“Plastik əməliyyata ehtiyacım yoxdur, hələ ki, yaxşıyam” - ƏMƏKDAR ARTİST
“Aparıcılar az qalırlar ki, ağsaqqala da dərs keçsinlər”
20 İyul 2012 16:13 MədəniyyətƏməkdar artist Xanım Qafarovanın müsahibəsi:
- Sənətə gəlməyinizdə sizə kimlər köməklik göstərib?
- İlk dəfə mən Tənqid və Təbliğ teatrında aktrisalıq fəaliyyətinə başlamışam. Görkəmli aktyor Hacıbaba Bağırov da orada çalışırdı. Sonralar Musiqili Komediya Teatrına gəldim, indiyə qədər də bu teatrda çalışıram. Sənətə gəlməyimdə Hacıbaba Bağırovun rolu böyük olub. Bunu mən heç vaxt yadımdan çıxara bilmərəm. Onu da deyim ki, heç vaxt rol sarıdan əziyyət çəkməmişəm, tamaşalarda demək olar ki, baş rollarda oynamışam. Bu barədə narazıçılığım yoxdur.
- Səhv etmirəmsə, aktrisalıqla yanaşı musiqi təhsiliniz də var...
- Bəli, musiqi təhsilim də var. Mən Musiqili Komediya Teatrının aktrisasıyamsa, oxuya da bilərəm. Bu gün 50 faizdən çox demək olar ki, müğənnilərin səsi yoxdur, onların yanında bizim teatrın aktrisaları müğənnidirlər.
- Ailə həyatınızdan nə danışa bilərsiniz?
- 4 yaşlı bir qızım var, adı Gövhərdir. Anamın adını qoymuşam. Elə olur ki, toya gedirəm qızıma anam baxır. Bununla yanaşı, baxçaya da gedir. Vaxt tapanda ilk işim onun tərbiyəsi ilə məşğul olmaq olur.
- Gec ailə qurmağınız nə ilə əlaqədar idi?
- Düzünü deyim ki, vaxtım yox idi. Çünki başım sənətə qarışmışdı. Gec ailə qurmağımın səbəbi sənətim oldu. Şükürlər olsun ki, ailəm, yoldaşım var. Ailəmdə heç nədən narazı deyiləm.
- İmicinizi dəyişməyi fikirləşirsiniz?
- Özümə çox da vaxt ayırmıram. İstər-istəməz insan yaşa dolduqca dəyişilir. Plastik əməliyyata da ehtiyacım yoxdur. Hələ ki, yaxşıyam (gülür).
- Bir aralar səhhətiniz yaxşı deyildi. İndi özünüzü necə hiss edirsiniz?
- Allaha şükürlər olsun ki, yaxşıyam. Əməliyyat keçirəndən sonra özümə gəlmişəm. Gündəlik həyatımdayam.
- Hiss edirəm ki, ünsiyyəti sevirsiniz...
- Bəli, ünsiyyəti çox sevirəm. Xasiyyətim də çox mülayim, səmimidir. Yalanla aram yoxdur, riyakar insan deyiləm. Birdə onu deyim ki, kaprizli insanları xoşlamıram.
- Yaxınlarınızdan pislik görmüsünüz?
- Bəli, görmüşəm. Mənə pislik edənlər çox olub. Amma heç vaxt pisliyi üzlərinə vurmamışam. Demişəm ki, Allah bilər. Mən bu dünyada yaxşlıqdan çox, pislik görmüşəm.
- "Səhnədə məhəbbət" sırf sizin üçün yazılan əsərdir. Siz necə səhnədə məhəbbət yaşamısınız?
- Bu əsərin müəllifi Əli Əmirlidir. Mən bu tamaşada Röya adlı qızı oynayırdım, həm müğənni idim, həm də aktrisa. Tərəf müqabilim xalq artisti Elxan Hacızadə idi. Tərəf müqabillərim rəhmətə gedəndən sonra bu tamaşanı repertuardan çıxartdılar. Həm də ki, teatrımız təmirə bağlanıb, hal-hazırkı "Dənizçilər mədəniyyət evində" səhnə kiçik olduğundan bu tamaşanı oynaya bilmirik.
- "Bacanaqlar" serialında da görürük sizi. Amma müsahibələrinizin birində yeni seriala çəkiləcəyinizi bildirmişdiniz...
- Dediyim serial mənə deyilənə görə, çəkiləcək, sadəcə, bir az zaman lazımdır. "Bacanaqlar" serialının çəkilişləri yenə də davam edir. Yəqin ki, sezona çıxacağıq. Çox gözəl serialdır. Serialdakı rolum isə tam xasiyyətimə uyğun deyil, tipajdır. Bizim televiziyalar təzə-təzə serial çəkməyə başlayıblar. Bizdə bir də bir o qədər güclü texnika yoxdur. Yenə də sağ olsunlar ki, cavan ssenaristlərimiz var. Sadəcə, onlara şərait yaratmaq lazımdır, qınamaq lazım deyil.
- Televiziyada xoşunuza gəlməyən cəhət hansıdır?
- Bir də görürsən ki, qonaq çağırırlar. Verlişin yarısını aparıcı danışır, qonağa ağzını açmağa imkan vermirlər. Əgər qonaq çağırmısansa, ona şərait yaratmaq lazımdır. Qonağa fikrini bildirməyə qoymurlar, çox laqeyid yanaşırlar. Gənc aparıcılar üçün televiziyada bir az imkan yaradılıb deyə, az qalırlar ki, ağsaqqala da dərs keçsinlər. Bu cür aparıcılar çoxluq təşkil edir. Onu da qeyd edim ki, efir həsrətində olmamışam. Daha çox sanballı verilişlərə qonaq kimi gedirəm.
- Yolda sizi görəndə necə müraciət edirlər?
- Xanım Xanım, deyə müraciət edirlər (gülür). Deyirəm, sadəcə, Xanım deyin. O qədər hörmətlə yanaşırlar ki, sağ olsunlar. Tamaşaçının gözü tərəzidir. Bizi sevən, ucaldan, tanıtdıran tamaşaçılardır.
- Toylara ehtiyac üzündən gedirsiniz?
- Həm ehtiyac üzündən, həm də oxumağı çox sevirəm. Klip çəkdirməyə isə imkan yoxdur, lap çəkdirsəm də, gərək o efirdə getsin. Onun odunu toylardan çıxarıram. Efirlərdə də qiymətlər od tutub yanır. Yalnız hansısa verilişə qonaq kimi gedən zaman oxuyuram.
- Sənət sizə nə verdi və sizdən nə aldı?
- Sənət mənə tanımadığım insanların sevgisini qazanmağı qismət etdi. Sənət mənə sənət dostları verdi. Məndən aldığı isə cavanlığım, rahatlığım və sağlamlığım oldu.
- Yay istirahətini harada keçirəcəksiniz?
- Xarici ölkəyə getməyəcəyəm, yəqin ki, gözəl kəndlərimizdən birində keçirəcəyəm istirahətimi.
- Facebook-dan niyə istifadə etmirsiniz?
- Düzü, fikrim var. Amma baş aparmamışam, bundan əlavə gərək məni başa salan da olsun (gülür). /Milli.az/