Təmas xəttindəki son gərginlik münaqişənin həllinə ciddi təkan verəcək
Əlabbas Məhərrəmli: “Burada çox variant yoxdur”
8 Aprel 2016 12:43 Müsahibə"Ya vasitəçilər fəallaşaraq işğalçı Ermənistanı sülhə məcbur etməlidirlər, ya da Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"
Aprelin ilk günlərindən Ermənistanın ənənəvi təxribat hərəkətləri nəticəsində təmas xəttində gərginliyin artması və Qarabağ uğrunda yeni savaşın baş verməsi beynəlxalq birliyin diqqətini yenidən regiona yönəltdi. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də münaqişənin həlli istiqamətində müəyyən mənada fəaliyyət göstərən beynəlxalq təşkilatların dövriyyəyə girməsi tərəflər arasınbda atəşkəs razılığının əldə olunması ilə nəticələndi. Artıq bir neçə gündür ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi səylərin ortaya qoyulduğu müşahidə edilir. Hər halda ATƏT-in Minsk Qrupunun həmsədrlərin ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azəbaycana gəlməsi, eyni zamanda bu ölkənin baş naziri Dmitri Medvedevin regiona səfəri müəyyən mənada nikbin düşünməyə əsas verir. Bu arada Almaniyanın da Qarabağ probleminin həlli ilə bağlı 7 maddəlik həll planı hazırladığı barədə xəbərlərin yayılması yaxın vaxtlarda Qarabağ probleminin həlli istiqamətində ciddi dönüşün baş verəcəyinə olan ümidləri artırır. Bəs görəsən bu ümidlər özünü nə dərəcədə doğruldacaq? Ümumiyyətlə, beynəlxalq birlik, həmsədr ölkələr Qarabağ probleminin həlli ilə bağlı tərəflərə təqdim edəcəkləri həll varinatında Azərbaycanın maraqlarını nəzərə alacaqlarmı? Bu və ya digər suallarla bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbələşdik. Əlabbas Məhərrəmli "OLAYLAR"-a verdiyi müsahibədə Ermənistanın Rusiya Federasiyasından incik düşməsinin səbəbləri barədə də danışıb.
-Əlabbas bəy, təmas xəttində baş verən son hadisələrin ardınca vasitəçilərin dövriyyəyə girməsi problemin həllinə nə dərəcədə yardım olacaq?
-Bu bir danılmaz faktdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətdə olduqları müddət ərzində münaqişənin həlli istiqamətində hər hansı ciddi fəaliyyət göstərməyiblər. Onların regiona gəlişləri də haqlı olaraq, turizm səfərləri adlandırılırdı. Bu baxımdan, həmsədrlərin cəbhədəki son gərginlikdən sonra yenidən fəallaşmaları səbəbsiz deyil. Azərbaycan hər dəfə beynəlxalq ictimaiyyətə səslənəndə ki, Qarabağ münaqişəsinin tezliklə həllinə təsir göstərilsin, bu çağırışa laqeyd yanaşılırdı. Azərbaycan aprelin ilk günlərində uğurlu hərbi əməliyyatlar apardıqdan sonra onlar Azərbaycanın mövqeyinin ciddiliyini və qətiliyini qəbul etmək məcburiyyətində qalıblar. Həmsədlərin fəallıqlarını da bununla əlaqələndirərdim. Vasitəçilərin son səfərinin nə dərəcədə effektli olduğunu isə yaxın günlərdə biləcəyik.
- Bakıda səfərdə olan Rusiya xarici işlər nazirinin ətraf rayonların azad edilməsi ilə bağlı fikirləri sizcə nəyə hesablanıb və Ermənistan Rusiyanın bu istəyini yerinə yetirəcəkmi?
-Qarabağ münaqişəsinin yaranmasında və alovlanmasında Rusiyanın həlledici təsirini bilirik. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun ətraf rayonların azad edilməsi haqda fikirlərini olduğu kimi qəbul etmək çətindir. Çünki Rusiya bu məsələdə obyektiv mövqe tutsaydı öz vassalı olan Ermənistanı çoxdan sülhə məcbur edərdi. Ona görə də, hesab edirəm ki, Lavrovun yeddi rayon haqda fikirləri daha çox Rusiyanın öz maraqlarına uyğun siyasi bazarlaşmaya hesablanıb.
-Ancaq görünən odur ki, Ermənistan Rusiyadan incik düşüb. Belə ki, işğalçı ölkənin prezidenti Serj Sərkisyan Almaniya kansleri Angela Merkelə Rusiyadan şikayət etdi, İrəvanda keçirilən mitinqlərdə Rusiya bayrağı yandırıldı. Sizcə erməniləri Rusiyadan incik salan nədir?
-Son hərbi əməliyyatlar zamanı Rusiya rəsmilərinin açıq şəkildə, yaxud pərdə arxasında nə dedikləri məlum deyil. Təbii ki, onların Ermənistanın müdafiəsinə dair heç nə deməmələri erməniləri sarsıltdı. Aydın məsələdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi indiyə qədər məhz Rusiyaya arxalanaraq aqressiv bəyanatlar verirdilər və özlərini çox əmin-arxayın aparırdılar. Amma Rusiyadan bu günlərdə açıq dəstək almamaları, hətta MDB dövlətlərinin çoxunun Azərbaycanı dəstəkləyən mövqe bildirməsi erməniləri şoka saldı. Yəni ermənilərin bu çərçivədə Rusiyadan gözləntiləri doğrulmadı. Bu səbəbdən, ermənilərin Rusiyaya qarşı qəzəbi başa düşüləndir.
-Bu arada Almaniyanın problemin həlli ilə bağlı 7 maddəlik plan hazırladığı bildirilir. Sizcə, Berlinin təqdim edəcəyi bu planda Azərbaycanın maraqları nəzərə alınacaqmı?
-O sənədin detalları haqda məlumatım yoxdur. Ümumiyyətlə, mənə elə gəlir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlarda özlərinin hazırladıqları nizamlama planı - Madrid prinsipləri üzərində dayanacaqlar. Bununla belə, Almaniyanın bu təşəbbüsünün necə qarşılanacağı hələ məlum deyil.
-Ümumiyyətlə, təmas xəttində yaşanan son olaylar münaqişənin yaxın zamanlarda həllinə nə dərəcədə təkan vermiş olacaq?
- Təmas xəttindəki son gərginlik münaqişənin həllinə ciddi təkan verəcək. Burada çox variant yoxdur: ya vasitəçilər fəallaşaraq işğalçı Ermənistanı sülhə məcbur etməlidirlər, ya da Azərbaycan uğurlu hərbi əməliyatların davamına qərar verərək, öz ərazi bütövlüyünü bərpa edəcək.
Süleyman