Moskvada şairə Həvva Nazimin iki yeni kitabının təqdimatı keçirildi
11:42 MədəniyyətMoskvada fəaliyyət göstərən yaradıcı ziyalıların və şeirsevərlərin iştirakı ilə şairə Həvva Nazimin iki dildə işıq üzü görmüş "Misra-misra doğuldum" (Azərbaycan dilində) və "Шёпоты" (rus dilində) adlı yeni şeir kitablarının təntənəli təqdimat mərasimi keçirilmişdir.
Təqdim olunan hər iki nəşrin ön söz müəllifi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi Afaq Şıxlıdır. Afaq xanımın kitablara yazdığı ön söz və peşəkar redaktorluq işi müəllifin poetik dünyasını oxucuya dolğun şəkildə çatdırmaq baxımından əhəmiyyətli rol oynamışdır.
Şairənin rusdilli oxucuların ixtiyarına verilən "Шёпоты" kitabının tərcüməçisi isə bu nəcib ədəbi yola yenicə qədəm qoymuş Nailə xanım Şahverdiyevadır. O, misraların ruhunu rus dilində məharətlə qoruyub saxlaya bilmişdir.
Tədbirin aparıcılığını Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, tanınmış ədəbiyyatşünas alim, dosent Abuzər Bağırov etmişdir. Abuzər müəllim özünəməxsus natiqlik məharəti və ədəbi biliyi ilə gecəni idarə edərək, Həvva Nazimin yaradıcılıq yolundan, onun hər iki dildə sözün bədii gücünü nümayiş etdirməsindən və poeziyamıza gətirdiyi yeni nəfəsdən söz açmışdır.
Bu mədəniyyət hadisəsi pedaqoq Leyla Fərəcova və Moskvada fəaliyyət göstərən ziyalı qadınların fəal iştirakı, eləcə də mənəvi dəstəyi ilə ərsəyə gəlmişdir. Tədbirdə paytaxtın tanınmış ziyalı xanımları, qələm adamları və şeirsevərlər iştirak etmişlər. Çıxış edən qonaqlar Həvva Nazimin poetik dünyasının dərinliyindən, duyğularının səmimiyyətindən bəhs edərək, hər iki kitabı yüksək qiymətləndirmişlər.
Gecədə müəllifin öz ifasında səslənən şeirlər salona xüsusi bir poetik ab-hava qatmışdır. Bu tədbir təkcə yeni kitabların təqdimatı deyil, həm də iki fərqli dilin və mədəniyyətin poeziya müstəvisində qovuşduğu bir könül coğrafiyasına çevrildi.
Tədbir, səmimi söhbətlərin davam etdiyi gözəl bir çay süfrəsi ilə sonlandırıldı. Qonaqlar çay masası arxasında ədəbi müzakirələri davam etdirərək, gecənin yaşatdığı xoş təəssüratları bölüşdülər.
Həvva Nazimi bu yaradıcılıq uğuru münasibətilə təbrik edir, ona tükənməz ilham və sözün işığında yeni zirvələr arzulayırıq!
13.10.2026.
Moskva