Ermənistana yatırım qoyan xarici şirkətlər: “Ekoloji cinayətə ortaqdır”

Ermənistan Respublikası 1992-2020-cü illər işğal dönəmində Azərbaycana qarşı ekoloji terror həyata keçirib.

Azərbaycanın əkinə yararlı məhsuldar torpaqları, otlaq sahələri yandırılıb, filiz mədənləri qanunsuz istismar olunub, nadir bitkilər olan meşələr talan edilib.

Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ekosistemini təhdid edən dağ-mədən sənayesi müəsisələrinin qanunsuz fəaliyyəti bu gün də davam edir.  

Çoxu Sovet zamanında tikilmiş, köhnə texlonologiyalarla işləyən sənaye müəssisələri tullantıları təmizləmədən transərhəd çaylarına axıdır. 

Məlumata görə, Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Çox təəssüf ki, regionda ətraf mühitin korlanmasında, transərhəd çaylarının çirklənməsində Ermənistanın dağ-mədən sənayesinə sərmayə qoymuş xarici şirkətlər də rol alıb. Cənubi Qafqazın ekosisteminə təhlükəli durumun yaranmasında onların məsuliyyəti nə qədərdir?

Müsahibimiz Environmental Protection First QHT koalisiyasının həmtəsisçisi, ekoloq Qəmzə Yusifovadır.

-Qəmzə xanım, Ermənistanın hasilat sənayesinin tullantıları transsərhəd çaylarını çirkləndirməkdə davam edir. Ağır sənaye tullantılarının çaylara axıdılması hansı fəsadlara yol açır?

-Ermənistanın dağ mədən sənayesinin ağır tullantıları çox təəssüf ki, günümüzdə də çaylarımızı çirkləndirməkdə davam edir. Kosmik monitorinq işləri  SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017 və 2023-cü il tarixlərində çəkilmiş peyl təsvirləri əsasında hazırlanmış hesabata və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 iyun 2023-cü il tarixində yaydığı Bəyanata əsasən Ermənistanın dağ-mədən sənayesi Azərbaycan ərazisindən axan transərhəd çaylarını ağır metallar və çirkab sənaye suları ilə çirkləndirir. 

Sözügedən hesabata əsasən Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür. İşğal dövründə Ermənistan Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq istismar edib. Nəticədə mədən yaxınlığındakı Zod  çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib.

Zod çayının çirkli suyu Kürə tökülür. Göyçə vilayətindəki Daşdəm Qızıl Mədəninin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. 

Ermənistanın Lori vilayətindəki Axtala mədəninin tullantı sularında mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Qafan Manqan Zavodu manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. 

İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Çirkli tullantılar tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. 

- Azərbaycanın vətəndaş cəmiyyəti Ermənistan rəhbərliyinə müraciət edərək beynəlxalq konvensiyalara əməl etməyə çağırmışdı. Sizcə, bu cür çağırışlar Ermənistan hökumətinə təsir edirmi?

-Ötən bununla bağlı Ermənistan hökumətinə müraciət edəndə erməni cəmiyyətində bəziləri "bizim iqtisadi maraqlarımız var" arqumentindən çıxış edir, dağ-mədən sənayesinin ölkəyə gəlir gətirdiyini bildirirdilər.

Lakin bizim əsas məqsədimiz hansısa dövlətin iqtisadi maraqlarına qarşı çıxmaq, gəlirlərini azaltmaq deyil. Beynəlxalq konvensiyalar var, rəsmi İrəvan ona uyğun davranmalıdır. Espo konvensiyasına görə, əgər dağ mədən sənayesi müəssisəsi sərhəddə yerləşirsə, tikinti layihəsi qonşu ölkənin rəsmi qurumları və yerli icma ilə birgə nəzərdən keçirilməli, qiymətləndirilmə aparılmalıdır. Ekoloji problem sərhəd tanımır. Hava və suyun çirkləndirilməsi ilə milyonlarla insanın həyatını və ətraf mühiti, Cənubi Qafqazın ekosistemini ciddi təhlükə qarşısında qoyur. Hesab edirəm ki, Ermənistanın dağ-mədən sənayesinin yaratdığı ekoloji terror ciddi araşdırılmalı, yeni faktlar toplanmalı, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. 

Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. 

Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əleyhinə çıxış edir.

-Qəmzə xanım, yaranmış ekoloji böhrana görə, Ermənistan hökumətinin məsuliyyəti aydındır. Bəs qonşu ölkənin dağ-mədən sənayesinə yatırım qoymuş xarici şirkətlər necə ekoloji cinayətlərə görə nəsuliyyət daşıyırmı?

- Əlbəttə, onlar da məsuliyyət daşıyır. Ötən il Arazdəyəndəki metallurgiya zavodu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar vətəndaş cəmiyyəti fəallarının diplomatik korpuslara müraciəti oldu. Hesab edirəm ki, bunun faydasını da gördük. Ermənistan iqtisadi gücü elə deyil ki, o müəssisələri təkbaşına işlədə bilsin. Ən pisi də budur ki, müasir dağ-mədən sənayesi müəsissələri çoxlu sərmayə tələb edir. Buna isə Ermənistanın imkanı yoxdur. Bölgəyə yatırım qoyan xarici şirkətlər isə ətraf mühitin qorunmasına ikinci dərəcəli iş kimi baxırlar. 

Araşdırmalarımıza görə, Ermənistanın transərhəd çaylarını çirkləndirən əsas müəssisələri Qərbi Zəngəzurda yerləşir. Bir qismi də ortaq şirkətlərdir. Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatı xarici sərmayə ilə ərsəyə gəlib. Qeyd edək ki, bu müəssisələrdən axıdılan xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i Almaniyanın "Cronimet Mining GmbH" şirkətinə məxsusdur.

Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın "Chaarat Gold International Limited" şirkətinin tərkibindədir və hazırda "Chaarat Kapan" adlanır. Əkərək (Aqarak) Mis-Molibden Kombinatının əsas payçılarından biri ABŞ-ın "Comsup Commodities" şirkəti kombinatıdır. 

İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq "GeoProMining" şirkətinin tam istismarına vermişdi. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib. 

İildə təxminən 10.000 unsiya qızıl hasil edən Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni Kanadanın "Lydian International" şirkəti tərəfindən idarə olunur. Müəssisə yerli su təchizatını aramsız şəkildə çirkləndirir.

Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Bölgənin hətta dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodu dir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod Bərgüşad çayını ciddi şəkildə  çirkləndirir. 

İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşən Amuldağ yatağını "Lydian Armenia" şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın "Lydian International" şirkətidir. Şirkətin əsas səhmdarları "Orion Mine Finance" (ABŞ), "Resource Capital Funds" (ABŞ), "Merk Investments" və "Tocqueville Asset Management LP" şirkətləridir. Bu yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə gölünün ekosisteminə də mənfi təsir göstərir.

-Ermənistan qanunsuz mədən fəaliyyəti ilə hansı beynəlxalq konvensiyaları pozur? 

-2014-cü ildə qüvvəyə minən BMT Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyası - Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulur. Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir. Bu Konvensiya su ehtiyatlarının sosial, iqtisadi və ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək icmalarla yaxından işləməyi, onların rəyini nəzərə almağı nəzərdə tutur. 

Ermənistan hökuməti yuxarıda qeyd olunan mədənlərin istismarı ilə həm də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espoo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. 
Cavid Şahverdiyev

"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ermənistanın ekoloji terroru" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".

"Cebheinfo.az"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31