Ramiz Quliyev solo konsert verib
Konsert “Urmiya gölü” festivalı çərçivəsində baş tutub
24 İyul 2012 14:45 MədəniyyətGörkəmli tarzən, Azərbaycanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyev Almaniyanın Haydelberq şəhərində keçirilən Beynəlxalq "Urmiya gölü" festivalında iştirak edib. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xdmətinə istinadən verdiyi məlumata görə, festival iyul ayının 6-dan 10-dək Almaniyada fəaliyyət göstərən "Urmiya gölü" Komitəsinin təşkilatçılığı ilə keçirilən və rəngarəng proqramla zəngin olan festivalda müxtəlif ölkələrdən (Belçika, Kanada, Rusiya, Almaniya, Türkiyə) dəvət olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Xalq artisti Ramiz Quliyevin solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib. Professor Ramiz Quliyev Azərbaycan klassik muğamları və milli musiqimizin gözəl nümunələri olan xalq mahnılarımızı böyük məharətlə səsləndirərək, dinləyicilərdə xoş ovqat yaradıb.
Festival çərçivəsində Haydelberq qalasına yürüş və elmi seminar da təşkil olunub.
Seminarda Almaniya parlamentinin deputatı Rahim Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Əli bəy Məhcubi, professor Ulrix Ayxelman, "Urmiya gölü" Komitəsinin üzvləri çıxış ediblər. Çıxışlarda Cənubi Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşdiyi bir daha diqqətə çatdırılıb.
Festival zamanı Urmiya gölünün tarixini və hazırkı vəziyyətini əks etdirən fotosərgi də nümayiş olunub. Qeyd edək ki, Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olunub.