Düşüncələrdə mürgüləyən obrazların cadusunu pozan əllər

Naqiyə Rzayeva: “Yaradıclıq elə bir prosesdir ki, daxilindən çıxmaq istədisə, onu öz rüşeymində “boğub öldürmək” olmur”

O, şəkillərin dünyasında uşaqlıqdan yaşayır. Tez-tez gördüklərini, düşüncəsindəkiləri çəkməyə başlayır, uşaq təxəyyülünün, əllərinin güc verdiyi qədər. Gah yaxşı alınır, gah da istəmədiyi kimi. Lakin, ailəsində yaradıcılığa, incəsənətə olan meyl onun gələcəkdə rəssam olması üçün bir lüks idi. Bu, onu tez-tez azyaşlı rəssamlar arasında keçirilən sərgi və müsabiqələrə aparır. Yəni, sərhədsiz düşüncəsinin qarşısını kəsəcək heç bir maneə yox idi. Orta məktəbdə oxuyarkən rəsm müəllimi Telman tez-tez onun fitri istedadının olduğunu deyirdi. Telman müəllim haqlıydı, fitri istedadı gənc rəssamın Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Bədii qrafika fakültəsinədək yolunu açır. Yüksək nəticələrlə ali məktəbə qəbul olur. Təhsil illərində aktiv formada sənətin içinə atılır. Dəzgah qrafika və qrafika üzrə çəkdiyi şəkilləri ölkə və kənarında təşkil olunan sərgilərə göndərilir. Beləliklə, ard-arda əldə edilən uğurlar Naqiyə Rzayevanın istedadlı rəssam kimi yetişməsinə vəsilə olur. Biz də fürsət tapıb onunla söhbət etmək imkanı əldə etdik. Naqiyə Rzayeva ilə onun müəllim kimi çalışdığı 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində görüşdük.

- Yardıcılığınızda hansı rəssamları özünüzə nümunə göstərirsiz?

- Bir çox dünya və Azərbaycan rəssamlarının işlərini bəyənirəm. Uşaqlıqdan onların həyat və yaradıcılıqları ilə maraqlanıram. Xüsusilə intibah dövrü rəssamlarının, məsələn, Mikelancelo, Leonardo Da Vinçi, Titian və Vasari kimi sənətçilərin əl işlərini çox bəyənirəm. Yaradıcılıqlarına xüsusi rəğbət bəslədiyim Pavel Çistyakov, Vasili Surikov kimi rus rəssamları da var. Lakin, hansısa rəssamın təsirində öz işimi görmürəm. Hər rəssamın özününəməxsus elementi, özəllikləri var ki, onları bəyənirəm.

- Dəqiqdir ki, sosial və maddi problemlərin həlli üçün rəssamlıq normal gəlir mənbəyi deyil. Digər yandan toplum olaraq, bu sahəyə bizdə maraq azdır. Belə bir vəziyyətdə, necə düşünürsüz, rəssam olmaq doğru seçim idimi?

- Rəssam olmaq istəyəndə buradan qazanacağım gəlirlər məni o qədər də maraqlandırmırdı. Pul arzularım fonunda kiçik bir nöqtəyə çevrilmişdi. Çünki, rəssamlıq daxildən gələn duyğuların adıdır. O qədər rəssam var ki, bu gün onlar tamam başqa sahələrdə çalışırlar. Rəssamlıq onlar üçün sırf yaradıcılıq və maraq sahələri kimi qalır. Lakin, mən sırf rəssam kimi çalışıram. Uzun illər Hərb Tarixi Muzeyində işləmişəm. Bu tamamilə rəssamlıqla bağlı iş olmasa da, orada yaradıcı sənətləri izləyirdik, bunların tablolarını çəkirdik, sərkərdələrimizin portetlərini işləyirdik. Bu da bir yaradıcı sənət idi.

- Bəs, fotoqrafiyanın sürətli inkişafı bu sahəyə marağı öldürmür ki? Məsələn, bu gün təşkil edilən sərgilərin böyük hissəsini fotoqraflar "işğal" ediblər.

- Əksinə, bu halın rəssamlığın inkişafına təkan verdiyini düşünürəm. Çünki, mən özüm də fotoqrafiyanı çox sevirəm. Bu sahədə çəkilən şəkillər çox maraqlı alınır. Ümumiyyətlə, yaradıclıq elə bir prosesdir ki, daxilindən çıxmaq istədisə, onu öz rüşeymində "boğub öldürmək" olmur. Fərqi yoxdur şəkillər dekorativ çəkilir, yoxsa fotoaparatlarla, əsas yaradıcılıq işinin mükəmməlliyidir. İncəsənət dili bəşəriyyətin ortaq dilidir. Məsələn, mükəmməl bir sənət əsəri qarşısında bütün insanlar eyni zövqü ala bilirlər.

- Bildiyim qədər tez-tez xarici ölkələrdə olursunuz. Rusiyada, sonuncu dəfə isə Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak etdiniz. Getdiyiniz ölkələrlə müqayisədə mövcud Azərbaycan rəssamlıq məktəbinin vəziyyəti necədi?

- Onu deyim ki, Rusiyanın rəssamlıq akademiyası çox güclü və yüksək səviyyədədir. Deyə bilmərəm ki, Azərbaycanda mövcud vəziyyət pisdir, amma dəqiq bilirəm ki, bizim xalqımız çox istedadlıdır. Onun arasında çoxlu istedadlı rəssamlar da var və yetişir.

- Bəs, "Bu gələcəyin böyük rəssamıdır" dediyiniz gənclərin içərisindən kimlərin adlarını çəkə bilərsiz?

- Belələri kifayət qədərdir. Bildiyiniz kimi Uluslarası Aktivist Sənətçilər Birliyinin üzvüyəm. Bizim tez-tez yığıncaqlarımız olanda gənc rəssamlarla görüşürük. Məsələn, orada tez-tez rastlaşdığım Şəhla Qəhrəmanlı var, onun işlərini bəyənirəm. Şəhla xanımın duyğularından gələn işləri var. Bir tələbəm də var - Bilal, keramika üzrə rəssamdı, işləri çox gözəldir. Ümumiyyətlə gənclərimizin öz istəkləri daxilində bu sahədə olduqlarına görə, gələcəkdə bunun Azərbaycanın rəssamlıq məktəbi üçün müvəffəqiyyət qazandıracağını düşünürəm. Aralarından gələcəyin rəssamlarının çıxacağından əminəm.

- Daha peşəkar və öz işlərini bilən rəssamlardan kimləri bəyənirsizni?

- Təhsil aldığım universitetdə bizimlə oxuyan uşaqlar vardı. İndi onlar əsl sənətkardırlar. Çox yaxşı işləyirlər. Məsələn, Nəvai Metinin işlərini çox bəyənirəm. O canlı çəkir, çəkəndə də yaxşı iş ortaya qoya bilir. İşlədiyimiz məktəbdə master klass keçirmişik. Nəvai Metini də ora dəvət etmişik, burada işləyib, tələbələrlə öz təcrübələrini bölüşüb. Onun gələcəyi parlaq olmalıdır.

- Əsərlərinizə duyğularınızı əlavə edirsiniz?

- Mütləq, duyğusuz sənət yoxdur.

- Bəs, sənəti daha qabarıq göstərən rənglər hansılardır?

- Hər rəngin öz dili, hekayəsi var. Ona görə də hər rəssam özünə, duyğularına daha yaxın olan rənglərə üstünlük verir. Son zamanlarda qrafika ilə işlədiyim üçün yeni rəngləri daha çox axtarıram, əsərlərimdə rəngarəngliyi qorumağa çalışıram. Amma əsas yaratdığın əsərin insanlara mükəmməl formada təqdim olunmasıdır. Mikelancelonun yaxşı sözü var, deyir, yaxşı sənətkar yalnız mərmərin içindəkini düşünür, daşın içində mürgüləyən fiqurları azad etmək üçün isə cadunu yalnız heykəltaraşın əli poza bilər.

- Ən sevdiyiniz əsəriniz hansıdır?

- Bir çox əsərimi bəyənirəm. Onlar daha çox daxili hisslərimə bağlıdırlar. Ümumilikdə isə işimi sevgi ilə görürəm.

- Xəyalınızdakı əsərinizi çəkə bilmisinizmi?

- Yəqin ki yox. Bir əsər var, onu çəkmək istəyirəm. Bəlkə də onu çəkmək üçün çox adam fikirləşib. O bizim dünyamızın ayrılmaz tərkib hissəsidir. Musiqini necə çəkmək olar? Bu mənim üçün çox maraqlıdır.

- İndi "bir şəkil çəkin" desəm, o nə olardı, ya da kim?

- Yəqin, obrazlardan birinin.

- Əsərləriniz üçün personajları haradan tapırsız? Onlar real həyatdandırlar, yoxsa xəyal gücünüzün obrazları?

- İkisindən də var. Ola bilsin, xəyal gücümə aid olanlar daha çoxdur. Ümumiyyətlə reallıq və insanın daxili dünyası vəhdətdədir, biri-birlərindən ayrı deyillər. 

- Naqiyə xanım, maraqlıdır ki, niyə qadınlar bu sahədə kişilərdən daha azdırlar. Dünya rəssamlıq tarixinin böyük hissəsini kişilər "zəbt" ediblər. Sizcə, bu, kişinin iç dünyasının, təxəyyülünün qadından daha güclü olmasıyla bağlıdır?

- Məsələ bu deyil. Qadın daha çox həssas və daxili dünyası zəngindir, nəinki kişinin. Sadəcə qadın evə, ailəyə çox bağlıdır. Məsələn, evə gedirəm və mütəmadi olaraq bir əsər üzərində işləyə bilmirəm. Çünki, mənim uşağım var, təmizlənməli evim var, yemək bişirməliyəm. Ya qadın bunlardan azad olmalı, sırf sənətlə məşğul olmalıdır, ya da uzaq durmalıdır. Kişi isə gedir emalatxanasına istədiyi kimi işləyir. Qadınları isə sənətə o qədər də yaxın buraxmırlar.

- Niyə rəssamlar çox vaxt öldükdən sonra kəşf olunurlar?

- Bəli, çox vaxt belə olur, bir çox yaradıcı adam fiziki olaraq itirildikdən sonra dəyərini tapıb. Bu, zövq məsələsi də ola bilər. Yəni, insanların zövqlərini bilmək olmur, tez-tez dəyişir. Bu gün sevmədiyini sabah ehtirasla müdafiə etməyə başlayır. Məsələn, Van Qoq öldükdən 100 il sonra üzə çıxdı. Halbuki, keçən 100 il ərzində onun çəkdiyi əsərlər dəyişməmiş, sadəcə zövqlər dəyişmişdi. Vəziyyətin belə olmasının digər səbəbi rəssamların kasıb olmaları ilə bağlıdır.

- Kasıblığın bura dəxli olmamalıdır zənnimcə... İstedadlı adam malikanədə də istedadlıdır, daxmada da.

- Məsələn, mən çəkirəm, sərgi təşkil edib insanlara təqdim edə bilməsəm, məni kim tanıyar?

- Yəni, sərgiləri az-az təşkil etməyinizin bir səbəbi də bununla bağlıdır?

- Yox, sərgilər təşkil edirik. Amma istədiyim kimi olmur. Ya ortaya maliyyə, ya da digər problemlər çıxır.

- Bura qədər danışdıqlarımıza son olaraq nə əlavə etmək istərdiniz?

- Çox istərdim ki, gördüyümüz işlərə, o qədər də tanınmayan rəssamlara diqqət artırılsın.

Xatırladaq ki, Naqiyə Rzayeva 1 ay əvvəl Türkiyədə keçirilən VIII Uluslararası Femin Art Festivalında iştirak edib. Azərbaycanı festivalda 4 nəfər təmsil edib. Fəxri qonaq qismində rəssam Nəvai Metin, üç qadın sənətçi - Naqiyə Rzayeva, Sevinc Ələsgərova və Tahirə Əliyeva. N. Rzayeva orada Uluslararası Femin Art Qadın Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi seçilib. Qeyd edək ki, beynəlxalq təşkilatın təmsilçiliyi dünyanın 20 ölkəsində fəaliyyət göstərir. Festival bu dəfə Azərbaycanda keçiriləcək.

 

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31