ problemini həll etməklə regional liderlik istiqamətinə fokuslandı. Təbii ki, regional liderlik faktoru münaqişəni əsas gətirərək Azərbaycandan müəyyən dividentlər qoparmağa çalışan Qərb, onun əsas aparıcı siması ABŞ üçün arzuolunmaz situasiya idi. Məhz bu səbəbdən ölkəmiz ABŞ, Aİ, Avropa Şurası kimi təsisatlar tərəfindən əsassız təzyiqlərə məruz qalır. 
"Siyasətdə təsadüf olmaz" prinsipinə əsasən onu qeyd etməliyəm ki, Qərb və ABŞ-nin  ölkəmizə yönəlik təzyiqlərinin kökündə  birmənalı olaraq onların regional maraqlarını əhatə edən amillər dayanır. Lakin, rəsmi Vaşinqton dünya üzərindəki hegemoniyasından və media gücündən istifadə edərək özünün imperialist siyasətini daha çox insan haqları və demokratiya standartları adı altında pərdələməyə çalışır. Bu isə beynəlxalq praktikadan da məlum olduğu kimi  onların təzyiq riçaqlarının əsas  xəttini təşkil edir. 

- COP29 ərəfəsində ölkəmizlə bağlı qəbul edilən qərar və qətnamələr hansı reallığa əsaslanır?
-ABŞ Azərbaycanın müstəqil xarici siyasətini sərhədləmək, enerji resurslarımız və enerji siyasətimizdən faydalanmaq, ölkəmizdən keçən qlobal əhəmiyyətli nəqliyyat-ticarət dəhlizləri üzərində nəzarət qurmaq arzusundadır. Gələn ay Azərbaycan qlobal əhəmiyyətli tədbirə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Tədbirin siyasi, iqtisadi,  enerji, turizm müstəvisində çox vektorlu potensilanı nəzərə alsaq, dünyanın diqqəti ölkəmizə yönələcək və  COP29  özü ilə bərabər kifayət qədər geniş perspektivlər gətirəcək. Məhz bu səbəbdən Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr  ölkəmizə qarşı məkrli planlar qurur, qarayaxma kompaniyası həyata keçirirlər.  COP29  ərəfəsində sözügedən yanaşmaların hər gün daha da artdığının şahidi oluruq.
Lakin onlar başa düşmür ki, Azərbaycanda keçiriləcək konfrans zamanı qəbul ediləcək qərarlar qlobal iqlim dəyişikliyi ilə mübarizənin əsasını təşkil edəcək. Azərbaycan enerji istehsalı və istehlakı çərçivəsində daha ekoloji təmiz yanaşmaları gündəmə gətirir. Bu isə on illiklərdir Afrikanın, Yaxın Şərqin təbii və dünyanın müxtəlif bölgələrində xalqların təbii sərvətlərini talan edən ABŞ və Qərbin müstəmləkəçilik imperiyasına zərbədir.

-Paşinyanın yarımçıq sülh təklifini necə dəyərləndirisiniz?
-Ermənistan baş naziri Nikol Paşinyanın "yarımçıq sülh" təklifi hesab edirəm ki, prioritet məsələləri arxa plana atmaq cəhdidir. Heç kimə sirr deyil ki, Ermənistan Respublikası ciddi şəkildə silahlanma yolunu tutub və bizdə olan bəzi məlumatlara onlar Fransadan, Hindistandan əldə etdikləri silahlarla birlikdə xüsusi hazırlanmış dəstələri Azərbaycanla şərti sərhəddə yerləşdirirlər. Ermənistan rəhbərliyi iki ölkənin şərti sərhəddində qısa müddətli hərbi əməliyyat keçirməklə Azərbaycan üzərində psixoloji üstünlüyə yiyələnmək istəyir. Bu baxımdan ölkənin baş naziri "Yarımçıq sülh" təklifləri ilə çıxış edərək vaxt qazanmağa hesablanmış gedişlər edir. Axı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalarkən hansı uzunmüddətli sülhdən söhbət gedə bilər? Bu absurd yanaşmadır.

- Düşünmürsüz ki, Rusiya regionda mübarizədən kənarda qalıb? 
-Rusiya postsovet məkanında hələ də vacib aktorlardan biridir. Rəsmi Moskvanın əsas diqqətinin Ukrayna müharibəsinə fokuslanması onun bölgədəki geosiyasi proseslərdən kənarda qalması mənasına gəlməməlidir. Müasir Rusiyanın strateji maraqları, regional dinamikalar və Qərb ilə münasibətləri onun Cənubi Qafqazdakı aktivliyini azaltmır. Azərbaycan Rusiya ilə strateji tərafdaşlıq, bir-birinə qarşılıqlı hörmət prinsipi əsasında münasibətləri inkişaf etdirir. Bunu hər iki ölkə liderlərinin səmimi münasibəti də  təsdiq edir. Gürcüstanda Rusiya ilə əlaqələri bərpa etmək və dialoq qurmaqdan yana mövqe sərgiləyir. 
Ermənistan isə uzun müddət Rusiyanın forpostu olduğu üçün indi Kreml qarşısında özünü müstəqil dövlət kimi təqdim etmək istəyir. Lakin Paşinyanın son Moskva səfəri zamanı Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinə  Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti ilə bağlı razılığın əldə olunması Rusiyanın Ermənistan üzərində sahiblik həddinin dərəcəsini göstərir. 

 - Yaxın Şərqdə baş verənlərin Azərbaycana hansı təsirləri ola bilər? 
-Yaxın Şərqdəki hərbi-siyasi proseslər, bölgəsəl eskalasiya riskinin  yüksək olması narahatedici bir məqamdır. Müharibələr, mühacirətlərin artması, iqtisadi imkanların məhdudlaşması, enerji ticarəti və regional təhlükəsizlik kimi məsələlərdə mənfi təsir göstərir. Bu səbədən Yaxın Şərqdə baş verən istənilən genişmiqyaslı hərbi toqquşmalar ölkəmizə də dolayı yollarla təsir edəcəkdir.    

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31