Dini radikalizmin xüsusiyyətləri hansılardır?
20 Noyabr 2015 13:01 MüsahibəSon vaxtlar dünyada, eləcə də Azərbaycanda baş verən xoşagəlməz hallarda radikal dini cərəyanların adı hallanır. Artıq dini radikalizm dünyada qorxulu bir qruplaşma kimi qəbul olunmaqdadır. Bəs, əslində dini radikalizmin mahiyyəti, onun xüsusiyyətləri nədən ibarətdir? Müsahibimiz din sosiologiyası üzrə mütəxəss Asəf Qənbərovdur.
-Asəf müəllim, əvvəlcə dini radikalizmin mahiyyəti, mənası barəsində soruşmaq istərdik. Dini radikalizm nədir? Radikal olanla radikal olmayanı ayıran xüsusiyyətlər hansılardır?
- Siyasi nəzəriyyədə radikalizm, müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyətləri üçün işlədilən termindir. Eyni anlayışı dini birliklər üçün də işlədə bilərik. Özündən fərqli olan dini inaç və əqidələrə qarşı barışmaz mövqedə olan ekskluziv dini birliklər radikal adlandırılır. Amma radikallıq sadəcə inancla əlaqəli deyil, daha çox dözümsüz inançların fəaliyyət və davranışlarda nümayiş etdirilməsidir. Radikal birlikləri radikal olmayanlardan ayıran xüsusiyyət də burdadır. Radikal dini təşkilatlar, digər din və məzhəbə sahib olan insanları və ya bütövlükdə cəmiyyəti özlərinin qatı fundamentalist dini inançları çərçivəsində yenidən təşkilatlandırmağa çalışır. Nəticədə hakimiyyəti ələ keçirənlərin dini rəsmiyyət qazanaraq fərqli dinə mənsub insanların vicdan və etiqad azadlıqları məhdudlaşdırılır. Ümumiyyətlə dini radikalizmin, din adına törədilən terror aktlarından başlayaraq azınlıq dinlərə qarşı fiziki ya da mənəvi təzyiq göstərməyə qədər müxtəlif aspektləri əhatə edə bilər.
-Sizin fikrinizcə, dinin fundamentalist yozumu radikalizmə yol açarmı?
- Dini fundamentalizm müxtəlif mənalarda izah edilir. Buna görə də fundamentalizmlə radikallıq arasında bir əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün, bu terminin hansı mənada işləndiyinə baxmaq lazımdır. Din və dövlətin birləşməsini tələb edənfundamentalist konsepsiyalar radikallığa səbəb ola bilər. Bu halda qatı fundamentalist ideyaların həyata keçirilməsi üçün şərait yaranır. Amma dinin əsaslarını (fundamentləri) canlandırma istəkləri və ya dinin ilkin "saf" halina görə yaşama ideyaları fundamentalizm adlandırılsa da, radikalizmə aparması cox kiçik bir ehtimaldır. Bizim cəmiyyət də daxil olmaqla dünyəvi dövlət quruluşunu mənimsəyən, sekulyarlaşmış dövlətlərdə dindarlar arasında belə - şəriət qanunlarının tətbiqi kimi- fundamentalist ideyaları "istəyənlər" əhalinin çox kiçik bir qismini təşkil edir. Pyu Araşdırma Mərkəzinin 36 müsləman ölkəsində apardığı bir araşdırmada "şəriət qanunlarını dəstəkləyənlərin" Azərbaycanda ümumi əhalinin 8% təşkil etdiyi təspit edilib. Qeyd edək ki, bu rəqəm (8%) əhalinin əksəriyyətinin müsəlman olduğu 36 ölkə arasında an aşağı göstəricidir. Bu statistikaya görə, ölkəmizdəki hər 100 nəfərdən 8-nin şəriət tərəfdarı olduğu mənasına gəlsə də, onları radikal adlandırmaq zənnimizcə doğru deyil. Çünki bunların əksəriyyəti üçün şəriət qanunları fundamentalist ideyadan ibarətdir və bu ideyaları həyata keçirmə hədəfləri yoxdur. Nəticə olaraq dini fundamentalizmin təkbaşına radikalizmə yol açdığını söyləmək olmaz. Əksinə dini radikalizmin kökündə yatan əsas amilləri, daha çox iqtisadi -siyasi sistemin ədalətsiz qurulmasında axtarmaq lazımdır.
- Bəs radikalizmlə "qeyri-ənənəvilik" arasında necə əlaqə var?
-Qeyri-ənənəvi dinlərlə radikallığın tez-tez eyniləşdirildiyini görürük. Bu yanaşma yanlışdır. Dinlərin və ya məzhəblərin radikal olub-olmamasını müəyyənləşdirən onun qeyri-ənənəviliyi yox, ehtiva etdiyi (yuxarıda işarə etdiyimiz) radikal elementləridir. Bəzən ənənəvi adlandırdığız dinlərdə belə radikallaq meylləri yarana bilər. Çünki din dinamik sistemdir və cəmiyyətin inkişaf xəttinə uyğun olaraq müxtəlif durumlara adaptasiya olma qabiliyyətinə malikdir.İstənilən humanist dini görüşlər radikalizm meyllərinin artması üçün uyğun zəmin yarananda radikallaşa bilər. Buna görə də radikalizm və fundamentalizmi müəyyən bir dini ənənə ilə əlaqələndirmək də doğru deyil. Ayrıca qeyri-ənənəvi din konsepsiyası, bəzi hallarda azınlıq dinlərin etiqad azadlıqlarının məhdudlaşdırılmasına yol açtığı üçün demokratik dəyərlərə zidd ola bilər. Ümumiyyətlə bu yanaşmadan imtina etmək daha yaxşı olar. Ənənəvi və ya qeyri-ənənəvi olmasından asılı olmayaraq sadəcə radikal meylləri təbliğ edən dini ideyalara qanun çərçivəsində məhdudiyyət gətirilməlidir.
- Son olaraq soruşmaq istərdik ki, bütün bu problemlərdən çıxış yolu nədədir? Dini radikalizmdən qurtuluş yolları varmı?
-Cəmiyyətdə bir çox problemlər hər zaman olacaq; dini radikalizm də bunlardan biridir. Hərçənd ölkəmizdə ciddi dini radikalizm təhdidi olmasa da, bu təhlükənin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək lazımdır. Son zamanlarda radikalizmin qarşısını almaq üçün mötədil dini marifləndirmə aparılmasının çözüm olduğu üzərində sanki fikir birliyi yaranıb. Əlbəttə fundamentalizmə qarşı müasir cəmiyyətin tələblərinə uyğun (fundamentalist olmayan) dini marifləndirmənin aparılmasının müsbət nəticələri vardır. Amma sadəcə bu yetərli deyil. Bir az əvvəl də söylədiyimiz kimi, radikalizm daha çox siyasi sistemin zəif, rifah səviyyəsinin aşağı olduğu, milli sərvətlərin ədalətsiz bölüşdürüldüyü cəmiyyətlərdə daha sürətli və intensiv inkişaf edir. Yəni radikalizmin inkişafında dini amillə yanaşa, siyasi və itqisadi amillər də mühüm rol oynayır. Bu sahələrdə inkişaf etməklə radikalizmin yaranmasına zəmin hazırlayan şərtləri də azatlmış olarıq. Bununla yanaşı ictimai müzakirələri təşviq edərək radikal dini ideyaların əriməsinə nail olmaq mümkündür. Azad ictimai müzakirələrin getmədiyi məkanlarda dini qruplar öz içinə qapanaraq gizli fəaliyyət göstərmə yolunu seçir. Hədəfini açıq ifadə etməyən (buna zəmin olmadığı üçün) belə dini birliklər cəmiyyət həyatı üçün ən təhlükəli birliklərdir. Gizli dini qruplar adətən radikal xarakter daşıyır və üzvlərindən daha çox sədaqət və öhdəliklər tələb edir. Bunun müqabilində üzvlərindən böyük fədakarlıqlar tələb etməyən könüllülük prinsipinə əsaslanan mötədil dini birliklər daha çox rəvac görür. Əgər radikal və fundamentalist dini birliklərin də müzakirələrə qoşulmasına nail olunarsa bu prosesdə radikal dini ideyalar (tərəfdarları üzərinə ağır öhdəliklər qoyduqlarına görə) daha az tərcih ediləcək və humanist dini inanclarla "mübarizədə" əriyib gedəcəkdir.
Alim