Dağlıq Qarabağ münaqişəsi dünyada insan haqlarının kobud surətdə pozulmasının əyani sübutudur

10 dekabr bütün dünyada Beynəlxalq İnsan Haqları Günüdür. 1950-ci ildən etibarən hər ilin bu günü Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edilir. Bəs görəsən, günümüzdə istər ölkəmizdə, istərsə də dünyada insan haqlarına necə dəyər verilir, insan hüquq və azadlıqları necə qorunur? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidova müraciət etdik.

Əhməd Şahidov: "Beynəlxalq hüququn ayrılmaz parçası olan ölkələrin ərazi bütovlüyü prinsipi pozulub"

10 dekabr bütün dünyada Beynəlxalq İnsan Haqları Günüdür. 1950-ci ildən etibarən hər ilin bu günü Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edilir. Bəs görəsən, günümüzdə istər ölkəmizdə, istərsə də dünyada insan haqlarına necə dəyər verilir, insan hüquq və azadlıqları necə qorunur? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əhməd Şahidov bu günün əhəmiyyəti, eləcə də günümüzdə insan hüquq və azadlıqları, insan haqlarına verilən dəyər, bu sahədə mövcud olan problemlərdən danışıb. Hüquq müdafiəçisi Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən məqsədyönlü siyasət barədə də fikirlərini bölüşüb.

-Əhməd bəy, 10 Dekabr - Beynəxalq İnsan Haqları Günü idi. Siz, təkcə Azərbaycanda deyil, habelə dünyanın bir çox ölkələrində insan haqları ilə bağlı fəaliyyət göstərirsiz. Bu günün tarixi barədə nə deyə bilərsiniz? O cümlədən bütün dünyada və Azərbaycanda insan haqlarının hazırkı durumunu necə qiymətləndirirsiz?

- İnsan haqları XX əsrdə bəşəriyyətin qazandığı ən ali dəyərlərdən biridir. İnsan haqlarının əsas konsepsiyası ondan ibarətdir ki, dünyadakı bütün insanlar - irqindən, cinsiyyətindən, dilindən, dinindən, ictimai-siyasi baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən və digər cəhətlərindən asılı olmayaraq, qəbul olunmuş hüquq və azadlıqlara malikdirlər. Bu fikirləri özündə ehtiva edən ilk əsas sənəd 10 Dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi bəyənnamə" olub. Və 1950-ci ildən başlayaraq hər il 10 dekabr insan hüquqları günü kimi qeyd edilir. Avropada insan hüquqlarının və azadlığın qorunması üçün "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası" mövcuddur. Avropa Şurasının tamhüquqlu üzvü kimi Azərbaycan da bu konvensiyaya qoşulub. Bu konvensiyanın I Bölməsinin I maddəsi "Yaşamaq hüququ" adlanır. Bu maddə dünyadakı hər bir kəsin yaşam haqqını tanıyır. Bugün dünyada baş verən proseslərə - müharibə, terror, qətliamlar və soyqırımlara baxsaq, nə qədər insanın hüquqlarının tapdandığını görərik. Bu səbəbdən, bugün dünyada insan haqlarının durumu barədə birmənalı şəkildə danışmaq çox çətindir. Yüzlərlə, minlərlə insanın qətliamına, soyqırımına səssiz qalan dünya təşkilatları bəzən bir qatı cinayətkarın türmədə təhsil haqqı üçün beynəlxalq kampaniyalar təşkil edir. Yaxın keçmişdə bu kimi nümunələr çox olub. Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bir məsələni xüsusi qeyd etmək lazımdır. Azərbaycan irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsin birgə yaşadığı unikal ölkələrdən biridir. Bugün ölkəmiz özünün multikultural təcrübəsi ilə bütün dünyada tanınır. Avropanın və bütün Qərb dünyasının öyrənməli olduğu bir yaşam modelini daşıyırıq. Bakıda bir kilometr radiusda həm məscid, həm kilsə, həm də sinaqoq sərbəst şəkildə fəaliyyət göstərməkdədir. Bizim üçün adi görünən bu mənzərə Avropada rast gəlinmir. Mən Avropanın əksər ölkələrində olmuşam, şəhərləri gəzmişəm. İnandırım sizi, ən inkişaf etmiş ölkələrdə - Fransa, Almaniya, İsveçrə, Belçikada sinaqoqları avtomatlı əsgərlər qoruyur, məscidlər qapadılır, dini ayrı-seçkilik dövlət siyasəti səviyyəsinədək gedib çatır. Halbuki, elə həmin Avropa Konvensiyasının 9-cu maddəsində hər kəsin vicdan və din azadlığı barədə danışılır, amma Avropada buna heç də hər zaman əməl olunmur. Azərbaycan bu baxımdan çox unikal bir ölkədir və Avropadan çox-çox irəlidədir.

-Siz son aylar Avropada keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətləri ilə bağlı çox önəmli çıxışlar edirsiniz. Dağlıq Qarabağ münaqişəsi, bir milyon məcburi köçkün, azərbaycanlı girovlarla bağlı ATƏT və Avropa Parlamentində çıxışlarınız oldu. Necə qarşılandı bu çıxışlar?

-2017-ci il, bir hüquq müdafiəçisi kimi, bizim üçün də çox məhsuldar keçdi və fəaliyyətimizin böyük hissəsini Avropada reallaşdırdıq. İl boyu AŞPA, ATƏT, Avropa Parlamenti və digər qurumlarda çıxışlarımız oldu, Azərbaycan həqiqətləri ilə bağlı ardıcıl fəaliyyətimiz oldu. Gündəlikdə əsasən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü məsələsi, cəbhə bölgəsində mülki əhalinin qətlə yetirilməsi, habelə azərbaycanlı girovlar Dilqəm Əsəgrov və Şahbaz Quliyevin azadlığa buraxılması var idi. Bu ilin iyul ayında Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən amansızlıqla qətlə yetirilən 2 yaşlı Zəhra balamızın məsələsini ATƏT və Avropa Parlamentində qaldırdıq və Avropa ictimaiyyətinin diqqətini bu məsələyə yönəltdik. Daha sonra bu ilin sentyabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in Zirvə Toplantısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarımız oldu. Və budəfəki səfərimizdə Dilqəm Əsgərovun oğlu Kürdoğlunu da özümüzlə ATƏT-ə apardıq və orada onun çıxışını təmin etdik. İstədik ki, Avropa ictimaiyyəti bütün həqiqətləri Dilqəm Əsgərovun öz oğlunun dilindən eşitsin və bilsin ki, bu haqsızlığa göz yummaq olmaz. Çalışırıq ki, ardıcıl şəkildə fəaliyyət göstərək və daha çox ölkə Azərbaycanın haqq səsini duysun və bizim haqlı mövqeyimizi dəstəkləsin. Varşava Sammitindəki çıxışlarımız çox müsbət qarşılandı və bizimlə ünsiyyət qurmağa çalışan çoxlu diplomatlar oldu. Kürdoğlu Əsgərovun çıxışından 10 gün sonra atasından məktub aldıq. Halbuki Dilqəm Əsgərovdan 7 ay idi ki, heç bir xəbər almaq mümkün olmurdu. Bu məsələdə xeyli narahatlığımız var idi. 15 gün bundan öncə Brüsseldə Avropa Parlamentində 2 yaşlı Zəhra balamızın amansızcasına qətlə yetirilməsini yenidən gündəmə gətirdik və erməni vəhşiliyini növbəti dəfə ifşa etdik. Bu kimi fəaliyyətimizi sistemli şəkildə davam etdiririk və bundan sonra da bu istiqamətdə fəallıq nümayiş etdirəcəyik. Avropada və ümumən Qərb dünyasında Azərbaycana münasibətdə ikili standartların mövcudluğu hamıya bəllidir.

-Avropanın beynəlxalq insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı girovlar məsələsində adətən səssiz qalmağa üstünlük verirlər. Bunun səbəbi nədir sizcə?

-Bilirsiniz, bu suala cavab vermək elə də asan deyil. Amma müəyyən səbəblər var. Bu gün dünyada demokratiya və insan haqları tam formal xarakter daşıyır. Əsasən, ölkələrin milli maraqları ön planda tutulur. Azərbaycan neft və qazla zəngin bir ölkədir və Cənubi Qafqazın aparıcı fiqurudur. Bugün regionda reallaşan qlobal enerji layihələri rəsmi Bakının iradəsi ilə baş tutur. Yəni, Azərbaycan təkcə regionda deyil, Avropada və bütün dünyada oyun şərtlərini diqtə edən tərəfə çevrilib. Bu da bir sıra ölkələrin xoşuna gəlmir və hər vəchlə ölkəmizi zəiflətməyə çalışırlar. İllərdir sürən Dağlıq Qarabağ münaqişəsi dünyada insan haqlarının kobud surətdə pozulmasının əyani sübutudur. Beynəlxalq hüququn ayrılmaz parçası olan ölkələrin ərazi bütovlüyü prinsipi pozulub, bir milyon insanın şəxsi həyatın toxunulmazlığı hüququ pozulub, minlərlə insanımız yaşamını itirib, yüzlərlə mülki vətəndaşımız işgəncələrə məruz qalıb, qeyri-qanuni əsir və girov saxlanılmaqdadır. Və bu hallar bugün də davam etməkdədir. Artıq 2018-ci ildir, Avropanın ən strateji bölgəsində - Azərbaycanda mülki əhali atəşə tutulur, 2 yaşlı Zəhralar qətlə yetirilir, bir məntəqədən digərinə hərəkət edən mülki insanlar girov götürülür. Avropanın insan haqları təşkilatları buna adekvat reaksiya vermirlər. 30 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Təbii ki, bütün bunlar ikili standartların təzahürüdür və Azərbaycan həm də bu neqativ siyasətlə üz-üzədir. Ölkəmiz gücləndikcə, bizə qarşı olan qüvvələr daha ədalətsiz, daha kobud münasibət bəsləməyə başlayırlar. Bir çox hallarda isə insan haqları sadəcə vasitəyə çevrilir.

-Noyabrın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində V Şərq Tərəfdaşlığı Sammiti keçirildi və Azərbaycan Prezidenti Cənab İlham Əliyev də həmin sammitdə iştirak edirdi. Bir hüquq müdafiəçisi kimi siz də həmin sammitə qatılmışdız. Necə qiymətləndirirsiz Sammitin gedişini, aparılan müzakirələri və yekun bəyannaməni? Azərbaycan Şərq Tərəfdaşlığı Sammitində nə qazanmış oldu?

-Bəli, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti Azərbaycan üçün yadda qalan oldu. Bildiyiniz kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyev də həmin Sammitdə iştirak edirdi. Aparılan müzakirələrin nəticəsi olaraq, yekun bəyannamə imzalandı. Əvvəlki Sammitdən fərqli olaraq, bu dəfə Ermənistanın təxribat yönümlü cəhdləri bir nəticə vermədi və Azərbaycanın haqlı mövqeyi hamılıqla dəstəkləndi. Sammit çərçivəsində aparılan müzakirələrdə Avropada, habelə Şərq Tərəfdaşlığı ölkələrində ərazi bütövlüyü məsələsi prioritet olaraq, qəbul edildi və bu məqam yekun bəyannamədə də öz əksini tapdı. Bu, ölkə başçısı Cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsi idi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənədlə bir daha tanıdı və bunu prioritet olaraq, bəyan etdi. Biz də vətəndaş cəmiyyətinin üzvü olaraq, həmin Sammitdə iştirak edirdik və prosesləri yaxından izləyirdik. Həqiqətən də, Azərbaycan sammitdə yüksək səviyyədə təmsil olunurdu. Həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti formatında kifayət qədər uğurlu və faydalı müzakirələr oldu. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirdə haqlı tərəf olduğunu bütün dünyaya göstərmiş oldu. Ermənistan tərəfi növbəti dəfə fiaskoya uğradı.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31