İntiqam Yaşar Özbəkistanda Türk dünyasının ədəbi əlaqələri mövzusunda məruzə ilə çıxış edib
16:07 MədəniyyətDünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü İntiqam Yaşar Özbəkistanın Çırçıq Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.
"Türk dillərində elmi müqayisəli tədqiqatlar və metodologiya" mövzusuna həsr olunmuş beynəlxalq konfransda türk dillərinin elmi tədqiqi, müqayisəli araşdırmalar və türk xalqları arasında elmi-mədəni əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub.
Konfrans çərçivəsində İntiqam Yaşar "Türk dünyası yeni nəsil yazarları və tədqiqatçıları arasında ədəbi əlaqələr və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Türk dünyasının yeni nəsil yazarları və tədqiqatçıları arasında ədəbi əlaqələrin genişləndirilməsi, ortaq ədəbi-mədəni dəyərlərin qorunması və təbliği, qarşılıqlı tərcümə fəaliyyətinin gücləndirilməsi, gənc yazarların əsərlərinin müxtəlif türk dillərində nəşri və birgə ədəbi layihələrin həyata keçirilməsi kimi məsələlər ön plana çıxarılıb.
Özbəkistan, Qazaxıstan, Türkiyə, Qırğızıstan Respublikalarından olan elmi-mədəniyyət nümayəndələrinin iştirakı ilə baş tutan konfransda Türk xalqlarının ədəbiyyat nümayəndələri arasında davamlı əməkdaşlığın qurulması, gənc yazar və tədqiqatçıların beynəlxalq platformalarda təmsil olunması, ortaq ədəbi təşəbbüslərin dəstəklənməsi Türk dünyasının mədəni inteqrasiyasına töhfə verən mühüm istiqamətlər kimi qeyd olunub.