Şimali Kiprdə pulsuz ali təhsil almaq imkanı
Bu imkanı azərbaycanlı gənclərə Doğu Akdeniz Universiteti yaradır
23 May 2016 13:14 MüsahibəTevfiq Yoldaş: "Azərbaycanlı gənclərin Şimali Kipr Türk Respublikasına gələrək ali təhsil alması çox asandır"
Bu gün Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında turizm və təhsil sahəsində daha geniş əlaqələr, əməkdaşlıq mövcuddur. Hər il Bakıda Şimali Kiprin turizm və təhsil müəssisələrinin tanıtımı məqsədilə təşkil edilən sərgilər qeyd edilən istiqamətdə əlaqələrin daha da genişlənməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, hər il Şimali Kipr Türk Respublikasının universitetlərində oxumaq arzusunda olan azərbaycanlı tələbələrin sayında artım qeydə alınır. Hazırda azərbaycanlı tələbələrin daha çox maraq göstərdiyi ali təhsil müəssisələrindən biri də Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetidir. Bu günlərdə Azərbaycanda səfərdə olan universitetin prorektoru, təhsil ocağının beynəlxalq əlaqələr və təbliğat üzrə koordinatoru Tevfiq Yoldaşla görüşüb təmsil etdiyi təhsil müəssisəsinin mövcud imkanları, universitetdə tələbələr üçün yaradılan şərait barədə danışdıq. Tevfiq Yoldaş "OLAYLAR"-a verdiyi müsahibədə universitetdə daha bacarıqlı tələbələr üçün tətbiq edilən imtiyazlar barədə də məlumat verib.
-Tevfiq bəy, Şimali Kipr Türk Respublikasının təhsil sistemi hansı özəlliklərə malikdir və gənclər nə üçün Şimali Kipr universitetlərini seçməlidirlər?
-Şimali Kipr Türk Respublikasının universitetlərinə böyük marağın olmasının başlıca səbəblərindən biri universitetlərdə dərslərin ingilis dilində tədris olunmasıdır. Təbii ki, daha çox dil bilmək faydalıdır. Ancaq günümüzdə ingilis dili qlobal miqyasda daha önə çıxıb. Ona görə də Şimali Kipr Türk Respublikasının universitetlərində dərslərin ingilis dilində tədrisinə üstünlük verilir. Şimali Kipr Türk Respublikasının universitetlərindəki təhsil sistemi Birləşmiş Ştatların təhsil sisteminə bənzəyir və 4 illik tədris ilinin sonunda tələbələr dərəcə alır. Təhsil ildə iki semestr olmaqla həyata keçirilir. Gənclərin Şimali Kipr Türk Respublikasının universitetlərini seçməsinin digər önəmli məqamlarından biri də təhsil müəssisələrinin kifayət qədər geniş imkanlara malik olmasıdır. Mənim çalışdığım Doğu Akdeniz Universitetinin təxminən 40 illik bir tarixi var. Universitet fəaliyyətə başladığı ildən etibarən xarici tələbələr burada təhsil almağa üstünlük veriblər. Doğu Akdeniz Universitetində təhsil alan tələbələr burada hər bir imkana malikdirlər və həmin imkanlardan yararlana bilirlər. Geniş bir ərazini əhatə edən universitetin digər bir özəlliyi onun diplomunun beynəlxalq səviyyədə tanınmasıdır. Bəzi ölkələrin təhsil nazirlikləri ilə qurduğumuz əlaqələr əsasında diplomlarımız həmin ölkələrdə tanınır.
-Doğu Akdeniz Universitetində təxminən nə qədər xarici tələbə təhsil alır?
-Universitetimizdə 106 ölkədən olan xarici tələbələr təhsil alır. Onu da deyim ki, 106 ölkənin heç də hamısının Təhsil Nazirliyi ilə belə bir anlaşma əldə edilməyib. Amma böyük əksəriyyəti ilə anlaşma əldə olunub. Əslində 106 ölkənin heç də hamısı ilə belə bir anlaşma əldə etmək mümkün və ya gərəkli deyil. Çünki ölkələrin Təhsil Nazirliyi ilə əldə edilən anlaşma ilə yanaşı akkreditasiya qurumları adlanan qurumlar da var ki, bu da proqramlar üzrə həyata keçirilir. Məsələn mühəndislik fakultəsi Amerikada fəaliyyət göstərən ABED adlı qurum tərəfindən akrreditasiya edilir. Doğu Akdeniz Universitetinin mühəndislik üzrə bütün proqramları məhz ABED tərəfindən akrreditasiya edilib. Bu isə Doğu Akdeniz Universitetinin dünyada mühəndislik ixtisası üzrə ən yüksək təhsil verdiyinin göstəricisi deməkdir. Çünki bu gün dünyada ABED-i əvəzləyəcək, yaxud ona uyğun fəaliyyət göstərə bilən digər bir qurum yoxdur. Onu da qeyd edim ki, belə bir qiyməti, etimadı əldə etmək o qədər də asan deyil. Bütün proqramlarının, standartların mükəmməl olmalıdır. 3-4 illik dəyərləndirmənin nəticəsi olaraq müsbət rəy qazana biləcəyin təqdirdə bu etimadı qazana bilirsən. Əgər universiteti bitirən tələbənin diplomunun arxasında ABED-in möhürü olursa, hər hansı bir ölkənin Təhsil Nazirliyinin o diplumu tanımamaq riski yoxdur. Çünki həmin möhür bir keyfiyyət nişanıdır. Məıhz bu cür tələbələrimiz universiteti bitirdikdən sonra öz ölkələrinə qayıtdıqdan sonra asanlıqla işə girmək imkanı əldə edirlər. Yəni diplomunun arxasında ABED-in möhürü olduğu halda mühəndislik sahəsində çalışmaq istəyən birisindən hər hansı bir əlavə dərəcə almaq tələb olunmaz. Xarici ölkələrin gənclərinin təhsil almaq üçün Şimali Kiprə üz tutmasının bir başqa səbəbi ölkədə təhsil almaq üçün uyğun şərtlərin olmasıdır. Eyni zamanda Şimali Kiprin iqlimi çox yaxşıdır. Ölkədə Ağ dəniz iqlimi mövcud olduğu üçün nə çox soyuq, nə də isti olur. Düzdür, yayda havalar bir az isti olsa da, lakin həmin aylar da tədris ilinə təsadüf etmir. Həmçinin Şimali Kipr Türk Respublikası təhlükəsiz bir ölkədir. Təssüflər olsun ki, bu gün əksəriyyət ölkələrdə təhlükəsizlik məsələsi ciddi bir problem halına gəlib. Ancaq Şimali Kipr Türk Respublikasında təhsil alan tələbələr təhlükəsizlik məsələsində ciddi bir problem yaşamırlar. Bu amil də xarici ölkə gənclərinin Şimali Kiprdə təhsil almasına səbəb olur. Bundan başqa digər səbəblər də var ki, bunların içərisində maddiyyatı da qeyd etmək olar. Bu bir danılmaz faktdır ki, valideynlər hər zaman uşaqlarının xarici ölkə universitetlərində yaxşı bir təhsil almasını istəyərlər. Ancaq o da məlumdur ki, bunun üçün də müəyyən miqdarda maliyyə vəsaiti lazımdır. Doğu Akdeniz Universiteti tələbələrə Böyük Britaniya, Amerika, eləcə də Avropanın digər nüfuzlu universitetləri kimi keyfiyyətli, yüksək səviyyəli təhsil vermək gücündədir. Ancaq Doğu Akdeniz Universitetində ali təhsil almaq heç də Böyük Britaniya, Avropanın digər ölkələrinin universitetlərində olduğu kimi baha başa gəlmir. Qeyd etdiyim təhsil ocaqlarında oxumaq üçün sərf edilən maliyyə vəsaitinin dörddə birini ödəməklə Doğu Akdeniz Universitetində yüksək keyfiyyətli təhsil almaq mümkündür. Doğu Akdeniz Universiteti dövlət universiteti olaraq tələbələr üçün təqaüd imkanları da yaradır. Tibb və əzcaçılıq fakultələri xaricində digər fakultələrdə təhsil alan azərbaycanlı tələbələrə təhsil haqqının 50 faizi qədər təqaüd verilir.
-Qeyd etdiyiniz iki fakultədə nə üçün təqaüd verilmir?
-Tibb fakultəsində tələbə sayı azdır və ona görə də həmin fakultədə təhsil alanlara təqaüd verilmir. Əzcaçılıq fakultəsində isə təqaüd tələbələrin yaxşı nəticələr əldə etməsi ilə bağlıdır. Tələbənin əldə etdiyi nailiyyətə uyğun olaraq təqaüd 50 və ya 25 faiz miqdarında verilə bilər. Digər fakultələrdə isə 50 faizlik təqaüd proqramı tətbiq edilir.
-Universitetdə təhsil haqqı təxminən nə qədərdir?
-Elə fakultələr var ki, bir az ucuz, bəziləri isə bir qədər bahalıdır. Mühəndislik fakultəsində illik təhsil haqqı təxminən 5 min dollardır. Təbii ki, bu məbləğə qalmaq və ya digər məsrəflər daxil deyil. Təxminən illik 8-10 min dollar ödəməklə yüksək səviyyədə, Doğu Akdeniz Universitetində bütün dünyada keçərli olan bir təhsil almaq mümkündür.
-Universitetdə ən çox hansı xarici ölkənin tələbəkəri təhsil alır?
-Bu gün Şimali Kipr Türk Respublikasının təxminıən 20 minlik bir tələbəsi var ki, onların yarısı demək olar ki, Türkiyə və digər ölkələrdən təhsil almağa gələnlərdir. Təxminən tələbələrin üçdə birini Türkiyədən gələn gənclər təşkil edir. Həmçinin İran və Nigeriyanın hər birindən təxminən 2 minə yaxın tələbə təhsil alır. Yaxın Şərq ölkələrinin hər birindən 300-500 arası tələbələrimiz var. Son illərdə Şərqi və Cənubi Afrikadan təhsil almağa gələn gənclərin sayında artım qeydə alınır. Bununla da Doğu Akdeniz Universiteti zəngin bir mədəniyyətin birləşdiyi təhsil ocağı halına gəlib. Azərbaycandan isə təxminən 300-dən artıq tələbəmiz var. Onu da diqqətə çatdırım ki, azərbaycanlı gənclərin universitetdə yaratmış olduğu tələbə birliyi çox aktivdir və hər il çoxsaylı tədbirlər təşkil edər, Azərbaycan tarixinin önəmli günlərini qeyd edirlər. Eyni zamanda azərbaycanlı gənclər ölkələrinin mədəniyyətini universitetdə təhsil alan 106 ölkənin gənclərinə tanıtmaq üçün müntəzəm olaraq mədəni tədbirlər təşkil edirlər.
-Universitetin professor və müəllim heyəti içərisində azərbaycanlılar da varmı?
-Əlbəttə ki, universitetin professor və müəllim heyətində dəyərli azərbaycanlı qardaşlarımız var. Universitetin ingilis dili, riyaziyyat bölümündə dərs deyən azərbaycanlı müəllimlər var. Eyni zamanda fənn ədəbiyyatı fakultəsinin dekanı azərbaycanlıdır. Türkoloq olan azərbaycanlı müəllimlərimiz universitetdə çalışırlar.
-Azərbaycanlı gənci Doğu Akdeniz Universitetində təhsil almaq üçün ilk mərhələdə hansı addımı atmalı, hara müraciət etməlidir?
-Azərbaycanlı gənclərin Şimali Kipr Türk Respublikasına gələrək ali təhsil alması çox asandır. Doğu Akdeniz Universitetinə isə azərbaycanlı gənclər iki yolla təhsil almağa gələ bilərlər. Birinci yol, Doğu Akdeniz Universitetinin Bakıdakı təmsilçiliyinə müraciət etməklə mümkündür. Universitetimizin saytında Azərbaycandakı təmsilçilərimizin adları, əlaqə telefonları var. Doğu Akdeniz Universitetinin saytına daxil olmaqla bizim Azərbaycandakı təmsilçilərimiz barədə məlumat almaq olar. Bu vasitə ilə təmsilçilərimizlə əlaqə yaradıb hər cür məlumat əldə edə bilə, təhsil almaq üçün hansı addımların atılmasının zəruri olduğunu öyrənə bilərlər. İkincisi isə, Doğu Akdeniz Universitetində təhsil almaq istəyən gənc özü də birbaşa müraciət edə bilər. İstənilən şəxs universitetin saytına daxil olaraq oinlayn müraciət formasını doldurub təhsil almaq istəyini bizə çatdıra bilər. Təbii ki, sonrakı mərhələdə ona universitetdən müsbət bir cavab məktubu göndəriləcəksə o halda hansı addımları atmağın zəruru olduğu diqqətinə çatdırılacaq. Ancaq onu da qeyd edim ki, təmsilçilər vasitəsilə müraciət etmək daha münasibdir. Çünki sonradan yaranacaq hər hansı bir sualı buradakı tımsilçilərimizə də ünvanlaya bilərlər.
-Bəs təhsil almaq üçün universitetə müraciət edən şəxsə hansı halda müsbət cavab verilir?
-Məlumat üçün qeyd edim ki, biz ildə iki dəfə, sentyabr və fevral aylarında qəbul elan edirik. Sebtyabr ayı üçün indidən müraciətlər başlayıb. Orta məktəbi bitirmək barədə əlində sənədi olanlar indidən müraciət edə bilərlər. Əlində orta məktəbi bitirmək barədə sənədi olan şəxsin dəyərləndirməsi dərhal həyata keçirilir. Ancaq məktəbi bu il bitirəcək şagirdlərin dəyərləndirməsi isə imtahanlardan sonra açıqlanacaq. Bir sözlə müraciətə müsbət cavab verilməsi imtahan qiymətlərinin yüksək olması ilə bağlıdır. İmtahan nəticələri 600 baldan yuxarı olan abituriyentlərə 100 fazilik burs verilir. Bu da universitetə heç bir təhsil haqqı ödəməmək deməkdir. Yəni, tələbəyə verilən bursun illik məbləği onun universitetə təhsil haqqı üçün ödədiyi vəsaitə bərabərdir. Bu da o deməkdir ki, burs almağa layiq olan gənclər universitetdə bir növ pulsuz təhsil alacaqlar.
-Doğu Akdeniz Univrsitetinin Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələri varmı?
-Universitetimizin Azərbaycanın ali təhsil ocaqları ilə hər zaman əlaqələri olub. Hazırda bu əlaqələri inkişaf etdirmək istiqamətində çalışırıq. Zaman-zaman Azəbaycan universitetlərindən bir qrup müəllim heyəti yay aylarında ingilis dili kursları keçmək üçün Doğu Akdeniz Universitetinə gəlir.
-Bəs bu il üçün Azərbaycan gənclərindən universitetinizə olan maraq sizləri qane edirmi?
-Əslində qane etməz və daha çox azərbaycanlı gəncin Doğu Akdeniz Universitetində təhsil almasını arzu edərik. Onu da diqqətə çatdırım ki, biz Azərbaycana gəlməsək, universitetin tanıtımını aparmasaq da, hər il müəyyən sayda gənc təhsil almaq üçün Doğu Akdeniz Universitetinə gəlir. Çünki universitetdə təhsil alan hər hansı bir azərbaycanlı gənc qohum-əqrabası, yaxın dost, tanışlarına Doğu Akdeniz Universitetinin imkanları, yüksək keyfiyyətli təhsil sistemi barədə məlumat veririlər ki, bu da nəticə etibarilə həmin şəxslərin də universitetdə təhsil almasına yol açır.
Süleyman İsmayılbəyli