“60-70 yaşında həyat yoldaşının dəyərini anlamağın nə mənası var ki” - MÜSAHİBƏ

“Evdəki həyat yoldaşından xəbəri olmayan kişi çayxanada hansısa qızla görüşür və ya sosial şəbəkədə onunla yazışır”

Öncəki illərdən fərqli olaraq internetin, virtual aləmin üstünlüklərindən yararlanan gənclər daha çox sosial şəbəkələr vasitəsilə ciddi, ya qeyri-ciddi münasibətlər qurmağa meyilli olurlar. Beləcə "Facebook" kimi digər sosial şəbəkələr, həmçinin çat dünyasına daxil olan gənclərin bir qismi sadəcə vaxt keçirərək qarşısındakı şəxsi aldadır və ya hər iki tərəf münasibətlərin qeyri-ciddi olmasını dərk edərək birgə vaxt keçirməli olurlar. Öncələr real aləmdə ünsiyyət qurmaqda çətinlik çəkənlər telefonla zəng edib tanış olmağa üstünlük verirdisə, bu gün həmin ənənə sosial şəbəkələrdəki tanışlıqla əvəzlənib. Təəssüflər olsun ki, real həyatda olduğu kimi sosial aləmdə də bu ünsiyyətdən sui-istifadə edərək qarşı tərəfi toruna salanlar az deyil. Ümumiyyətlə sosial şəbəkələrdə tanış olmaq olarmı? Bu zaman hansı nüanslara daha diqqətlə yanaşmaq lazımdır? Bu kimi suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovun da fikirlərini öyrəndik.

-Gənclər niyə canlı ünsiyyətdən daha çox sosial şəbəkədaxili tanışlığa üstünlük verir?

-Sosial şəbəkələrdəki tanışlıq daha çox gənclərin assosiallığı ilə bağlıdır. Real həyatda kiminləsə ünsiyyət yarada, tanış ola bilməyən şəxslər sosial şəbəkələrdə bu cür münasibətlər yaratmağa üstünlük verirlər. Real həyatda fikirlərini ifadə edə bilməyən şəxslər virtual aləmdə daha cəsarətli görünürlər. Beləcə virtual aləmdə ünsiyyət yaradan şəxs özünü qarşısındakı şəxsə daha mehriban təqdim edir. Beləcə real ünsiyyətdə münasibət qura bilməyən şəxslərin digərləri ilə məsafəli ünsiyyəti formalaşır. Real həyatda ünsiyyət qurmaqda çətinlik çəkən şəxslər sosial şəbəkədə münasibətlərini ciddiləşdirərək ailə həyatı qurduqdan sonra müxtəlif problemlərlə qarşılaşır. Bu cür problemlər yaşamaq istəməyən şəxslər daha çox real ünsiyyətə üstünlük verərək yarana biləcək anlaşılmazlığın qarşısını ala bilər. Virtual aləmdən fərqli olaraq real həyatda qarşındakı şəxsin əhval-ruhiyyəsinin necə olduğunu görən kimi başa düşürsən. Uzun müddət virtual aləmdə hisslərini biruzə verə bilməyən insanlar sonradan real aləmdə də münasibətlərini davam etdirməkdə çətinlik çəkirlər. Birmənalı olaraq psxioloji problemlər yaşayan, ünsiyyət qurmağı, aktuallaşmağı bacarmayan insanların sosial şəbəkələr vasitəsi ilə əks cinslə ünsiyyətə meyilli olduğunu deyə bilərik. Bu cür insanlar heç sosial şəbəkələr vasitəsilə problemlərini həll edə bilmirlər.

-Ümumiyyətlə münasibətləri sosial şəbəkələr üzərindən yaradaraq xoşbəxt ailə həyatı qurmaq mümkündürmü?

-Sosial şəbəkədə tanış olub ciddi münasibət qurmaq olar. Bu gün buna nümunə ola biləcək cütlüklər də az deyil. Lakin bu o demək deyil ki, hər kəs bu yolla ünsiyət yaradıb xoşbəxt cütlük ola bilər. Bu yolla tanışlığa üstünlük verən şəxslərin maarifləndirilməsinə ehtiyac var. Yaxın keçmişə nəzər salsaq hazırda ailəli olan cütlüklərin bir qisminin mail, telefon zəngləri ilə tanış olduğunu görə bilərik. Bu gün onların övladları var, çox xoşbəxtdirlər.

-Etiraf edək ki, bu gün sosial şəbəkələrdə vaxt keçirənlərin böyük əksəriyyəti məqsədsiz insanlardır. Və ya pis məqsədli insanlar... yəni onların əsas məqsədi kiminləsə vaxt keçirib hər şeyi bitirdikdən sonra başqası ilə münasibət qurub onu da öz toruna salmaqdır...

-Sosial şəbəkələrdə  bir qisim insanlar var ki, onların virtual aləmdəki əsas iş-gücləri kiminləsə tanış olmaq, sadəcə ünsiyyət yaratmaq olur. Sosial şəbəkədə bu işlə məşğul olan manyaklar var. Nəticə etibarı ilə onlar qarşısındakı şəxsi aldadaraq özlərini mədəni və ideal şəxs kimi təqdim edirlər. Bizə ünvanlanan müraciətlər zamanı da aldadılan şəxslərin o cür sözlərə inandığını, qarşısındakını əslində olduğu kimi deyil, tamam başqa cür tanıdığını müşahidə etmişik. Hətta bir qisim insanlar özləri üçün xəyali dünya quraraq həmin məkandan ayrıla bilməyəcəklərini zənn edirlər. Sosial şəbəkədə manyaklıqla məşğul olan, kimisə aldadaraq onu görüşə dəvət edən şəxs nəticə etibarı ilə təyin edilən vaxtda həmin məkana müəyyən bəhanələrlə gəlməkdən imtina edir. Bəzən qız Türkiyədə yaşadığını deyən birisi üçün Bakıdan İstanbula yollanır. Nəticədə həmin adamın saxtakar olduğunu görən zərərçəkmiş aldadılaraq uzun müddət depressiya içində yaşamalı olur.  Beləcə sosial şəbəkədə kiminsə tərəfindən aldadılaraq inamı sarsılan insanlar həyata daha fərqli gözlə baxmalı olur. İnsanlar kiminsə toruna düşməmək üçün diqqətli olmalıdır. Çünki sosial şəbəkədə kiminləsə ünsiyyət quran şəxs istər-istəməz həmin şəxsin problemlərinin, şəxsi həyatının da içinə daxil olmuş olur.

-Bu gün sosial şəbəkədə yazışan gənclərin bir qisminin bu yazışmalara, bu yolla yaranan münasibətlərə qeyri-ciddi baxdığını deyə bilərikmi?

-Sosial şəbəkədə tanış olan şəxslərin böyük qismi bu cür münasibətlərə qeyri-ciddi yanaşır. Amma onlar arasında münasibətlərini ciddilik üzərində quranlar da az deyil. İnsanlara nə istədiklərini başa salmaq üçün ictimai maarifləndirmə aparılmalıdır. Hazırki dövrdə hətta 11 yaşında sosial şəbəkədə tanışlığa meyilli olan azyaşlıları görə bilərik. Bu istiqamətdə maarifləndirmə aparmasaq daha gözlənilməz nəticələr əldə edəcəyik. Tərəflərin bir-birini dinləməməsi nəticəsində ortaya çox saylı problemlər çıxır. Uşaqların erkən yaşlardan eibarən sosial şəbəkələrə, yaşlarına uyğun olmayan saytlara daxil olmasının qarşısını almaq üçün bir çox xarici ölkələrdə xüsusi internet paketləri alırlar. Nəticədə məhdudiyyətlə hazırlanan paketlərdən yararlanan azyaşlılar yalnız onlara aid ola biləcək saytlara daxil olurlar. Hələ ki, bu ənənə ölkəmizə gəlməyib.

-Nəinki subay gənclər, hətta evli cütlüklər də sosial şəbəkədə kiminləsə çata girərək tanış olmaq istəyir. Beləcə ailədaxili münaqişələr daha da dərinləşir...

-Məsələyə psixoloji aspektdən yanaşaraq sosial şəbəkələrin bir çox ailələrin dağılmasına da səbəb olduğunu görə bilərik. Sosial şəbəkədə biri ilə tanış olan şəxs ailədaxili problemlərdən bezərək həyat yoldaşından ayrılmalı olur. Son dövrlər sosial şəbəkələrdə təşkil edilən tanışlıqlar ailədaxili münaqişələrin sayının artmasında xüsusi çəkiyə malikdir. Evdə həyat yoldaşına gün verməyən ər tanış olduğu bir xanım üçün sosial şəbəkədə gözəl dünya qurur. Həyat yoldaşı ilə normal münasibət qura bilməyib sosial şəbəkədə kiminsə ünvanına xoş sözlər səsləndirən kişilər konkret problemi olan şəxslərdir. Sosial şəbəkədə tanış olan yeniyetmə və gənclər bəlli müddət keçdikdən sonra real ünsiyyətə üstünlük verərək bir-birini daha yaxından tanımalıdırlar. İllərlə sosial şəbəkədə yazışmaqdansa görüşərək bir-birlərinin xasiyyətlərinə daha yaxından bələd ola bilərlər. Əks halda sosial şəbəkədə tanış olduğu şəxslə uzun müddət yazışan, sonradan münasibətlərini dərhal ciddiləşdirən şəxslər müəyyən problemlərlə qarşılaşa bilərlər. Ötən gün də sosial şəbəkədə münasibələri pozulan şəxslərin bir-birlərini bıçaqlaması haqda məlumat yayıldı. İnsanlar davranmağı, real həyatda ünsiyyət qurmağın yollarını tapa bilsəydilər bu cür hadisələr baş verməzdi.

-Ailəli şəxslərin tanımadığı biri ilə sosial şəbəkədə yazışmasına bir çox hallarda rast gələ bilərik. Bu cür amillərin baş verməməsi üçün tərəflərə psixoloq olaraq nə məsləhət görərdiniz?

-Təbii ki, zaman keçdikcə tərəflər arasında yaranan ünsiyyət qırıqlığı, bir-birlərini dinləməmək, anlaşılmazlıq bu cür arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur. Tutaq ki, həyat yoldaşımla problem yaşayıram. Bu zaman biz yalnız üz-üzə oturaraq müəyyən müzakirələr apardıqdan sonra problemi həll etmək imkanına malik ola bilərik. Təəssüf ki, cütlüklər arasında dinləmə mexanizmi yoxdur. Özümüzdən bir qərar çıxardaraq qarşı tərəfi dinləməsək heç bir problemi həll edə bilməyəcəyik. Problemlərini aralarında həll edə bilməyən şəxslər ailə psixoloqlarına müraciət edərək anlaşılmazlığı aradan qaldıra bilərlər.

-Ümumiyyətlə gənclərin və ailəli şəxslərin neçə faizi virtual ünsiyyətə meyillidir?

-Dəqiq bir statistika yoxdur. Amma bizə edilən müraciətlər gənclərin təxminən 60-70 %nin bu yolla tanışlığa üstünlük verdiyini söyləməyə əsas verir. Bu siyahıda ailəli olanların da öz çəkiləri var. Ailəli olanların təxminən 30-40 faizi problemlərini sosial şəbəkələrdə həll etməyə üstünlük verdikləri üçün bu yolla tanışlığa can atırlar. Evdəki həyat yoldaşından xəbəri olmayan kişi çayxanada hansısa qızla görüşür və ya sosial şəbəkədə  onunla yazışır. Kişilər üçün belə bir tendensiya var ki, qadın evdədirsə deməli hər şey yaxşıdır. Bu gün evli cütlüklərin bir qismi arasında çox maraqlı tendensiya müşahidə etmək mümkündür. Bir-birlərini başa düşmədikləri üçün aralarında soyuqluq yaranır ki, nəticədə kişi vaxtını çayxanada, qadın isə evdə tək-tənha keçirməli olur. Kişi niyə bircə dəfə də olsa onun qayğısına qalan həyat yoldaşını hansısa gözəl məkana aparmır? Amma yoldan ötən hansısa əxlaqsız qadın üçün pul xərcləyib onu görməli yerlərə aparır. Necə ola bilər ki, kişi yoldan ötən qadını restorana apara bilər, amma həyat yoldaşını yox. Küçədən tanıdığın birisinə gözəl gün bəxş edirsənsə həyat yoldaşına da bir gün ver. Qoy o da normal yaşaya bilsin. İnsanın həyat yoldaşının yanında olmasının nəyi pisdir ki?! Müxtəlif yerlərə həyat yoldaşı ilə birgə getdiyi üçün sevinən qadın beləcə ərinin onun yanında olması ilə qürur hissi keçirəcək, ona daha çox dəyər verəcək. Çox təəssüflər olsun ki, ailələr bu sərhədləri aşa bilmirlər. İnsanlar bir-birlərinə vaxtında dəyər versələr bütün problemlər öz həllini tapa bilər. 60-70 yaşında həyat yoldaşının dəyərini anlamağın nə mənası var ki.

-Bəs, sosial şəbəkədə tanış olaraq münasibətlərini ciddiləşdirmək istəyən cütlüklərə hansı məsləhətlər vermək olar?

-Sosial şəbəkələrdə tanış olaraq münasibətlərini ciddiləşdirmək istəyən şəxslər bir müddətdən sonra üz-üzə görüşərək xasiyyətlərinin nə dərəcədə uzlaşmasına diqqət yetirməklə yarana biləcək problemlərin qarşısını ala bilərlər. Sosial şəbəkələr vasitəsi ilə tanış olaraq ünsiyyət qurmaq, münasibətlər yaratmaq istəyən şəxslər özlərini qarşı tərəfin yerinə qoymağı da bacarmalı, ona qarşı nə cür davranmağın lazım olduğunu dərk etməlidir. İnsan özünə rəva bilmədiyi bir şeyi başqasına da rəva bilməməlidir. Problemini həll etmək məqsədi ilə kimləsə münasibət qurması düzgün deyil. Problemin varsa, onu həll et. Bundan başqa danışdığın şəxslə real ünsiyyət qurmalı, onu daha yaxından tanımalısan. Bu ünsiyyəti "Skype"la deyil, üz-üzə qurmaq lazımdır. Qarşındakı şəxsin normal görüntüsü ola bilər. Amma normal görüntü ilə yanaşı onun hansısa psixoloji problemləri də ola bilər. Bunu yalnız canlı ünsiyyət qurarkən anlamaq olar. Bəlkə o şizofrendir, ya manyakdır. Manyak ədəbli, mədəni, həm də çox intellektual adamdır. O, hər kəsi aldadaraq toruna sala bilir. Sosial şəbəkələrdə kiminləsə tanış olan şəxs qarşı tərəfin toruna düşməmək üçün diqqətli olmalıdır. Hər kəs xoşbəxt olmaq istəyir. Bunun üçün addımlarımızı atmazdan öncə düşünməli, daha sonra qərar verməliyik. Valideynlər də övladlarının belə yanlış yola istiqamətlənməməsi üçün ehtiyatlı olmalıdır.

-Son olaraq bu istiqamətdə hansı addımların atılmasına ehtiyac görürsünüz?

-Bu gün ailə dəyərlərimiz kökündən yerindən oynadığı üçün məncə bu istiqamətdə total maarifləndirməyə böyük ehtiyac var. Öncəki illərdən fərqli olaraq boşanmaların, tərəflərarası konfliktlərin artmasının əsas səbəbi ünsiyyət problemidir. Sosial şəbəkələrdəki tanışlığın evli cütlüklər arasındakı münasibətlərin gərginləşməsində, həmçinin boşanmaların artmasında mühüm rolu var. Kimsə sosial şəbəkədəki tanışlıqla ailəsini ayaqda saxlaya bildiyini deyə bilər. Lakin bu yolla hansısa problemi həll etdiyini deyə bilməz. Sosial şəbəkələrdəki tanışlıqla problemləri həll etmək mümkün olmur.  

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31