Nefttin qiymətləri ətrafında baş verən pozitiv hadisələr ölkənin valyuta ehtiyatlarını artırmaq şansları yaradır

Fikrət Yusifov: “Bu gün yaranmış vəziyyətdən maksimum yararlanmaq çox mühüm məsələdir”

Artıq cari ilin ilk yarısını yaşayırıq. Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra bütün neft ixrac edən ölkələr kimi Azərbaycan iqtisadiyyatında da müşahidə edilən mənfi tendensiya 2016-ci illə bağlı müəyyən bədbin proqnozların səslənməsinə səbəb olmuşdu. Düzdür, ilin ilk aylarında müəyyən çətinliklər müşahidə edilsə də, lakin görülən qabaqlayıcı tədbirlər Azərbaycanın bu problemdən minimum itgi ilə çıxmasına imkan verdi. Bəs görəsən iqtisadçı ekspertlər bu barədə nə düşünürlər? Cari ilin altı ayı ərzində Azərbaycan iqtisadiyyatında hansı müsbət və mənfi tendensiyalar müşahidə edilib? Bu və ya digər məsələlərlə bağlı "OLAYLAR"-ın suallarını "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov cavablandırıb.

-Fikrət müəllim, artıq bu ilin ilk 6 ayına qədəm qoymuşuq. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının durumunu, göstəriciləri necə qiymətləndirərdiniz?

-Altı ayın yekunlarına dair məlumatları biz gələn ayın birinci dekadasından sonra əldə edə biləcəyik. Hələlik rəsmi statistikada yalnız bu ilin 4 ayının nəticələri əks olunub. Açığını deyək ki, ümumi nəticələr bir o qədər ürəkaçan olmasa da, bir çox sahələrdə pozitiv nəticələr diqqəti cəlb edir. Məsələn, cari ilin 4 ayı ərzində Ümumi Daxili Məhsul keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz, o cümlədən qeyri-neft ÜDM 6,8 faiz, idxal - ixracın həcmi ¼ qədər azalsa da, qeyri-neft sənayesində 4,2, kənd təsərrüfatında 3,5, o cümlədən bitkiçilikdə 12,3, heyvandarlıqda 3,1, informasiya və rabitə xidmətlərində 11,0, pərakəndə ticarət dövriyyəsində 2,7 faiz artım müşahidə olunub. Azərbaycan iqtisadiyyatında cari ilin dörd ayı ərzində yaranmış ümumi azalmanın kökündə dayanan əsas amil neftin qiymətlərinin kəskin aşağı düşməsidir. İki ilə yaxın vaxt ərzində neftin qiymətlərinin və uyğun olaraq ölkənin xarici valyuta gəlirlərinin 4 dəfəyə qədər azalması baş verdiyi tədqirdə, belə nəticələr gözlənilən idi.

-Azərbaycan hökuməti bu aylar ərzində qarşısına qoyduğu hədəflərə, məqsədlərə çata bildimi?

-Bu vəziyyətdən yeganə çıxış yolu, mövcud maliyyə vəsaitlərindən maksimum qənaətlə istifadə etmək və real sektorun sürətli inkişafını təmin edə biləcək ciddi addımlar atılmaqdan keçirdi. Buna görə də hökumət yaranmış vəziyyətə tam advekat adımllar atmağa qərar verdi. Ölkənin baş maliyyə sənədi - Dövlət büdcəsi dürüstləşdirilərək onun gəlir və xərcləri 25 faiz ətrafında azaldıldı və dürüstləşdirilmiş büdcə variantında neftin qiymətləri 50 dollardan 25 dollara endirildi. Ölkədə sağlam bank sektoru olmadan iqtisadiyyatın uğurlu inkişafı mümkün deyil. Bu səbəbdən pul-kredit sistemində də ciddi sağlamlaşdırıcı tədbirlərin görülməsinə rəvac verildi. Uzun müddətdən bəri ətrafında müzakirələr gedən manatın məzənnəsi nəhayət ki, üzən mexanizmlərə söykənərək müəyyən olunmağa keçirildi. Maliyyə bazarlarında yarana biləcək hər hansı bir uyğunsuzluqların qabaqlanması məqsədilə nəzarət funksiyası yerinə yetirən üç strukturun bazasında yeni, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bu Palatanın yaradılması ilə maliyyə bazarında özü də oyunçu olan və heç bir məntiqi əsas oilmadan bu bazarın digər oyunçuları üçün "fəaliyyət qaydaları" müəyyənləşdirən Məkkəzi Bank, çox haqlı olaraq, Publik hüquqi şəxsə çevrildi və onun bankların fəaliyyətini tənzimləyən və onların fəaliyyətinə nəzarəti nəzərdə tutan əsas funksiyaları alınaraq yeni yaradılmış Nəzarət Palatasına verildi. Bu addım ölkədə sağlam bank sisteminin qurulması işində əsaslı bir dönüşün başlanğıcını qoydu. Sağlam bank sisteminin olması isə iqtisadi inkişafa təkan verə biləcək bir maliyyə mənbəyinin mövcudluğu deməkdər.

-Devalvasiya və maliyyə bazarında yaranan böhrandan sonra hökumətin həyata keçirdiyi tədbirlər müsbət nəticələrini göstərirmi?

-Hazırda hökumət, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən manatın nüfuzunun möhkəmlənməsi və bank sisteminin sağlamlaşdırılması istiqamətində ciddi işlər görülür.

-Bəs dünya bazarlarında neftin qiymətinin nisbətən artması iqtisadiyyatda hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq?

-Cari ilin yanvar ayının 20-dən bu günədək ötən müddət ərzində dünya bazarlarında neftin qiymətləri 80 faizdən çox artaraq, bir barell üçün 28,2 dollardan

51 dollara qədər qalxmışdı. Aparılan müşahidələr isə deməyə əsas verir ki, bütün prosseslər bu qiymətlərin bundan sonra da artacağına aparır. Nefttin qiymətləri ətrafında baş verən bu pozitiv hadisələr bizə yenidən ölkənin valyuta ehtiyatlarını artırmaq şansları yaradır. Bu gün yaranmış vəziyyətdən maksimum yararlanmaq çox mühüm bir məsələdir. Çünkü valyuta ehtiyatlarının həcmi ölkəmiz üçün bir çox digər məsələlərin də paralel olaraq müsbət həlli demək olacaq. Burada söhbət ölkənin kredit reytinqlərinin, rəqabət qabiliyətliliyi göstəricilərinin daha da artmasından gedir. Bu göstəricilər yüksək olacağı tədqirdə isə ölkəyə - onun iqtisadiyyatının real sektoruna daha çox investisiyaların axını baş verəcək. Son bir ilə qədər vaxt ərzində iqtisadiyyatın yenidən qurulması və onun neftdən asılılığının minimuma endirilməsi istiqamətində çox ciddi qərarlar qəbul edilib. İndi başlıca məsələ, qəbul edilmiş qərarların yüksək səviyyədə icra olunmasını təmin etməkdən və islahatların daha da sürətlə aparılmasını təmin edə biləcək digər zəruri qərarların qəbulu edilməsindən ibarətdir. Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyi isə islahatlar üçün kriteriya ola bilməz. Əksinə, bu qiymətlərin artması hesabına əldə ediləcək əlavə valyuta gəlirlərindən iqtisadiyyatın real sektorunda görülən işləri maksimum sürətləndirmək məqsədilə istifadə etmək lazımdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31