Madonna daha bir qalmaqalda
Ultra-sağçı "Milli Cəbhə" partiyası pop-ulduzu məhkəməyə verməyə hazırlaşır
17 İyul 2012 21:19 MədəniyyətFransada "Milli Cəbhəsi" partiyası dünyaşöhrətli müğənni Madonnanı məhkəməyə verməyə hazırlaşır. Ultra-sağçılar Madonnanın öz konsertlərində partiyanın lideri Marin Le-Penin simasında faşist embleminin peyda olmasını, daha sonra isə onun obrazının Hitlerin sifətinə çevrilməsini əks etdirən videomarxdan istifadə etməsindən hiddətləniblər. Daha əvvəl də Marin Le Pen həmin çarxın Fransadakı konsertdə göstəriləcəyi təqdirdə pop-ulduzu məhkəməyə verəcəyi ilə hədələmişdi. Lakin ötən həftəsonu Madonnanın "Stad de Frans" arenasındakı konsertində klip heç bir dəyişiklik edilmədən göstərilib."Biz məhkəməyə müraciət edəcəyik, çünki Marin Le Penin ləyaqətinə toxunulub, onunla birlikdə bütün partiyanın, bütün tərəfdarlarımızın, milyonlarla seçicilərimizin şərəfi alçaldılıb. İstənilən siyasətçi belə hərəkət edərdi, Marin Le Pen də bunu belə qoymayacaq", - deyə "Milli Cəbhə"nin sədr müavini Florian Filippo məsələyə münasibət bildirib. Pop-ulduz Madonna Fransada siyasi qalmaqala hələ iyunun əvvəllərində, sözügedən klipi İsrailin paytaxtı Təl-Əvivdə göstərdiyi vaxt səbəb olub. Həmin vaxt fransız ultra-sağçılar bəyan etmişdilər ki, "qocalmaqda olan pop-diva bu cür rüsvayçı hərəkəti ilə bir vaxtlar malik olduğu populyarlığını geri qaytarmaq istəyir".
Qeyd edək ki, dünya turnesi çərçivəsində 80 konserti planlaşdırılan Madonna avqustun 21-də Fransanın Nitsa şəhərində konsert verməyə hazırlaşır. "Milli Cəbhə" partiyasının isə Madonnaya qarşı məhkəmə işini iyulun sonunda qaldıracağı gözlənilir.