Elman Cəfərli: " Azərbaycan qlobal iqlim fəsadları ilə mübarizədə təşəbbüskar ölkələrdən biridir" - MÜSAHİBƏ

Qlobal istiləşmə və iqlim dəyişikliyi bu günün ən vacib ekoloji problemlərindən biri kimi qarşıda durur. Dünya ölkələri bu təhlükə ilə mübarizə aparmaq üçün müxtəlif tədbirlər görsələr də, vəziyyət daha da kritik hala gəlməkdədir. 2024-cü ildə Azərbaycanda keçiriləcək COP29 tədbiri, dünya ölkələrinin ekoloji problemlər barədə bir araya gəlməsi və mühüm qərarların verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu müsahibədə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli ilə COP29-un qlobal ekoloji məsələlərə necə təsir edəcəyi, Azərbaycanın bu sahədəki rolunu və gələcək perspektivləri müzakirə edəcəyik.

-Elman bəy, COP29-un qlobal ekoloji problemlərin həllinə töhfəsi nə qədər əhəmiyyətli ola bilər? Sizcə, bu tədbir davamlı ekoloji dəyişikliklərə necə təsir edəcək?

- 2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub. Dünyanın 15 ölkəsində maksimal hava temperaturu qeydə alınıb. Ekstremal istilik hadisələrinin sayının bu qədər olması indiyədək baş vermiş və ya mümkün hesab edilən hər şeyi üstələyir. 2024-cü ilin fevralından iyul ayına qədər olan dövr bütün statistik göstəricilər üzrə rekord vurub. Belə ki, ilin əvvəlindən dünyanın 15 ölkəsində temperatur maksimumları qeydə alınıb, eləcə də müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. Bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə, Malidə isə 48,5 dərəcəyə çatıb. Qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar verməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları düşünməyə, çıxış yolları aramağa vadar edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları da bu üzdən keçirilir. 1992-ci ildə dünya dövlətləri qlobal istiləşmənin qarşısını almaq, qlobal iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq məqsədilə Rio-de Janeyroda bir araya gəlib. Lakin COP-un ilk sessiyası 1995-ci ildə Berlində keçirilib. Bu toplantı o vaxtdan hər il təşkil edilir. Qlobal iqlim böhranı və su qıtlığı problemləri müzakirə olunur, çıxış yolları ilə bağlı təşəbbüslər irəli sürülür, ideyalar qiymətləndirilir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşən tərəflər 198 dövlətdən ibarətdir. COP sessiyası nüfuzuna, əhəmiyyətinə və miqyasına görə yalnız BMT Baş Assambleyasının sessiyasından geri qalır. COP Paris sazişinin məqsədlərinə nail olmaq üçün təşkil edilir. Belə bir nüfuzlu tədbirin ölkəmizdə təşkil edilməsi mühüm hadisədir. 
Qlobal istiləşmənin fəsadları artıq gözlə görünən həddə gəlib çatıb. Mövsümlər yerini dəyişib, meşə yanğınları, təbii fəlakətlər artıb. Bütün bunlar dünya iqtisadiyyatına böyük zərbələr vurur, qıtlığa, insanların ölümünə, canlı aləmin, ekosistemin məhvinə yol açır. BMT-nin hesabatında bildirilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Hesab edilir ki, planetimizdə temperatur bu tempdə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu, olduqca ciddi rəqəmdir. Qlobal istiləşmənin antopogen amillərlə bağlı olduğu sübut edilib. Temperaturun artması atmosferdə karbon emissiyasının çıxalması ilə əlaqələndirilir. Atmosferdə karbon emissiyasının artması isə elmi texniki tərəqqi və sənaye inqilablarının nəticəsidir. Artıq 4-cü sənaye inqilabı dövründə yaşayırıq. Sənaye inqilabları, əhalinin artması qlobal iqlim dəyişikliyini tətikləyən amillərdən sayılır. Paris sazişinə uyğun olaraq dövlətlər karbon emissiyasının azaldılmasını qarşıya məqsəd qoyublar. Azərbaycan da 2015-ci ildə imzalanmış Paris anlaşması üzrə öhdəliklər götürüb. Dövlətimiz 2050-ci ilə qədər karbon emissiyasının miqdarını 40 faizə çatdırmalıdır. 29-cu COP sessiyasında qlobal istiləşməni yaradan səbəblər və karbon emissiyasının azaldılmasının yolları müzakirə olunacaq. Karbonsuz nəqliyyata, yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslər, qabaqcıl təcrübələr nəzərdən keçiriləcək. Böyük ehtimalla zəif inkişaf etmiş dövlətlərdə bərpa olunan enerji növlərinin araşdırılması və inkişafına dəstək məqsədilə xüsusi iqlim fondunun yaradılması da müzakirə olunacaq. Bir sözlə Bakıda keçiriləcək COP29 tədbiri tarixi görüşdür və qlobal iqlim dəyişikliyinin  nəticələrinin yumşaldılması işlərinə böyük töhfələr verəcək.

-Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz üçün hansı ekoloji və iqtisadi perspektivlər yarada bilər?

- Ölkəmiz qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə böyük məsafə qət edib, nəhəng mitiqasiya və adaptasiya tədbirləri həyata keçirib. Ölkəmizin 3 böyük regionu-Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları "Yaşıl Enerji Zonası" elan edilib. Qafqazda ən böyük günəş enerjisi stansiyası bizdə yaradılıb. Azərbaycan yaşıl enerji növlərinin inkişafı sahəsində təcrübəsi olan dövlətlərlə, nəhəng qlobal şirkətlərlə əməkdaşlıq edir. Bu səbəbdən COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan güvənin nəticəsidir. COP 29-un ölkəmizdə keçirilməsi koronavirus pandemiyasından sonra ciddi böhran keçirən turizm və xidmət sektorunun inkişafına şərait yaradacaq. 

-Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində əsas uğurlu layihələri hansılardır və onların beynəlxalq səviyyədə tətbiq potensialı varmı?

- Qlobal emissiyalarda payının cəmi 0,15% olmasına baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərdə aktiv iştirak edir. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır. Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarına hidrogenin nəqli üzrə tədqiqatlar aparılır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Azərbaycan COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl də ekoloji problemlərlə ciddi məşğul olur və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdı. Ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görülür. Abşeronun neftlə çirklənmiş ərazilərinin təmizlənməsi, geniş miqyasda yaşıllıq zolaqlarının salınması, bərpa olunan enerji növlərini yaradılması istiqamətində nəhəng layihələr həyata keçirilib. Əvvəllər "qara şəhər" adlanan ərazi neft tullantılarından təmizlənib, yaşıllıqlar salınıb, binalar tikilib. Ərazi indi "ağ şəhər" adlanır və Bakının ən abad, gözoxşayan bölgələrindən birinə çevrilib. Bibiheybətdə neftli torpaqlar təmizlənib, abadlaşdırılıb. Zirədə, Qalada ekoparklar salınıb. Azad Qarabağda həyata keçirilən "böyük qayıdış" çərçivəsində icra edilən layihələr yaşıl texnologiyalara əsaslanır. Bakının yenilənən nəqliyyat infrastrukturu ekoloji layihələr üzrə qurulur. Paytaxtda geniş velosiped zolaqları yaradılır, elektrobomillərin ölkəyə daxil edilməsi stimullaşdırılır. Bu il ölkəmizə 169 elektrikli avtobusun gətirilməsi planlaşdırılır. İqlim dəyişmələri çox mürəkkəb prosesdir. Çox təəssüf ki, son zamanlar iqlim dəyişmələri əhəmiyyətinə və təsir dairəsinə görə böyük bir problemə çevrilib.

-Enerji keçidi və ekoloji çağırışlar mövzusunda beynəlxalq səviyyədə hansı əsas çətinliklər var və bu problemləri həll etmək üçün hansı tədbirlər görülməlidir?

- Atmosferdə karbon emissiyasını yaradan əsas amillər sırasında sənaye müəssisələri və daxili yanma mühərrikləri işləyən avtomobillərdir. Son 50 ildə sənayeləşmə və şəhərləşmənin artması atmosferdə karbon emissiyasının miqdarını artırıb. Karbon emissiyasını azaltmaq üçün atılacaq ilk addım təbii ki, yaşıl enerjiyə keçiddir. Sənaye müəssisələrinin bərpa olunan enerjiyə keçməsi uzun vaxt və maliyyə aparan bir işdir. Bu layihələri həyata keçirməyə daha çox iqtisadi cəhətdən güclü dövlətlərin imkanı çatır. Bu səbəbdən zəif inkişaf etmiş dövlətlər üçün xüsusi fondun yaradılmasına ehtiyac var. Çünki ekoloji problem sərhəd tanımır. Qlobal iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma tədbirləri kompleks həyata keçirilməlidir. İnkişaf etmiş dövlətlər mitiqasiya və adaptasiya tədbirlərində zəif inkişaf etmiş dövlətlərə yardım etməlidir.

-İqlim dəyişikliyinə qarşı mübarizədə maarifləndirmənin rolu nə dərəcədə əhəmiyyətlidir və COP29 bu istiqamətdə hansı addımları təşviq edə bilər?

- Qlobal iqlim dəyişikliklərinin fəsadları ilə mübariz uzun və mürəkkəb prosesdir. Bu istiqəmətdə həyata keçirilən iri layihələr dövlətlərin, nəhəng şirkətlətin iştirakı olmadan mümkün deyil. Lakin sadə insanlar da iqlim problemləri ilə bağlı məlumatlı olmalıdır. Bundan başqa özəl sektor da bu işlərə cəlb edilməlidir. Xüsusilə kənd təsərrüfatı sahəsində adaptasiya tədbirlərinə ehtiyac var. Fermerlər qlobal iqlim dəyişikliyi şəraitində suvarma sistemlərini təkmilləşdirməli, yeni sortların becərilməsinə çalışmalıdırlar. Sadə insanlar ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların salınması aksiyalarına dəstək verə bilərlər. Ona görə də bu istiqamətdə maarifləndirmə tədbirləri gücləndirilməlidirir.

-Sizcə, COP29 tədbiri ölkələr arasında daha güclü əməkdaşlıq yaratmaq üçün hansı imkanları təmin edə bilər?

- Yer kürəsinin yaşanabilən bir planet olaraq gələcək nəsillərə ötürmək istəyiriksə, qlobaliqlim dəyişikliyinin fəsadlarına qarşı birgə mübarizə aparmaq lazımdır. Təbii fəlakətlər zamanı hətta aralarında siyasi konfkliktlər olan dövlətlər belə bir-birinə əl uzadır, evsiz-eşiksiz qalmış insanlara yardım edir. Qlobal iqlim fəsadları da belə olmalıdır. Zəngin dövlətlər zəif inkişaf etmiş dövlətlərə yardım etməlidir. Məsələn, koronavirus pandemiyası dövründə Azərbaycan onlarla ölkəyə vaksin yardımı etdi, maliyyə dəstəyi verdi. Zəif inkişaf etmiş dövlətlərin qlobal iqlim böhranına uyğunlaşması üçün ayrıca fondun yaradılmasına ehtiyac var. Yəqin ki, COP29-da bununla bağlı müzakirələr olacaq, bu istiqamətdə təkliflər dəyərləndiriləcək.

-Tədbir müddətində və sonrakı dövrdə QHT-lərin üzərinə hansı öhdəliklər düşür?

- Qlobal iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması işində vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Gənc nəsildə ekoloji şüurun formalaşdırılması erkən yaşlarda başlamalıdır. Biz ekoloji şüuru yüksək olan, ətraf mühitə duyarlı yanaşan nəsil yetişdirməliyik. Bu işdə məktəbin, valideynin üzərinə böyük yük düşür. Lakin vətəndaş cəmiyyəti və media da fəal olmalıdır. Bərpa olunan enerjiyə keçid, yaşıl nəqliyyatın təşviq olunmasında QHT-lər böyük rol oynaya bilər.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31