Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur. Stenddə Azərbaycan Universitetinin elmi jurnalları, professor - müəllim heyətinin nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin elmi kitabxanasında qorunan müxtəlif kitablar nümayiş etdirilir. Universitetin nümayəndələri stendin ziyarətçilərini nəşrlərlə tanış edir, kitablar, digər elmi materiallar, o cümlədən universitetin fəaliyyəti barədə ətraflı məlumat verirlər.

Sərgi çərçivəsində oktyabrın 24-də "Məhəmməd Füzuli" təqdimat zonasında Azərbaycan Universitetinin təşkilatçılığı ilə Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyevin "Geopoetika" kitabının təqdimatı keçiriləcək. Təqdimat saat 10:00-da başlayacaq. 

Azərbaycan Universiteti sərgi ziyarətçilərini universitetin stendi və nümayiş olunan nəşrlərə nəzər salmağa və "Geopoetika" kitabının təqdimatında iştirak etməyə dəvət edir.

Qeyd edək ki, dünən işə başlayan sərgi 27 oktyabr tarixinədək davam edəcək. "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunan sərgi çərçivəsində yerli və xarici yazıçılarla görüşlər, kitab təqdimatları, ədəbiyyatın təbliğinə həsr olunmuş yerli və beynəlxalq konfranslar təşkil ediləcək. Sərgidə 148 yerli iştirakçı öz stendi ilə təmsil olunur, 32 ölkədən 59 nəşriyyat və təşkilat sərgiyə qatılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31