Avtobusdan yıxılan xalq artisti xəstəxanaya yerləşdirildi

 Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, aktrisa sərnişin avtobusundan düşmək istəyərkən yıxılıb və bərk əzilib. Onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.   Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. O, reanimasiya şöbəsində həkim nəzarətindədir. Xəstəxanadan verilən məlumata görə, Nuriyyə Əhmədova "Xalqlar Dostluğu" metrosu yaxınlığında 11 saylı sərnişin avtobusundan düşmək istəyərkən qəfil müvazinətini itirib və yıxılıb. Deyilənlərə görə, hadisə avtobus sürücüsünün qəfil əyləc sisteminə basması nəticəsində baş verib. Nəticədə xalq artisti bel və çanaq nahiyəsindən zədə alıb.

 Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31