“Heç bir qüvvə Krımı Rusiyadan ala bilməyəcək”

Elçin Bayramlı: “Azərbaycan Krım presedentindən istifadə edərək İrəvana, Zəngəzura, Göyçəyə qarşı rəsmi iddia irəli sürmək hüququnu özündə saxlayır”

Yaxın Şərqdə İŞİD və PKK ətrafında cərəyan edən yeni proseslər fonunda sanki, Qərb Ukrayna məsələsini gündəliyindən çıxarıb. Qərbin Donbasda baş verənlərlə az maraqlanması buna dəlalət edir. Beləliklə, Şərqi Ukraynada Rusiyayla qarşıdurmada Kiyev təkbaşına qalmış kimi görünür. Prezident Pyotr Poroşenko da "Ukrayna Rusiyayla təkbaşına mübarizə aparır", deməklə bu məsələyə diqqət çəkdi. Poroşenkonun fikirlərindən gəlinən nəticə budur ki, Qərb Mixail Saakaşvilinin Gürcüstanda başına açdığı oyunun eynisini Poroşenko üçün təkrarlayır.

"Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elçin Bayramlı Qərbin Ukraynanı Rusiyayla təkbətək qoyduğunu deyir. Qərbin bununla məşğul olduğunu bildirən E. Bayramlının sözlərinə görə, öz rəqibini zəiflətmək üçün onunla qonşu ölkələr arasında münaqəşələr yaradır, həmin ölkələrin hakimiyyətini qızışdırır salır Rusiyanın üstünə, sonra özü aradan çəkilir: "2 il əvvəl Rusiya və Ukrayna arasında heç bir problem yox idi, mehriban qonşuluq və əməkdaşlıq müstəvisində yaşayırdılar. Bu ölkələrin heç vaxt bir-biri ilə problemi olmayıb. Sadəcə, Rusiyanın yenidən qüdrətlənməsi və dünyada qlobal mövqelərinin yaxşılaşması Qərbi narahat etdi və Moskvaya qarşı təxribatlar planını işə saldılar. Məqsəd məlumdur: Rusiyanı qonşu ölkələrlə düşmən edib izolyasiya etmək, iqtisadi və siyasi cəhətdən blokadaya almaq. Ukraynada Maydan hərəkatının Qərbdən təşkil olunduğu və buna yüz milyonlarla vəsait ayrıldığı məlumdur. Qərbpərəst ukraynalıların köməyi ilə yeni hakimiyyət Aİ-yə (sonrakı mərhələdə NATO-ya) üzv olaraq Rusiyanın "ağzının içində düşmən ölkəyə çevriləcəkdi. Lakin Rusiya buna imkan vermədi, Ukraynadakı ruslara və Rusiyayönümlü qüvvələrə yardım edərək yeni hakimiyyətə qarşı qüvvə formalaşdırdı. Böyük əksəriyyətinin ruslardan ibarət olduğu Krımda referendum da keçirildi Bununla da, Rusiya SSRİ dövründə Ukraynaya bağışlanmış ərazisini geri aldı. Üstəlik, Donetsk, Luqansk kimi ərazilərdə silahlı birləşmələr mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edərək, müstəqil respublikalar elan etdilər. Bununla da Ukraynada vətəndaş müharibəsi başladı və ölkənin parçalanmasının əsası qoyuldu. ABŞ və Avropa dövlətləri Ukraynaya müəyyən qədər maliyyə, hərbi texnika və peşəkar zabitlərlə yardım etsə də bu müxalifətin qüvvələrini dağıtmağa kifayət etmədi".

- Bəs, Krımı geri qaytarmaq mümkün olacaqmı? Bir də nəyə görə, "Maydan" Rusiyayönümlü qüvvələr Donbas və Krımda ayağa qalxanda buna eyni münasibəti göstərmədi?

- Krımı geri qaytarmaq mümkün olacaqmı? Təəssüf ki, xeyr. Dünyada artıq sərhədlərin toxunulmazlığı prinsipi çoxdan pozulub. Rusiya da məhz bunu bəhanə edib deyir: "Niyə sizə olar, mənə olmaz?". Əgər beynəlxalq qanunlar alidirsə, onda bu hamiya aid olmalıdır. Qərb Rusiyanın əlinə bəhanə verməməli idi. Krımı Rusiyanın əlindən artıq heç bir qüvvə geri ala bilməz. Rusiya birmənalı şəkildə bəyan edib ki, əvvəla biz vaxtilə Ukrayana bağışladığımız tarixi ərazimizi geri almışıq, ikincisi də bunu Krım xalqı demokratik səsvermə zamanı özü seçib. Yeri gəlmişkən, Azərbaycan da Krım presendentindən istifadə edərək İrəvana, Zəngəzura, Göyçəyə qarşı rəsmi iddia irəli sürmək hüququnu özündə saxlayır. 

- Baş verənlərdən belə bir təsəvvür yaranır ki, Qərb sanki Rusiyanın Şərqi Ukraynanı işğalı üçün bilərəkdən şərait yaratmışdı.

- Təbii ki, bilərəkdən yaratmışdı. Bu proseslərin hələ 4 il əvvəl Ağ Evdə hazırlandığı haqda bəzi faktlar yayımlanıb. Bu planın həyata keçirilməsi üçün əvvəlcədən müvafiq zəmin yaradılıb, mütəşəkkil qaydada lazimi qüvvələr yetişdirilib, böyük maliyyə buraxılıb. Məqsəd nədir? Rusiyanın başını öz sərhədlərində konkret çərçivədə qatıb, dünyanın başqa yerlərində təkbaşına hegemonluğu təmin etmək. Məsələn, Yaxın Şərqdə ABŞ-a tabe olmayan ölkələri məhv etmək siyasəti yürüdür. Liviyanı misal göstərmək olar. Suriyada da eyni siyasətdir. Rusiyanın Ukrayna probleminə başı qarışanda Qərb koalisiyası İŞİD-i yaratdı, Suriyada müxalif terrorçu qruplara ciddi hərbi və maliyyə yardımları etdi. Eləcə də, digər cənub-qərbi Asiya və Şimali Afrika ölkələrində tabeetmə siyasətini gücləndirdi. Eləcə də, Türkiyədə PKK-ya yardımların Qərb dövlətlərindən edildiyi məlumdur. Bu siyasətdən Azərbaycan da zərər çəkir. Lakin dövlətimiz bütün tərəflərlə balanslaşdırılmış siyasi kurs yürüdür, bərabərtərəfli və ikitərəfli əməkdaşlığa üstünlük verir və başqa ölkələrin daxili işlərinə qarışmır. Bizim həm Qərb dövlətləri, həm Rusiya, həm də Çinlə siyasi və iqtisadi əməkdaşlığımz yüksək səviyyədədir. Bəzi qlobal dairələr hər hansı bir ölkədə müxtəlif üsullarla qarşıdurma yaratmağa çalışırlar, əsasən etnik, dini, siyasi, sosial zəminlərdə. Azərbaycanda bunları heç biri üzrə qarşıdurma yaradılması imkanı yoxdur. Dövlət hətta qlobal iqtisadi-maliyyə proseslərindən xeyli itkilərə məruz qaldığı halda belə sosial proqramları ixtisar etmədi, vergilər artırmadı, əksinə, məsələn aqrar sektor üçün güzəştləri artırdı. Ümumiyyətlə hesab edirəm ki, hər hansi bir ölkənin Gürcüstan və Ukraynanın vəziyyətinə düşməməsi üçün düzgün, düşünülmüş siyasət yerildilməlidir ki, bu sahədə də Azərbaycan hakimiyyətindən nümunə götürə bilər(di)lər.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31